Müslümün xatirəsinə yığışan izdiham ayaq üstə qaldı - FOTO

Müslümün xatirəsinə yığışan izdiham ayaq üstə qaldı - FOTO
18:47 31 Oktyabr 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Nijni Novqorodda dahi Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Rusiya Federasiyasının Nijni Novqorod şəhərində SSRİ xalq artisti, SSRİ, Azərbaycan və Rusiyanın görkəmli opera və estrada mügənnisi, bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olumuş konsert keçirilib. Konsert Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Nijni Novqorod regional bölməsi, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) yerli nümayəndəliyi və Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Dəmiryolçuların Mərkəzi Mədəniyyət Sarayında keçirilən tədbirin rəsmi hissəsində Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun prezidenti, professor Tamara Sinyavskaya, Nijeqorodsk vilayətinin mədəniyyət naziri Sergey Qorin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubları oxunub.

ÜAK Nijni Novqorod regional bölməsinin sədri Azad Səmədov və təşkilatın icraçı direktoru Roman Ağayev Azərbaycan xalqının görkəmli oğlu M.Maqomayevin xatirəsinə toplaşanlara təşəkkür edib. O qeyd edib ki, M.Maqomayev və onun parlaq yaradıcılığı Rusiya ilə Azərbaycanın dost və qardaş xalqlarının mədəni irsinin ümumiliyinin bariz nümunəsidir.

ÜAK-ın təmsilçisi Anar Həsənov M.Maqomayevin yaradıcılığı, təkrarolunmaz populyarlığı, möhtəşəm və misilsiz konsertləri, dahi şair və mütəfəkkir Nizami Gəncəvi rolunu ifa etməsi, həmçinin görkəmli musiqiçinin insani keyfiyyətlərindən - təvazökarlığı və prinsipiallığından söz açıb.

Daha sonra M.Maqomayevin repertuarındakı əsərləri ifa etmək üçün ümumrusiya və beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın əməkdar artisti Nokolay Penyakin səhnəyə çıxıb. M.Maqomayevin şah əsəri "Azərbaycan" mahnısı ilə başlayan N.Penyakin sənətkarın repertuarından 40-a yaxın mahnı ifa edib.

Xatirə konsertində ümumrusiya və beynəlxalq müsabiqələr laureatları Anton Utkin, İvan Boqatov, Aleksandr Tsaryov, gənc ifaçılar Araz Zeynalov və Ayturan Süleymanlı çıxış ediblər. Nijni Novqorodda fəaliyyət göstərən "Qarabağ" ansamblının üzvləri isə Azərbaycan milli rəqslərini təqdim edib.

Sergey Yeseninin şeirinə yazılmış və M.Maqomayevin dəfnində səslənən "Əlvida, Bakı" mahnısını tamaşaçılar böyük sənətkarın xatirəsinə hörmət əlaməti olaraq ayaq üstündə dinləyiblər.

700 nəfərlik zalda keçirilən və 4 saat davam edən konserti 1500-dək tamaşaçı sarayın dəhlizlərində və hətta foyesində ayaq üstündə dinləyib.

Konsert zalının foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunan fotoşəkillər, bioqrafik kitablar və musiqi irsindən ibarət sərgi təşkil  olunub.

Pünhan Mirzə
Milli.Az












































Xəbərin orijinal ünvanı: http://news.milli.az/russia/485004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR