Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Neftçi"ni satılıb - Artıq "Xalq komandası" deyil

"Neftçi"ni satılıb -   Artıq "Xalq komandası" deyil

Date: 20 October 2016 15:47

80 yaşını qeyd etməyə hazırlaşan "Neftçi" yuvarlandığı uçurumdan xilas ola bilmir. Rəhbərlik, baş məşqçi dəyişsə də, nəticə dəyişmir. "Neftçi" çapalayır və çapaladıqca uçurumun dibinə yuvarlanır.

Gözləmək olardı ki, yeni rəhbərlik gələndən sonra hər şey dəyişəcək, "Neftçi"nin tarixində yeni səhifə açılacaq. Amma heç nə dəyişmədi, "köhnə hamam, köhnə səs" siyasəti davam etdi. Məlum oldu ki, komandanın daxilində qruplaşmalar var, aparıcı futbolçular qaçıb canını qurtarmaq istəyir,  Elxan Abdullayev baş məşqçi kimi əslində heç kimdir, təyinatı formal xarakter daşıyır və s.

"Neftçi" təkcə uğursuz çıxışı, komanda daxilində baş verən olaylarla gündəmdə deyil. Azərbaycan futbolunun "flaqman"ı hesab olunan, "Xalq komandası" adlandırılan klubun gerçək sahibi də bəlli deyil. Hamımız klubun SOCAR tərəfindən maliyyələşdiyini bilirik. Amma bu aysberqin suyun üzündə görünən hissəsidir. Suyun altında - arxa planda baş verənlərdən isə böyük əksəriyyətimiz xəbərsizdi.

Məlumat üçün bildirək ki, "Azneftyağ" neft emalı zavodu (BNEZ) bağlanandan sonra "Neftçi" faktiki olaraq havada qalmışdı. Çünki klubun təsisçisi SOCAR yox, adıçəkilən zavod idi. Hətta 10-12 il əvvəl klubunu titul sponsporu SOCAR yox, BNEZ idi, formaların üzərinə də zavodun adı yazılırdı.


"Azneftyağ" bağlandı, "Neftçi" bir müddət havada qaldı, sonra SOCAR yenidən maliyyə ayırdı və klub yaşadı. Bəs indi klubun təsisçisi kimdir? O vaxt SOCAR deyildi. İndiki böhran dövründə bu mümkündürmü? Bu barədə Fanat.Az-a danışan mənbələr bildirir ki, bu faktiki olar mümkün deyil. Bəs nə baş verir?

Son iki ildə baş verənlər göstərir ki, "Neftçi"ni satıblar. Kağız üzərində olsa belə... Bəs, kimə satılıb xalqın 80 illik komandası? "Neftçi"ni kim maliyyləşdirir, klubun gerçək sahibi kimdir? 

Haşiyə çıxaraq qeyd edək ki, bir müddət əvvəl AFFA və SOCAR prezidenti Rövnəq Abdullayev mətbuata açıqlamasında bildirmişdi ki, "Neftçi"nin işlərinə qarışmır. Bu açıqlama klubun SOCAR-a məxsus olmamasını, gerçək sahiblərinin başqaları olmasını deməyə əsas vermirmi?

Və ya niyə "Neftçi"nin titul sponsoru SOCAR göstərilmir? Təsadüfdürmü? Bilirik ki, formanın önünə loqosu vurulan "ASAN Xidmət"dən "Neftçi"yə qara qəpik də gəlmir. Bəs onda niyə SOCAR yox, "ASAN Xidmət"? 


Təbii ki, maliyyə SOCAR-ın xətti ilə gəlir. Amma kimin cibindən, necə, hanası formada? Kimdir klubun yeni təsisçiləri?

Təəssüf ki, bu suallara cavab tapa bilmirik. Və "Neftçi"nin "şəffaf" Müşahidə Şurasına səslənirik: varsa cəsarətiniz, açıqlayın - görək kimdir "Neftçi"nin sahibi, klub hansı xətlə maliyyələşir, sizi o vəzifəyə kimlər təyin edib, kimə hesabat verirsiniz, kimin cibindən maaş alırsınız? Deyin bilək ki, 80 yaşlı klub həqiqətən də xalqın komandasıdır, yoxsa gerçək təsisçini xalqın qorxusundan bağlı qapılar arxasında gizlədirsiniz? 

Yeri gəlmişkən, Müşahidə Şurasının avqustun 27-də keçirilən iclası ilə bağlı sentyabrın 1-də klubun rəsmi saytında yerləşdirilmiş məlumatında "Neftçi” PFK səhmdarlarının iştirakı ilə illik toplantının keçiriləcəyi bildirilirdi: "Neftçi” PFK-nın Müşahidə Şurasının 27.08.2016-cı il tarixdə keçirilmiş iclasında klubun fəaliyyəti ilə bağlı bir sıra məsələlərə baxılmışdır. İclasda yaxın bir neçə gün ərzində klubun ali idarəetmə orqanı olan "Neftçi” PFK səhmdarlarının iştirakı ilə illik toplantının keçirilməsi qərara alınmışdır".

Bəs, nə oldu səhmdarların iclası? "Yaxın bir neçə gün" dediyiniz zamanın üstündən 55 gün keçib. Hanı o səhmdarlar? Biri çıxsın ortaya, görək kimdir "Neftçi"nin sahibi...


Mövzu ilə bağlı araşdırlamalarımız davam edir. 

Fanat.Az

Tags:  Neftçini satılıb Xalq komandası deyil

RƏYLƏR


Top news