"Pulunu almayanda insan kefsiz olur" - Elxan Abdullayev

"Pulunu almayanda insan kefsiz olur" -   Elxan Abdullayev
14:17 13 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin çalışdırıcısı, eyni zamanda milli komandanın məşqçisi olan Elxan Abdullayev futbolinfo.az saytına müsahibəsi:


- “Neftçi”nin heyəti siz gələnə qədər necə görünürdü, gəlişinizdən, komandanın daxilində olmağınızdan sonra necə görünür?


- Deməzdim ki, mən gələndən sonra oyun mənasında xüsusi bir dəyişiklik olub. Çünki biz mövcud materialdan istifadə edirik. Axı komandaya yeni futbolçular transfer etməmişik. Böyük proqress yoxdu. Əvvəldən demişdim ki, birdən-birə böyük dəyişikliklər etmək doğru olmazdı. Çünki hələ çox iş görülməlidi. Bunun üçün də vaxt lazımdı. Düşünürəm ki, yavaş-yavaş vəziyyəti düzəldəcəyik. Birinci növbədə, komandanın psixoloji durumunu qaydasına salmaq, əhval-ruhiyyəni qaldırmaq lazım idi. Məncə, bu, artıq normal səviyyədədi. İndi bir az oyun planını irəli çəkmək lazımdı. 


- Komandanın psixoloji vəziyyətini düzəltdiyini qeyd etdiniz. Bəs fiziki hazırlıq? Açıq-aşkar görünür ki, komanda fiziki cəhətdən tam hazır deyil, 90 dəqiqə eyni səviyyədə oynaya bilmir... 


- Düzdü, əksər futbolçular fiziki cəhətdən hələ tam hazır deyil. Konkret adlarını çəkmək istəmirəm. Amma bu söz komandanın 90 faizinə aiddi. Həmin futbolçular indiki vəziyyətdə verdiyim tapşırıqları yerinə yetirə bilmirlər. Bu da fiziki hazırlığın ideal vəziyyətdə olmamağı ilə bağlıdı. 


- Demək olar ki, nəzərdə tutduğunuz futbolçular fiziki planda verdiyiniz tapşırıqları qış fasiləsinə qədər yerinə yetirə bilməsələr, onlarla müqaviləyə son qoyulacaq və ya əvəzedici heyətə göndəriləcəklər, yəni əsas heyətdə həmin şəxsləri görməyəcəyik?


- Axı bu, futbolçunun günahı deyil. Kondisional keyfiyyət elə bir şeydi ki, çempionatın gedişində də artırmaq olur. Buna görə də, indidən hansısa futbolçunu kondisiya baxımından geri qaldığına görə qınamaq istəmirəm. Bunun obyektiv səbəbləri var. Məndən əvvəl olan məşqçiləri müzakirə etmək fikrim yoxdu. Mənə görə, futbolçuların indiki fiziki hazırlığı qaneedici səviyyədə deyil. Amma fiziki hazırlığın aşağı olmağına görə futbolçuları cəzalandırmalı və ya onlarla müqaviləyə xitam verməli deyilik. Sözləşməyə vaxtından əvvəl son qoymaq həmin futbolçuya təzminat ödəmək deməkdi. Bununla nə əldə edə bilərsən? Əlimdəki materialın yaxşı və ya pis olduğunu deyə bilmərəm, amma var. Onlarla işləmək lazımdı. İstənilən materialla hansısa uğur əldə etmək mümkündü. 


- Millinin heyətinə “Neftçi”dən 2 futbolçu – Araz Abdullayev və Rəhman Hacıyev cəlb olunmuşdu. Demək olar ki, heç olmasa bu oyunçular fiziki planda yaxşı vəziyyətdədirlər? 


- Onlar millinin futbolçularıdırlar. Təbii ki, digərlərini üstələyirlər. Əgər onlarda hər hansı çatışmazlıq olsaydı, yığmaya çağırılmazdılar. 


- Bu günlərdə “Neftçi”nin heyətinə 3 legioner baxışa cəlb olunmuşdu. Onlarla bağlı yekun qərarı vermisizmi?


- Birincisi, onları hələ görməmişəm. Çünki neçə gündü yığmanın düşərgəsindəyəm. Düzdü, “Sumqayıt”la yoldaşlıq matçında həmin futbolçular iştirak ediblər. Qayıdandan sonra köməkçilərimlə bu barədə danışacam və barələrində məlumat toplayacam. 


- Özünüz də həmin futbolçuları yoxlayacaqsız, yoxsa köməkçilərinizin rəyinə əsasən, qərar verəcəksiz?


- Əlbəttə ki, özüm də baxacam. Onlara bir qədər vaxt verəcəm. Heç olmasa, 1 həftə vaxt lazımdı. Həftənin sonuna kimi, yekun qərarımı açıqlayacam. 


- Son turda “Kəpəz”ə qalib gəldiniz. Amma razılaşaq ki, bir qələbə ilə iş bitmir. Komandanın psixoloji hazırlığını artırdığını dediniz. Bəs futbolçular belə düşünməyə əsas verirlər ki, onlar nə uğrundasa mübarizə apara bilərlər?


- Tamamilə. Birincisi, psixoloji hazırlığın gücləndirilməsi mənasında komandada böyük iş görülüb. Klubun futbolçulara borcu var idi. İndi isə bu borc yoxdu, hamısının pulları ödənilib. Buna görə də, oyunçular yaxşı əhval-ruhiyyədədirlər. Əvvəl bu, onlara mane olurdu. Pulunu almayanda insan kefsiz olur. Amma bir neçə gün öncə bütün borclar ödənilib. Düşünürəm ki, bu, böyük işdi. Razıyam, “Kəpəz”lə oyundan sonra heç bir eyforiyadan söhbət gedə bilməz. Ötən matçda qalib gəldiyimizə görə özümüzü qəhrəman saya bilmərik. Bu, uzun yolun başlanğıcıdı. 


- Son vaxtlar azarkeşlərin “Neftçi” ilə münasibəti gərginləşib. Bununla bağlı hansısa planınız varmı?


- Baş məşqçi kimi məni də bu məsələ narahat etməyə bilməz. “Neftçi”yə gəlişimdən 3 gün sonra azarkeşlərlə görüşüm oldu. Uzun müzakirə apardıq. Azarkeş futbolu sevir və öz komandasından yaxşı nəticə gözləyir. Onlar bunu tələb etməkdə haqlıdırlar. Azarkeşlərimiz son vaxtlardakı uğursuzluqlara baxmayaraq, yenə gəlib dəstək olurlar. “Kəpəz”lə oyunda da bizi dəstəklədilər. Məncə, qələbələr qazandıqca stadiona daha çox “Neftçi” fanatı gələcək. Hər şey nəticədən asılıdı. Onlar bizdən qələbə gözləyirlər. 


- Qışda “Neftçi”də sərt bərpa prosesi gedəcəkmi?


- Sərt bərpa prosesi deyəndə nəyi nəzərdə tutursuz? 


- Məsələn, komandaya yüksək səviyyəli futbolçuların gətirilməsi...


- Təbii ki, komanda mütləq güclənməlidi. Bununla demək istəmirəm ki, kimlərisə göndərəcəyik. Hər bir oyunçunun bizimlə müqaviləsi var. Amma vəziyyətdən çıxmaq üçün komandanı gücləndirmək lazımdı. Bununla sağlam rəqabət yaratmaq olar. Hər mövqeyə yüksək səviyyəli oyunçular olanda güclü rəqabət gedir. Futbolda ən vacib məqamlardan biri də məhz rəqabətdi. 


- Rəhbərliklə bu barədə danışığınız olubmu?


- Tələsmirəm. Təbii ki, danışmışıq və rəhbərlik də başa düşür ki, güclənmə getməlidi. Amma konkret məqamlarla bağlı hələ söhbətimiz olmayıb. Qışı gözləyək, onda danışacağıq. 


- Eyni anda “Neftçi” və milli komandada çalışmaq sizə çətin deyil?


- Mənim yaşım elə də çox deyil ki, fiziki mənada çətin olsun. Millidə çalışmaq hər bir məşqçi üçün ən şərəfli işdi. O ki qaldı klubda işləməyə, çox şadam və qürur hissi keçirirəm ki, “Neftçi” kimi komandanın baş məşqçisiyəm. Bu il millinin 1 toplanışı qaldı, o da Şimali İrlandiya ilə matçdan əvvəl olacaq. Ondan sonra isə fasilə yaranacaq. Bundan istifadə edib, bütün vaxtımı “Neftçi”yə sərf edəcəm. Millidə çalışmaq klubdakı işimə mane olmur. “Neftçi”dəki köməkçilərimə tam güvənirəm. Əvvəldən plan qurmuşuq və hər şey plan üzrə gedir.




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotpulunu-almayanda-insan-kefsiz-olurquot-t53311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR