Ayaqları yolda, qulaqları səsdən batan sakinlər - ZABRATDA NƏLƏR BAŞ VERİR?

Ayaqları yolda, qulaqları səsdən batan sakinlər - ZABRATDA NƏLƏR BAŞ VERİR?
18:54 20 Oktyabr 2016
69 Digər
Ölkə mətbuatı
A- A+

Təəccüblənməyin! Bura paytaxtın mərkəzindən 20-21 kilometr uzaqlıqdakı Sabunçu rayonunun Birinci Zabrat qəsəbəsidir. APA TV-nin xəbərinə görə, Bakıdan avtobusla bu əraziyə 53 dəqiqəyə, avtomobillə isə 20-30 dəqiqəlik intervalla çatmaq olur.
 
Təxminən iki gün öncə yaşan yağışlardan sonra Zabrat qəsəbəsinin mərkəzi və mərkəzdən kənar küçə və məhəllələri keçilməz olub.
 
Qəsəbənin Ruhullla Axundov küçəsində isə vəziyyət daha acınacaqlıdır. Əgər nəzərə alsaq ki, sözügedən ərazidə həm də 307 saylı orta məktəb yerləşir, onda şagirdlərin payız-qış fəslində necə əziyyət çəkdiklərini təsəvvür etmək olar.
 
Ruhulla Axundov küçəsinin sakinləri deyir ki, dəfələrlə aidiyyəti qurumalara müraciət etsələr də, onların haqlı narazılıqlarını eşidən olmayıb.
 
- Məktəbə güclə gedib gəlirəm. Yağış yağanda valideynlərim gedib bələdiyyəyə şikayət də edirlər. Amma vəziyyət gördüyünüz kimidir. Küçədə yerimək, məktəbə getmək çətinləşir.
 
- Dəfələrlə burda yaşayan sakinlər adından qəsəbənin icra nümayəndəliyinə və aidiyyəti qurumlara müraciət etmişik. Amma faydası yoxdur. Yağış yağan kimi yollar, məhəllədaxili küçələr su altında qalır.
 
- Xəstəmiz olur, təcili yardıma zəng edirik, küçənin başında maşını saxlayıb deyirlər ki, xəstəni bura gətirin. Uşaqları qucağımızda dərsə aparırıq. İllərdir bu qəsəbənin sakinlərinin sosial problemlərini eşidən yoxdur. Müraciət etmədiyimiz yer qalmayıb.
 
Birinci Zabrat qəsəbəsi, Vaqif küçəsi 7 a ünvanında vəziyyət Ruhulla Axundov küçəsindən heç də fərqlənmir.
 
- Yağış olan kimi küçələr keçilməz olur. İnanın, bura piyada gedib-gəlmək bir yana, maşınla da keçmək olmur. Heç kim maraqlanmır. Dəfələrlə məhəllə sakinləri öz hesabına bu yolları təmir etdirib.
 
- Evlərin zirzəmiləri bərbad gündədir. Üç gündür təmizləyib bitirə bilmirik. Bu cür yaşamaq olmur, bayıra çıxa bilmirik. Hələ payızdır, qışda nə edəcəyik?
 
Qəsəbənin Babək küçəsinin sakinləri isə deyir ki, yağışın fəsadlarından başqa onları daha bir ciddi problem narahat edir. Bu isə yaxınlıqda yerləşən "Zabrat" kafesində gecədən səhərəcən canlı musiqinin səsinin ətrafa gur səslə yayılmasıdır. Sakinlər bununla bağlı narazılıqlarını dəfələrlə aidiyyəti qurumlara bildirsələr də, hələ ki əncam çəkən olmayıb. Yalnız Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin müdaxiləsindən sonra sözügedən kafenin açıq havada fəaliyyət göstərən hissəsi bağlanıb.
 
- Gecə səhərə qədər təxminən saat 5-6 radələrinə qədər musiqinin gur səsi ətrafa yayılır. Yaşlı adamam. İnanın, yüksək təzyiqlə yaşayıram. Özüm də, övladlarım da dəfələrlə xahiş etmişik, buna baxmayaraq, heç kim eşitmir. Çarə yoxdur. Uşaqlar yatıb dincələ də bilmir. Yayda bayırda da stol-stul qoyub canlı musiqi səsləndirirdilər. İndi yay deyil, yayı birtəhər ötüşdürdük. İndiki qışdır, nə edək? 
 
- Rahatlığımız pozulur. Gecənin yarısı hay-küy, musiqi səsi ətrafa yayılır. Heç olmazsa, gecə saat 12.00-dan imkan versinlər, insanlar rahat yata bilsin.
 
Qəsəbə sakinlərinin narazılıqlarını dinlədikdən sonra "Zabrat" kafesinə baş çəkdik. Günorta saatları olduğundan, üzümüzə qapı açan olmadı.
 
Sakinləri dinlədikdən sonra Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə baş çəkdik. Polis bölməsindən növbətçi polis mayoru Şamil Qocayev bildirdi ki, "Zabrat kafe"sinin ərazidə yaşayan sakinlərin narazılığına səbəb olduğundan xəbərdardırlar: "Məsələ ilə bağlı dəfələrlə protokol yazılıb. Kafe yığışdırılıb. Ondan sonra vətəndaşlar bura müraciət etməyib. Bu gün bununla bağlı növbəti tədbir görəcəyik. Gecə saat 23.00 radələrində sözügedən əraziyə əməliyyat qrupu göndəriləcək".
 
Daha sonra üz tutduq Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinə. Qəsəbə nümayəndəsi İlqar Süleymanovla görüşmək cəhdimiz baş tutmadı. Onun ərazidə olduğu bildirilsə də, çox keçmədən səsimizə qəsəbə nümayəndəsinin müavini Arif Osmanov səs verdi. Arif Osmanov da problemdən xəbərdar olduğunu dedi: "Zabrat" kafesi ilə bağlı yayda yaşanan problem aradan qaldırılmışdı. Əraziyə qoyulan stol və stullar yığışdırılmışdı. Bununla bağlı sakinlər bizə yazılı müraciət etmişdilər. Biz də vaxt itirmədən məsələyə müdaxilə etmişdik. Əgər sakinlər yenidən müraciət etsələr, yenidən problemin həll olunmasına yardımçı olacağıq".
 
O, Birinci Zabrat qəsəbəsi sakinlərinin yağışın fəsadları ilə bağlı müraciətinə də toxunub: "Yağışın fəsadları ilə əlaqədar olaraq bütün aidiyyəti qurumlar birgə fəaliyyət göstərir. FHN və "Azərsu" demək olar ki, bizimlə birgə fasiləsiz çalışır. Nərimanov küçəsindəki subasma ilə əlaqədar FHN və "Azərsu" ilə birgə evlərin zirzəmilərindən sular çəkilib. Həyətlərdən suyun çəkilməsi, kanalizasiyaların yuyulması ilə də bağlı mühüm işlər artıq görülüb. O ki qaldı 307 saylı məktəbin ərazisində yaşanan problemlərə, bu gün axşam saatlarınadək məhəllələr artıq sulardan təmizlənəcək. Axşam saatlarında bu iş də başa çatdırılacaq. Fəsadların aradan qaldırılmasında daha çox evlərin zirzəmilərini təmizlədiyimizdən, küçələrdə su yığımının qalması hələ də müşahidə olunur". 
 
Məhəllədaxili küçələrin asfaltlanması probleminə də diqqət çəkən qəsəbə nümayəndəliyinin rəsmisi deyir ki, bununla bağlı təklifləri hazırlayıb yuxarı instansiyalara göndəriblər: "Asfaltlanma bizim planda var. Təkliflərimizi vermişik. Orda elə məhəllələr var ki, su və kanalizasiya xətləri hələ də çəkilməyib. Bu isə asfaltlanma işini ləngidir. Bu proses başa çatdırıldıqdan sonra küçələrə asfalt vurulacaq".
 
Beləliklə, tərəfləri dinlədik. İnanırıq ki, sakinlərin haqlı narazılığına səbəb olan bu problemlər tezliklə öz həllini tapacaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR