“Ölüm havası”: evimizdəki əcəldən necə qurtulaq? - ARAŞDIRMA

“Ölüm havası”: evimizdəki əcəldən necə qurtulaq? - ARAŞDIRMA
12:34 1 Noyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

 

Dəm qazı zəhərlənməsi bir qrup qazın; radon, metan, gözyaşı, karbonmonoksit, xardal və təbii qazların istənmədən və ya zərərli tənəffüsü nəticəsində meydana gəlir.

 

Karbonmonoksid qazına məruz qaldıqda qandakı hemoqlabinin 20%-i karboksihemoglobine çevrildiyi üçün baş gicəllənməsi və baş ağrısı ilə başlayan ilkin əlamətlər özünü göstərir.

Nisbət 50% olanda isə huş itirilir, 60-70% nisbətində isə artıq ölüm gerçəkləşir.

 

Oktyabr ayı ərzində 53 dəm qazı zəhərlənməsi

 

Artıq oktyabr ayının əvvəlindən dəm qazı zəhərlənməsi halları qeydə alınmağa başlayıb.  Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının  baş həkimi Rauf Nağıyev Lent.az-a açıqlamasında deyib ki, ötən ay ərzində dəm qazı zəhərlənməsi ilə bağlı ümumilikdə 53 çağırış daxil olub. Onlardan 38 nəfər xəstəxanaya yerləşdirilib.

 

Təbii qaz zəhərlənməsinin əlamətləri nələrdir? 

 

Birinci mərhələdə sarımsaq kimi qoxu hiss edilir, yorğunluq, narahatlıq, yuxulamaq hiss edilməyə başlanılır.

 

İkini mərhələdə qarın ağrıması, diş qıcıqlanması, titrəmə və gözlərin yaşarması baş verir. Bədən temperaturu yüksəlir.

 

Üçüncü mərhələdə isə tənəffüs yavaşlayır, nəbz düşür, ürək döyünməsi yavaşlayır, dodaqlar sanki boyanmış kimi qızarır. Dəri də eyni şəkildə qızarır, üzdə qəribə təbəssüm yaranır və ölüm gerçəkləşir.

 

Ümumi olaraq sadalasaq, yüngül zəhərlənmə əlamətlərinə  baş ağrı, baş gicəllənməsi, mədə bulanması, yorğunluq hissi, nəfəs darlığı, ürək döyünməsi əlamətləri daxildir.

Ağır zəhərlənmələr zamanı isə unutqanlıq, qusma, dəridə qızarma, əzələ ağrıları, huşun itməsi və sonda nəfəsin kəsilməsi ilə ölüm baş verir.

 

Hamam otağı isti olduğundan boğulma zamanı ölüm halı tez baş verir

 

Oktyabr ayı ərzində dəm qazı zəhərlənməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzə 36 nəfərin müraciət etdiyini deyən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Lent.az-a açıqlamasında bildirib ki, müraciət edənlərdən 28 nəfər xəstəxanaya qəbul olunub, 6  nəfəri məsləhətdən sonra evə buraxılıb. Dəm qazı ilə bağlı müraciət edənlərin 4-nün müalicəsi hazırda davam etdirilir.

 

A.Maqsudov qeyd edib ki, dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin əksəriyyəti qadınlardır və zəhərlənmələr əsasən hamam otağında yaşanıb.

 

A.  Maqsudovun sözlərinə görə, dəm qazı zəhərlənmələri zamanı ürək bulanması, üz nahiyəsində qızarma, baş ağrıları olur. Hamam otağı isti olduğundan dəm qazından boğulma zamanı ölüm halı tez baş verir. Çünki isti nəticəsində damarlarda qanın hərəkəti intensivləşir. Beyinin zərərli qanla təchizi insan həyatına təhlükə yaradır.

 

“Azərbaycan qazı standartlara uyğun deyil, təchizatçı məsuliyyəti boynundan atıb”

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında deyib ki, dəm qazı zəhərlənmələri probleminin kökü bu sahədə qanunvericilik bazasının zəif olması ilə bağlıdır: “Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun çox zəif işləyir. Qaz təchizatçısı ilə istehlakçı arasında bağlanan müqavilədə qaz təchizatçısının heç bir məsuliyyəti qeyd olunmayıb və məsuliyyət olmayan yerdə mütləq cinayət baş verir. “İstehlakçıların hüquqlarının qorunması” haqqında qanunun 11-ci maddəsində qeyd olunur ki, bazarda inhisarçı mövqe tutan qurum istehlakçıları fasiləsiz və keyfiyyətli xidmətlə təmin etməlidir. Belə ki, qaz təchizatçısı bazarda inhisarçı qurum sayıldığından onun üzərinə qazın fasiləsizliyi və keyfiyyəti tələbi qoyulur. Ancaq ölkədə “fasiləsiz qaz” anlayışı yoxdur. Fikir versək, bu zamana kimi baş verən qaz partlayışları zamanı günah istehlakçıların boynuna atılır. Təbii ki, burda istehlakçının da səhvi var, düzgün nəzarət etmir, tüstü baclarını vaxtında təmizləmir, səhlənkar yanaşırlar. Bəs qaz təchizatçısının heç mi günahı yoxdur?

Qaz təchizatçısı birdən ventili bağlayır və öncədən xəbər etmədən gecənin bir yarısında ventili açır buraxır. Öncədən xəbərdarlıq sistemi yoxdur. Təchizatçının heç bir məsuliyyəti olmadığından belə hallar baş verir”.

 

E.Hüseynov bildirib ki, AİB üç ildir bu sahədə maarifləndirmə kitabçası hazırlayıb evlərə pulsuz paylayır: “İnsanlar unutmamalıdır ki, əcəl evlərində oturub. İstehlakçılar çox səhlənkar davranır, qazla davranmaq qaydalarını bilmirlər. Nə qədər sağlam istehlakçı olursan-ol, qaz hiss olunmadan insanı boğur”.

 

Birlik sədrinin fikrincə, mənzillər pulsuz olaraq qaz sızması barədə xəbər verən səsli dedektorlarla təmin olunmalıdırlar: “Bu təhlükəsiz siqnal aparatı dəm qazı zamanı reaksiya verir, xəbərdarlıq edir. Təchizatçı tərəfindən qazın bağlanaraq açılması, aşağı təzyiqlə verilməsi məsələlərinə son qoyulmalıdır”.

 

Bir müddət dəm qazı zəhərlənmələrinin əsas günahkarı kimi qələmə verilən İran sobalarına da diqqət çəkən E.Hüseynov deyir ki, əslində problem bu sobalarda deyil, onlar standarta uyğun hazırlanıb, Azərbaycan qazı isə standarta uyğun gəlmir, təzyiq aşağı olur.

 

Daha çox hamam otaqlarında yaşanan dəm qazı zəhərlənmələrinə toxunan AİB sədri bildirib ki, bunun da səbəbi tüstü bacalarında  problemin olmasıdır: “Külək çöldə əksinə əsəndə qaz içəri vurur və insan onu hiss etmədən qazdan zəhərlənir. Çıxış bacaları mütləq təmizlənməlidir. İstehlakçılar özləri diqqətli olmalıdır. Əhali arasında mümkün qədər maarifləndirici işlər aparılmalıdır. Onu da qeyd edim ki, bu problemin bir hissəsi də verilən qazın keyfiyyəti ilə bağlıdır, keyfiyyətdə problem var və təzyiqin aşağı olması parametrini də qeyd etməliyik. Qaz nə qədər keyfiyyətli olsa belə, boğucu xarakteri var. Qaz cihazlarını açıq unutmaq olmaz.  Qaz təchizatçısı da bu məsələdə üzərinə məsuliyyət götürməlidir”.

 

Vanna otağının qapısının altında 0,02 diametr ölçüdə deşiklər açılmalıdır

 

Mütəxəssislərin fikrincə, vanna otağının qapısının altında 0,02 diametr ölçüdə deşiklər açılmalıdır ki, oradan içəri hava girsin. Bir kub metr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatışmazlığı olanda cihazlar karbon-4 oksid əvəzinə karbon-2-oksid hasil edir. Bəzən ustalar qaz keçən deşikləri böyüdürlər. Bu, qazın yanma prosesini pozur və dəm qazından zəhərlənmə halları baş verir. Dəm qazı otağa daxil olduğu müddətdən 7-30 dəqiqəyə insan həyatına son qoya bilir.
 

“Qazın keyfiyyətində problem yoxdur...”

 

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyir ki, Nazirlər Kabinetinin qərarına əsasən, qaz zəhərlənmələri ilə bağlı tədbirlər həyata keçirmək 2016-cı ilin may ayından etibarən Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti  İdarəsinə həvalə edilib: “Hər iki qurumun nümayəndələri həmişə mənzillərə gedərək hər bir mənzildə aidiyyəti üzrə çatışmazlıqların aradan qaldırılması ilə bağlı baxışlar keçirirlər. Bu istiqamətdə geniş maarifləndirici tədbirlər görülür, ictimaiyyətə məlumat verilir, video çarxlar nümayiş edilir”.  

 

Qazın tərkibi  və keyfiyyəti ilə bağlı söylənənlərə fikir bildirən qurum rəsmisinin sözlərinə görə, hər ay əhaliyə verilən təbii qazın tərkibi Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu  tərəfindən yoxlanılır: “Tərkibində heç bir dəyişiklik yoxdur, təmiz qazdır. İstehlakçılarla müqavilə bağlanan zaman qaz cihazlarından, təbii qazdan istifadə qaydaları öyrədilir, maarifləndirmə işləri aparılır. O cümlədən, “Azəriqaz” İB mütəxəssisləri tərəfindən kütləvi informasiya vasitələri vasitəsilə  maarifləndirici tədbirlər keçirilir, tövsiyələr verilir”.

 

Qaz zəhərlənməsi zamanı ilk yardım necə olmalıdır?

 

Əvvəlcə, zəhərlənən şəxsə yardım edən şəxs də özünü qorumalıdır.

 

Pəncərələr açılmalıdır.

 

Qaz dolması hiss etmisinizsə, qətiyyən mobil telefon istifadə etməyin. İşıqları sönülü saxlayın.

 

Zəhərlənən şəxs bayıra çıxarılmalıdır. Ağız və burnu nəm əsgi ilə silinməlidir.

 

Hələ də nəfəs alırsa, böyrü üstə uzadın. Yox, əgər nəfəs alıb-verməsi dayanıbsa, süni nəfəs vermək lazımdır.

 

Hər il təbii qazla çalışan cihazları yoxlanışdan keçirmək lazımdır.

 

Baca tutulmasına diqqət edin. Bacaların başına mütləq aspirator qoyulmalıdır. Su və qardan qorumaq üçün papaq taxılmalıdır.

 

Qapalı qarajda maşınlarınızı uzun müddət işlək vəziyyətdə saxlamayın.

 

FHN xəbərdarlıq edir

 

Fövqəladə Hallar Nazirliyi (FHN) hər il dəm qazından zəhərlənmələrlə bağlı vətəndaşlara xəbərdarlıq edir: “Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın ki, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir.


Mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməlidir.

 

Unutmayın ki, qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraşdırılmayıbsa, böyük ölçüdə qaz pilətəsi qoymaq olmaz.


Eyni qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük ölçülü suqızdırıcının qoyulması təhlükəlidir. Cihazın borusunun çıxış yeri olmalıdır. Zəruri ventilyasiya sistemi yoxdursa, mütləq hamam otağının qapısının aşağı hissəsində hava oynaması üçün dəliklər açılmalı və ya qapalı mühitdə qaz yandırılarkən nəfəslikər açıq olmalıdır.


Otaqlarda quraşdırılmış qızdırıcı sobanın fəaliyyətinə vaxtaşırı fasilə verilməlidir. Bu zaman otaqda havanın dəyişdirilməsi üçün pəncərələr açılmalıdır. Unutmayın ki, mənzil mütəmadi havalandırıldıqda dəm qazından zəhərlənmə riski azalır.

 

Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-ol-mamasına diqqət yetirin.

 

Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etəmiyin.

 

Tüstü borusu olmayan sosobaları aımayın. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır.

 

Dəm qazı ilə zəhərlənən insanlar əksər hallarda özü-özünə kömk edə bilmir.  Lakin təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər.


Zərərçəkəni dərhal təmiz havaya çıxartmaq, onu kürəyi üstə uzatmaq və yaxalığını aşmaq lazımdır. Oksigen yastıqlarında istifadə edilir.

 

Alın və sinəyə soyuq kompress qoyun. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay verin.


Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkmiş bu simptomları vax-tında hiss edib məkanı tərk etdikdə, o zaman sadəcə təmiz hava ilə tənəffüs etmək yetərlidir.


Zərərçəkmiş huşunu itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkəylə də əvəz etmək olar.


Dəm qaqazından zəhərlənmiş insan özünü yaxşı hiss etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır. Unutmayın, hər hansı bir fövqəladə hadisə baş verdik-də "112" qaynar xəttinə müraciət edin!”

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR