Qohumların çölə atdığı, gecələri blokda yaşayan 58 yaşlı qadın - SOS

Qohumların çölə atdığı, gecələri blokda yaşayan 58 yaşlı qadın - SOS
16:44 17 Oktyabr 2016
108 Digər
Ölkə mətbuatı
A- A+

Onun 58 yaşı var. Özünün dediyi kimi, ağlı kəsəndən Bakıda yaşayır. Əslən Quba rayonundandır. Həsənova Xuraman Qulu qızı. Uzun illərdir Başı şəhəri, 7-ci mikrorayon, ev 3a/7 ünvanında dayısı qızının evində məskunlaşıb.
 
Xuraman xanım uzun illər müxtəlif işlərdə çalışıb, sonradan işləməyib. Bir həftə əvvələ kimi dayısı qızı və onun övladları ilə birgə sözü gedən ünvanda yaşayıb. 24 il bu evdə yaşayan qadın artıq bir həftədir açıq havada qalır, axşamlar isə binanın blokunda gecələyir: "Düz 24 ildir burada qalıram. Dayım qızının evində qalmışam, o baxıb mənə. Onlar evi satdıqdan sonra, məni burada atıb gediblər. Düz 6 gündür burada qalıram. Mənə demədilər gəl gedək. Onlar yeni ev alıb Mehdiabada köçüblər. Mənim başqa heç kimim yoxdur".
 
Xuraman xanım ikinci qrup əlildir. 50 manat təqaüd alır: "Nazirliyə sənədlərimi göndərmişəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Binəqədi rayon icra hakimiyyətinə müraciət eləmişəm. Deyiblər sizi aparacağıq. Məni qocalar evinə aparmalıdırlar. Altı gündür mənə qonşular baxır. Yeməyimi verirlər, geyim veriblər mənə. Gündüzlər açıq havada oluram, utanıram kiminsə evinə getməyə. Gecələr isə blokda yatıram. Arada sağ olsunlar, pul da verirlər”.
 
Xuraman xanım deyir ki, aldığı təqaüd kirayədə yaşamağa bəs etmir. Yaşamaq üçün isə Bakıda üz tutacağı yer yoxdur: "Yalnız təqaüd alıram, başqa heç bir təşkilatdan yardım almıram. Düz 24 ildir qohumlarımla qalıram. Heç kimi incitməmişəm. Qonşularımla da mehriban münasibətlərim var. Bu 24 ildə onları bir dəfə də olsun narahat eləməmişəm. Sizdən də xahişim var - mənə köməklik etsinlər”.
 
Xuraman xanımın qonşuları qadının taleyindən ciddi narahatdırlar: "Düz bir həftədir ki, blokda qalır. Uzun müddətdir bizim binada qohumları ilə birgə yaşayırdı. Onlar Mehdiabada köçdülər. Bu isə burada qalıb. Biz həmişə onlara deyirdik ki, Xuramanı "Qocalar evi"nə düzəldin. Bir dəfə "Qocalar evi"nə düzəltmişdilər, özü getmədi. İndi yenə polisə müraciət ediblər. Yazıqdı, səhərə kimi soyuq blokda qalır. Vəziyyəti acınacaqlıdır. Blok soyuqdur. Qonşular yardım edirlər, amma yay fəsli deyil ki, qışdır, soyuqdur, bu da bükülüb blokda qalır. Əlaqədar qurumlardan xahiş edirik qadının həyatına biganə qalmasınlar".
 
Bayırda güclü yağış yağır. Xuraman xanımla sağollaşırıq. O bu gecəni də ömrünün 24 ilini yaşadığı binanın blokunda keçirəcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR