Amerika siyasətinin “Kerri faciəsi”

Amerika siyasətinin “Kerri faciəsi”
12:53 6 Oktyabr 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsindən danışan ABŞ dövlət katibi Con Kerrinin “liderlər buna hazır deyil” açıqlaması bir sıra məsələləri yenidən gündəmə gətirdi. Çünki aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan intensiv danışıqlar fonunda Kerrinin bu açıqlaması təəccüb doğurmaya bilməzdi.

Bu ilin 16 may tarixində Vyanada elə Con Kerrinin özünün və ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri görüşdü. Ardınca Vyana razılaşması çərçivəsində iyunun 20-də Sankt-Peterburq görüşü keçirildi. Ortada ciddi irəliləyişlərin olduğu haqda informasiyalar var. Məhz bu baxımdan, Kerrinin “liderlər hazır deyil” açıqlaması suallar yaradır.

- Aprel döyüşlərindən sonra Ermənistanın konstruktiv mövqeyə gətirilməsi üçün ciddi addımlar atıldı. Bu, münaqişənin həlli, yəni Azərbaycanın ərazi bütövlüyünün həlli istiqamətində irəliləyişin olması deməkdir. Xüsusilə Rusiyanın prosesə müdaxiləsi ilə Ermənistan buna məcbur edilir. Və belə bir vaxtda ABŞ kimi super dövlət olmağa iddialı ölkənin xarici siyasətini kurasiya edən şəxs “liderlər hazır deyil” kimi həm heç bir məntiqi olmayan, həm də danışıqlar prosesinin ruhuna zidd açıqlama verir. Burada Kerrinin vətənindəki erməni lobbisinin fəaliyyət konturları aydın görünür.

Con Kerrinin siyasi karyerası boyunca erməni lobbisi ilə sıx təmasları da bunu sübut edir. Və bu təmasların tarixi 30 ildən artıqdır.

Kerrinin erməni lobbisi ilə yaxınlığının tarixi 1983-cü ildən başlayır. Həmin vaxt o, Masseçusets ştatının qubernatoru, anti-türk baxışları ilə ad çıxarmış Maykl Dukakisin köməkçisi idi.

O vaxtdan başlayaraq, 30 illik fəaliyyəti dövründə Kerri erməni maraqlarını Amerika milli maraqları kimi təqdim etmək siyasətini izləyib.

1990-cı il 20 yanvar hadisələri ərəfəsində Qorbaçova müraciət ünvanlayaraq, “160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini” önə çəkən senatorlar arasında da Con Kerrini görürük.

Sizdən xahiş edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər zorakılıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik ki, sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Orada zəlzələ zonasında çoxlu sayda amerikalı və digər xaricilər işləyir. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız”, - deyə Qorbaçova ünvanlanan məktubda deyilirdi.

Həmin məktubun altında məhz Kerrinin də imzası var idi. Bu siyasətin davamı olaraq, o, 1992-ci ildə erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouenslə birlikdə Azadlığı Müdafiə Aktına “907-ci düzəlişi” irəli sürüb və bunun qəbul edilməsinə nail olub.

Con Kerri senator olduğu dövrdə qondarma “erməni soyqırımı”nın tanınması üçün sözün hər mənasında əlindən gələni edib.

2004-cü ildə Demokratlar Partiyasının prezidentliyə namizədi olanda “erməni soyqırımı”nı tanıyacağına dair verdiyi vəd.
2005-ci il aprel ayının 23-də ABŞ-ın 32 senatoru və 175 konqresmeni ilə birgə prezident Corc Buşdan aprelin 24-də “erməni soyqırımı”nın tanıması tələbi.


Lakin hər şey bununla bitmir. 2008-ci il sentyabrın 26-da ABŞ senatorları Robert Menendez və Con Kerri ABŞ-ın Türkiyədəki gələcək səfiri Ceyms Ceffridən qondarma “erməni soyqırımı”nı tanımağı tələb ediblər.

Con Kerri senatorluqdan Dövlət katibi postuna keçsə də, erməni təəssübkeşliyini unutmadı. 2012-ci il sentyabrın 5-də onun Ramil Səfərovun azad olunmasını pisləyərək, bundan “şoka düşdüyünü” deməsi də amerikalı diplomatın kimə xidmət etdiyini göstərdi.

Həmin tarixdən bir il sonra – 2013-cü ilin 5 mayında o, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşərkən, “Mənim çoxlu erməni dostlarım var. Uzun illər mən dostlarımla Ermənistanda bir sıra müxtəlif məsələlər üzərində işləmişik” deməsi də dəlillərin siyahısını genişləndirir.

30 illik siyasi fəaliyyətini “erməni sevgisi” üzərində quran Con Kerri anti-Azərbaycan mövqeyini də heç vaxt gizlətməyib.

Onun kabinetinin Azərbaycanla mübarizə üçün qərargaha çevrilməsi haqda faktlar da bunu təsdiqləyir.

ARAŞDIRMA: Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası



Con Kerrinin bu fəaliyyəti fonunda “liderlər hazır deyil” açıqlamasının əslində, erməniləri düşdüyü vəziyyətdən çıxarmaq məqsədinə xidmət edir. Bununla o, danışıqlar prosesini pozmaq və aprel döyüşlərindən sonra yaranmış yeni reallığı alt-üst etmək istəyir.

Amerika siyasətinin “Kerri faciəsi”: 30 ildir diplomat donuna girmiş bu amerikalının öz ölkəsinin milli maraqlarını erməni maraqlarına qurban verməsi ABŞ siyasətinin əsil “faciə” yaşadığını deməyə əsas verir.

Asif

Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR