"Facebook"un məşhurlaşdırdığı səs - REPORTAJ

"Facebook"un məşhurlaşdırdığı səs - REPORTAJ
11:24 10 Oktyabr 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl məlahətli səsi ilə bu mahnını ifa etdi, telefon vasitəsilə görüntülədi. Hər şey "Facebook" sosial şəbəkəsində dostunun paylaşımından sonra başladı. O, bir anda demək olar ki, hər kəsin sevimlisinə çevrildi. Adını isə ikinci mahnısından sonra bildik. Söhbət son günlər haqqında ən çox danışılan Çinarə Məlikzadədən gedir.
 
Gənc istedad APA TV-nin qonağı oldu. Biz də onunla daha yaxından tanış olmaq imkanı qazandıq.
 
Çinarə Məlikzadə 1990-cı il oktyabrın 11-də Bakıda anadan olub. Hələ kiçik yaşlarında anası əlindən tutub onu məşhur uşaq mahnıları bəstəkarı, xalq artisti Oqtay Zülfüqarovun yanına aparıb. Beləliklə, uzun yolun ilk addımı atılıb. Yeri gəlmişkən, Çinarə Oqtay Zülfüqarovun saysız-hesabsız mahnılarını ifa edib. Ailəsində musiqiçi yoxdur, özü isə 5 illik musiqi məktəbinin fortepiano sinfini bitirib: “3-4 yaşından uşaq bəstəkarı Oqtay Zülfüqarovun yanına getmişəm. Bir çox müsabiqələrdə iştirak etmişəm - “Pöhrə”, “Yeni ulduz”. Ən son “O Ses Türkiye” müsabiqəsində iştirak etmişəm”.
 
Soruşduq ki, uşaq vaxtı ifa etdiyi mahnılardan yadında qalanı varmı? Cavab müsbət oldu. Hətta Çinarə o mahnılardan birini ifa da etdi.
 
O ki qaldı, ali təhsilə, 2012-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin estrada aktyorluğu fakültəsini bitirib. İndiyə qədər yalnız bir - “Addım” adlı qısametrajlı filmdə çəkilib. Lakin musiqiyə olan həvəsi onu hər zaman bu aləmə çəkib. Azərbaycanda geniş auditoriya onu ilk dəfə “Yeni ulduz” müsabiqəsində görüb, tanıyıb: “Yeni ulduz”” müsabiqəsinə həvəsim var idi. Yaşım az olduğuna görə uyğun gəlmirdim. Elə gedəndə də yaşım az idi. Hardasa 15-16 yaşım olardı. Məndə həyəcan çoxdur. Həyəcana qalib gələ bilmirəm. O müsabiqədə də hər dəfə səhnəyə çıxanda həddən artıq həyəcanlanırdım, özümü ələ ala bilmirdim. Səhnəyə çıxanda çox həyəcanlanıram. Özümdən asılı deyil. Repertuar qarışıq idi. İlk həftə Manana xanımdan ifa etmişdim. Uğurlu həftəm yadımdadır - Sezen Aksudan “Minik serçe”ni ifa etmişdim. O zamanlar məni o mahnı ilə tanıdılar”.
 
Çinarə lirik mahnıları daha çox sevir. Məhz həzin nəğmələr ona özünü ifadə etməyə kömək edir: “Repertuarıma ancaq lirik mahnılar daxildir. Qəmgin mahnıları çox sevirəm. Hərəkətli mahnılarla aram yoxdur. Uşaq vaxtından beləyəm. Türk filmlərinə baxırdım, qəmgin mahnılar səslənirdi. Uşaq idim, amma ağlayırdım”.
 
“O Ses Türkiye” yarışmasındakı iştirakına gəlincə, deyir ki, oraya sırf iştirak məqsədilə getməyibmiş. Amma dostları onu həvəsləndirdikdən sonra şansını sınamağa qərar verib: “Universitetdən yoldaşlarım qatıldı. Mən də onları dəstəkləmək üçün getdim. Ümumiyyətlə, bu müsabiqədə iştirak etmək fikrim yox idi. Hazır deyildim. Həm də həyəcanlanmaqdan ehtiyat etdim. Dostların təkidi ilə iştirak etdim. İnanmazdım ki, məni qəbul edərlər.  Bir müddət sonra Türkiyədən zəng gəldi - “müsabiqədən keçmisiniz, biletinizi alacağıq, gəlin” dedilər. Şok keçirdim. Ciddi yanaşmamışdım müsabiqəyə. Beləliklə, getdim”.
 
Çinarə Məlikzadə müsabiqədə 2 həftə iştirak edir, lakin növbəti mərhələyə keçə bilmir və vətənə dönür. Gözəl səsi, istedadı olsa da, müsabiqələrdə iştirak etsə də, Çinarə istədiyi kimi uğur qazana bilmir. Lakin bir müddət əvvəl məşhur “Gedək üzü küləyə” mahnısını ifa edir, onun videoyazısını da dostuna göndərir. Məhz bundan sonra hamı onu tanımağa başlayır. Belə ki, dostu onun bu ifasını sosial şəbəkədə paylaşır: “Belə bir şey etmək istəyirdim. Daha doğrusu, mən gitara ilə istəyirdim. Amma gitara ifaçısı tapa bilmədim. Özüm də ifa edə bilmirəm. Elə oldu ki, mahnını ifa edib dostuma göndərdim. O da paylaşdı. Yəni nə etdisə, o etdi. Mənə qalsaydı, paylaşmazdım. Bir az mükəmməlçiyəm. Belə alındı. Evdə rahatlıqdır. Təbii olur. Sadəliyi sevən insanam. Özüm də gözləməzdim bu qədər seviləcəyini, çox mesajlar gəlir. Hər kəsə təşəkkür edirəm”.
 
Günlərdir onun paylaşımları izlənir. Yeni ifalarını çox sayda insan bəyənir və paylaşır. Çinarə deyir ki, hər gün dostluq təklifləri gəlir. Mesajlar o qədər çox olur ki, hər kəsə cavab yazmağı çatdırmır: “Mən indi başa düşürəm ki, populyar müğənnilər nəyə görə mesajlara cavab vermirlər? Çalışdığım qədər cavab yazıram. Xarici ölkələrdən də yazırlar. Türklər deyirlər ki, hər yerdə Azərbaycan mahnılarını axtarırıq. Əsasən yeni mahnılar istəyirlər”.
 
O ki qaldı, işgüzar təkliflərə, o da var. Çinarə ifaçılıqla ciddi şəkildə məşğul olmaq, böyük səhnələri fəth etmək istəyir. Təklif demişkən, ona kinoda çəkilmək də təklif olunub. Bu yaxınlarda Kiprə səfəri də var. Çinarə Məlikzadə yeni mahnılar təqdim edəcək. Sonda isə hələ ki, paylaşmadığı mahnısını bizim üçün ifa etdi.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR