Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Küplə qızıl saxlayan, gəlinin başına min oyun açan gəncəli məşhurlar - FOTO/VİDEO

Küplə qızıl saxlayan, gəlinin başına min oyun açan gəncəli məşhurlar - FOTO/VİDEO

Date: 14 October 2016 15:58

“Gəncədən gəlirəm, yüküm Xurmadı, Gəncənin yolları burma-burmadır…”. Bu məşhur mahnını təsadüfən züm-zümə etmədim. Yolumuz qədimdən də qədim Gəncəyədir - Cavadxan yurduna.

Azərbaycanın bu qədim şəhərinin tarix boyu keçdiyi yol o qədər də hamar olmayıb. Üç dəfə adı dəyişdirilib. 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də 1935-cü ilin fevralında yenidən dəyişdirilərək “Kirovabad” adlandırılıb. 1989-cü ildə qədim adı bərpa edilib. Gəncə məşhurları ilə həmişə öyünüb, elə bu gün də ziyalıları ilə fəxr edir.

Beləliklə, Publika.az-ın “Haralısan” layihəsində bu dəfə Gəncədən danışacağıq. Amma mən çox danışmayım, gəncəli məşhurlar özləri Gəncəni tərif etsin, biz də eşidək …

“Gəncədə oğul evləndirəndə qızın yeddi arxa dönənini yoxlayardılar”

Kubra Əlyeva, aktrisa, Xalq artisti:

- Gəncə camaatı qonaqpərvərliyi, dadlı mətbəxi, ziyalı insanları ilə tanınıb. Gəncədə əvvəllər insanları yaşadıqları məhəllə, mülk, dölmələrə (döncə - C.) görə tanıyıblar. Gəncədə heç vaxt kiminsə mülkünü küçəylə tanımamışıq. Məsələn, deyirdik ki, Daşdəmirin dükanının yanı, “Molla Cəlilli”, “Hamamın küçəsi”, “Univermağın yanı” və s. Məsələn, mən “Dörd yol”lu qızıyam. Mülkümüz “Qlavnı astanovka”nın yanında idi. Gəncəlilərin həmişə ləqəbi olub. Atam tarix müəllimi idi, amma 7 uşağı dolandırmaq üçün çörək mağazasında satıcı işləyirdi. Buna görə də atama “çörəkçi Ağa” deyirdilər.

Gəncəlilər keçmişdə gələcəkləri üçün qızıl onluq və xalı-xalça alıb saxlayardılar. Qızıl onluğu küpələrə yığırdılar, özü də Nikolay onluqlar. Anamın da qızıl onluqları vardı. O qızılları və xalçaları satıb uşaqlarını oxudardılar, cehiz alardılar. Gəncədə oğul evləndirəndə qızın yeddi arxa dönənini yoxlayardılar. Əvvəlcə arvadlar yığışıb qonum-qonşudan, qohum-əqrəbadan soruşardılar ki, filankəsin qızı necə qızdır? Anasına baxardılar, əgər ana yaxşı gəlin kimi ad çıxarırdısa, onun qızını alardılar. Bir adət də vardı, qız verəndə ağsaqqallar yığışıb qızın cehizinin siyahısını tutardılar. Süpürgədən tutmuş, mebelinə qədər. Gəlinimizin cehizinin siyahısı indi də mənim arxivimdədir. Hərdən zarafatla o siyahını çıxarıb özünə göstərirəm.

Gəncə xanımlarının əli dadlı olub, onların bişirdiyi xörəyin ətri bütün məhəlləyə yayılıb. Mən dünən plov bişirmişdim, bloka girəndə öz plovumun ətrini hiss etdim. Gəncədə də belədir, bişirilən plovun, dolmanın, dovğanın ətri uzaqdan adamı vurur.

Bizlərdə Novruz bayramı xüsusi qeyd olunub. Bir gün qonşu Suğra, bir gün Şövkət, bir gün Səfura xalagil paxlava bişirərdi. Anamın paxlava kəsən bıçağı vardı, bütün qonşuların paxlavasını o kəsərdi. Hamı çağırırdı ki, ay Şəkər, paxlavam hazırdır bıçağını götür, gəl kəs.

Gəncə camaatında bəyənmədiyim bir xüsusiyyət var, yasda da, toyda da çox israfçılıq edir. Anam rəhmətə gedəndə dedim ki, təkcə plov bişiriləcək, arvadlar cumdu üstümə ki, bura Bakı deyil e, tək plovla yası yola verəsən. Dolma da bişirdilər, plov da, firni də. Üstəlik şirniyyatlar da hazırlayıb, yasa gələnləri yola saldılar. Amma bu gəncəlilərin adətidir, mən illər boyu qorunan adətlərə qarışa bilmərəm.

“Mən doğulanda anam deyib ki, əgər bu da…”

Rövşən İsax, rejissor:

- Uşaqlığım Gəncədə keçib, 18 yaşına qədər orada yaşamışam. Gəncəylə bağlı bir milyon xatirələrim var, bilmirəm hansını danışım. Sakit, tərbiyəli, ağıllı uşaq olmuşam. Uşaqların ortancılıyam, böyük qardaşım çox dəcəl olub, mən doğulanda anam deyib ki, əgər bu da Asif kimi olsa, vay mənim halıma. Rəhmətlik anam həmişə mənim məktəb iclasıma bəzənib-düzənib gedirdi. Deyirdi ki, bilirəm, Rövşəni müəllimləri tərifləyəcək. Kiçik yaşlarımdan incəsənətə meyl göstərmişəm.

Gəncədə dram dərnəyinə gedirdim. 7-ci sinfə keçəndə İlk dəfə həmin dərnəyin səhnəsində çıxış elədim. Necə həyəcanlanmışdımsa, xəstələndim, yayın istisində 41 dərəcə qızdırmam oldu. Dediyim kimi 8 yaşımdan Bakıydayam, amma hələ də ləhcəylə danışıram. Gəncəlilərlə bağlı maraqlı bir lətifə də var. Kiril əlifbasından latın əlifbasına keçəndə deyirlər ki, gəlin, “j” hərfini ləğv edək. Gəncəlilər ayağa qalxır ki, bəs “j” hərfini çıxarsanız, bajı sözünü necə yazacağıq? Çox işlətdiyimiz bir söz var: Qadan alım.

Deyirlər gəncəlilər çayxor olub, mən də gün ərzində çoxlu çay içirəm. Bizim evdə iki çaynik var, çünki biri bəs eləmir.

“Dedi ki, yox, mən Gəncəsiz qala bilmərəm”

Aybəniz Haşımova:

- Gəncə mənim canımdır, qanımdır. Xoşbəxtəm ki, Gəncədə Şahnaz xanım kimi bir sənətkarın qucağında böyümüşəm. Gəncədən ayrı həmişə darıxmışam. Yadımdadır ki, atam məni Bakıya yola salanda uşaq kimi hönkürüb ağlayırdım. Gəncəyə qayıdanda isə elə bilirdim mənə dünyanı verirlər. Mən Bakıya ulu öndərin dəstəyi ilə gəlmişəm. Hələ “Göygöl” ansamblında çıxış etdiyim vaxtlarda məni sevib tanıyırdılar. Səhnədə məni hədiyyələr, gül-çiçək dəstələrinə qərq edirdilər. Bu gün də belədir. Mən Gəncə ilə fəxr edirəm.

Bacım Şahnazın da adından danışmaq istəyirəm. Şahnaz xanım Gəncəyə o qədər bağlı olub ki, heç vaxt Gəncəni tərk etməyib. Baxmayaraq ki, dəfələrlə onu Bakıya - “Azkonsert” və Filarmoniyaya solist kimi çağırıblar, o, imtina edib. 15 il əvvəl mən ona dedim ki, gəl Bakıya, burada fəaliyyətini davam etdir, dedi ki, yox, mən Gəncəsiz qala bilmərəm. Hətta məni də Gəncəyə çağırdı, dedi ki, sən də gəl burada fəaliyyətini davam elə. Şahnaz xanım Gəncəni canı-qanı qədər çox sevən vətənpərvər bir xanımdır.

“Hədsiz dərəcədə səbirsiz və çılğın…”

Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, rejissor:

- Mən köklü gəncəliyəm. Atam-babam Gəncənin məşhur “Bağbanlı” məhəlləsindəndir. 9 yaşımdan Gəncədən çıxmışam. Gəncəyə ilk dəfə məqsədli şəkildə səfərim Cavad xanla bağlı olub. Cavadxan haqqında sənədli film çəkmək üçün Şah Abbas məscidinə getdim. Cavadxanının bayrağa bükülü məzarını tapdım və sənədli film çəkdim. İkinci səfərim isə Əhməd Cavadla bağlı olub. Atam Gəncə deyə-deyə dünyasını dəyişdi. Gəncə mənim doğulduğum torpaq, ata-babalarımın məskəni olan yer kimi doğmadır. Amma Gəncə mənə həm də nisgil, kədər gətirən bir yerdir. Çünki doğmalarım indi orada yoxdur. Gəncəli olduğum genetikamda da özünü göstərib, sifət cizgilərim də gəncəli olduğumdan xəbər verir. Gəncəlilərin özünəməxsus sifət quruluşları var - yumrusifət, yanaqları batıq olurlar, bu da yəqin qızılbaşlardan gələn əlamətdir. Gəncəlilər hədsiz dərəcədə səbirsiz və çılğın olurlar ki, bu xüsusiyyət də məndə var.

“Gələjəm, maa ver, olufdu”

Gültac Əlili, Musiqili Teatrın aktrisası:

- Gəncə doğulub boya-başa çatdığım, hər zaman xoş xatirələrlə ana biləcəyim, ən əsası həyatımın özəyi olan valideynlərimin hazırda yaşadığı şəhərdir. Hər dəfə ora gedəndə elə bil yenidən doğuluram. Şəhər təmiz havası, qonaqpərvər insanları, sakitliyi ilə inanın ruhunu oxşayır. Tam səmimi deyirəm ki, əgər tutarlı bir iş təklifi gəlsə, sevə-sevə hər şeyi atıb, gedib Gəncədə işləyərəm. Mənim həyat yoldaşım da Gəncəni mənim qədər sevir.

Bir xatirə danışım. Bilirsiniz də, gəncəlilərin özlərinə məxsus ləhcələri var axı. Deməli, İnstituta-dərsə gəldiyim ilk vaxtlar idi.

Səhnə danışığı dərsi keçirdik. Mən başladım danışmağa ki, “gələjəm, maa ver, olufdu”, müəlliməmiz Kəmalə xanım susdurdu. Dedi ki, ay qız, sən neynirsən, Gəncədəsən? Olmaz belə. Buna görə birinci semestr imtahanında dörd aldım. Amma sonradan ləhcə ilə danışmadığım üçün 5 aldım. Hətta indi də haradasa gəncəli görəndə dilim çönür. O dəqiqə həyat yoldaşım Hüseyn deyir ki, nooldu, Gültac?

“Utandığımdan yer yarılsaydı, altına girərdim”

Elməddin Cəfərov, aktyor:

- Əvvəllər Gəncə ləhcəsində danışanda hamı elə bilirdi ki, kimisə parodiya edirəm. Başlayırdılar gülməyə. Onlara başa sala bilmirdim ki, bu, mənim təbii ləhcəmdir. Gəncənin həyat tərzi xoşuma gəlir. İnsanlar sakit axtarışı ilə xarici ölkələrə gedir, amma mən həmişə Gəncəyə gedirəm, orda qəribə bir hüzur var.

Gəncə Dövlət Universitetini bitirmişəm, tələbəlik illərimlə bağlı çoxlu xatirələrim var. Birini danışım, siz də gülün. Amma bilmirəm bunu sayta vermək olar, ya yox? Tələbəlik illərimdə rəhbərlik etdiyim KVN Teatrı ilə Gəncə Filarmoniyasında konsert verirdik. Konsertin səhəri günü şəhərə çıxdım, gördüm ki, hamı mənə baxıb gülür. Mən də forslanıram ki, hamı məni tanıyır, dünənki konsertimi yadına salıb gülürlər. Yolda dostumla rastlaşdım, qəfildən qışqırdı ki, ə, bu nə görkəmdir? Baxanda gördüm ki, şalvarın zəncirin bağlamamışam ağ köynək zəncirin arasından çıxıb, biabırçı bir görüntü yaranıb. Utandığımdan yer yarılsaydı, altına girərdim. Hər gün getdiyim yolu dəyişdim, hansı ki, camaatın heç vecinə də deyildim e…

Gəncəyə cəmi bircə dəfə yolum düşüb. Bir neçə ay bundan əvvəl jurnalist həmkarlarımla kinoteatrın açılışına getmişdik. Yolüstü Nizaminin məqbərəsində olduq, Xanbağını gəzdik, ləziz mətbəxindən dadıb, havasından udduq. Gəncəlilərin vəsf etdiyi kimi təbiəti kimi özü də gözəldir Gəncənin. İnsanlarına gəlincə, bilirəm ki, şirin dilləri ilə ilanı yuvasından çıxararlar. Sözlərinin əvvəli də “qadan alım”dır, axırı da. Onu da eşitmişəm ki, gəncəlilər çox bacarıqlı, fərasətli, hər işdə baş çıxaran olurlar. Xanımlarına gəlincə, dillərinə görə dilçəkləri də var. O biri bölgənin xanımları inciməsin, biş-düşdə onlara çatan olmaz. Nə sirri-xudadarsa, qadam, bişirdkləri xörəyin ətri insanı bir kilometrdən vurur. Bajı, Gəncəli xanımlara heç nəyi bəyəndirmək olmur. Hələm-hələm təəccüblənməzlər. Amma təəccübləndirərlər.

Cəvahir Səlimqızı









Tags:  Küplə qızıl saxlayan gəlinin başına min oyun açan gəncəli məşhurlar FOTOVİDEO


RƏYLƏR


Top news