Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın ən bərbad prospektindən REPORTAJ

Azərbaycanın ən bərbad prospektindən REPORTAJ

Date: 1 November 2016 15:59

Yaxşı baxın. Bura Azərbaycanın hansısa ucqar rayonu deyil. Bakıdan 7 kilometr uzaqda yerləşən Xırdalan şəhərinin Heydər Əliyev prospektidir. Artıq üç aydır ki, Ulu Öndər Heydər Əliyevin adını daşıyan bu prospekt acınacaqlı vəziyyətdədir. Bunu həm sakinlər, həm də sürücülər deyir. Məncə, deyilənlərin əyani şahidi olmaq üçün yolunuzu bir dəfə bu ərazidən salmaq yetərli olar. Prospekt Abşeron rayonun 70 illiyi ərəfəsində əsaslı təmir olunub, bundan sonra yol hissə-hissə təmirə bağlansa da, aidiyyəti təşkilatların biganəliyi ucbatından burada sürücülər tıxacda qalır, sakinlər isə bu küçədə, ümumiyyətlə, hərəkət edə bilmirlər. Ən acınacaqlısı isə budur ki, bu ölkədə Ulu Öndərin adını daşıyan yeganə bərbad durumda olan prospektdir.
 
Elə sakinlər də, prospektin hər iki tərəfində dayanan taksi sürücüləri də Heydər Əliyev prospektinin acınacaqlı durumundan zara gəliblər.
 
- 35 ildir Xırdalanda yaşayıram. Hələ bu ərazidə bir dəfə də olsun, rahat şərait yaradılmayıb. Dəfələrlə müraciət etsək də, yol əsaslı təmir olunmur. Yağış yağanda küçə ilə nə yerimək, nə də avtomobillə keçmək mümkün olur. Baxmayaraq ki, prospekt Xırdalan şəhərinin mərkəzindədir. Amma biganə münasibət ucbatından illərdir bu əziyyəti çəkirik.
 
- Kanalizasiya xətləri işləmir. Bir neçə dəfə dəyişiblər. Amma az yağış yağan kimi tutulur, yolu su basır, keçilməz vəziyyətə düşür. Baxın, görün burda necə yaşamaq olar?
 
- Uzun illərdir bu yolla marşrut avtobusu idarə edirəm. Elə gün yoxdur ki, saatlarla tıxacda qalmayım. Yağışlar ki, başladı, hərəkət çətinləşir. Dəfələrlə müraciət edirsən, eşidən yoxdur.
 
- Elə bir aidiyyəti təşkilat yoxdur ki, prospektin vəziyyəti ilə bağlı müraciət etməyək. Amma nə eşidən var, nə də problemi həll edən. Nə uşaqla, nə böyüklə bu yolu keçmək mümkün deyil. İflic oluruq payız başlayan kimi.
 
Gördüyünüz kanalizasiya sistemi yeni qurulub istifadəyə verilsə də, işləmir. Qrunt sularının çoxluğundan kanalizasiya sistemi də sıradan çıxıb, ətraf məhəllələr suyun altında qalıb.
 
Sakinlərin xahişini nəzərə alıb çəkiliş qrupumuzla üz tutduq prospektin sonuncu dayanacağına. Burda da vəziyyət yolun başlanğıcından fərqli deyildi. Yenə tıxac, yenə bataqlıq, asfalt örtüyü isə suyun altında idi. Yəni sakinlərin haqlı narazılığı burda da özünü göstərir: "Uzun illərdir burda yaşayırıq. Ailə-uşaq, nəvə, inanın, fəsil dəyişəndə suyun içində qaldırır. Nə sakinləri eşidən var, nə sürücüləri. Yollar keçilməzdir. Məhəllədaxili yollar lap bərbad vəziyyətdədir. Saatlarla yolda qalırıq".
 
Heydər Əliyev prospektinin sonuna çatdıq. Gördüyünüz bu yollar bizi məhəllələrə aparır. Amma təbii ki, keçmək mümkün olsa... Demək olar ki, prospektin mərkəzi məhəllələri də eyni durumdadır. Burdan mərkəzi yola çıxmaq üçün saatlarla vaxt itirib, palçıq və bataqlıqlardan keçərək mərkəzi küçəyə çıxmaq mümkün olur: "Qızım, buranın dərdi tək qış dərdi deyil. Gördüyün bu ərazi qamışlıqdan əziyyət çəkir. Yayda ağcaqanadın əlindən, qışda isə bataqlıqdan nə uşaq, nə böyük nəfəs ala bilir. Bütün məhəllələr bu gündədir. Elə ki, yağış yağdı, durum çıxılmaz olur, uşaqlar məktəbə belə gedə bilmir.
 
Məsələyə münasibətini öyrənmək üçün üz tutduq Abşeron Rayon İcra Hakimiyyətinə. Bizi çox gəzlətmədilər. İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Seymur Qasımovla görüşdük. Müsahibə verməkdən imtina edən qurum rəsmisi suallarımızı şifahi cavablandırdı. Onun sözlərinə görə, hazırda Xırdalan şəhərinin Heydər Əliyev prospektində yolun bərkitmə işləri aparılır. Karbonat tökülərək asfaltın çəkilməsi prosesinə başlanılıb. Amma hava şəraitinin yağışlı olması işlərin operativliyinə təsir edir. Seymur Qasımov deyir ki, tezliklə şəhərin kanalizasiya xətləri dəyişdiriləcək. Əvvəlki xətlər Xırdalan şəhərinin 50 min nəfərlik əhalisi üçün nəzərdə tutulduğundan, hazırda normal işləmir. Çünki həm şəhər böyüyüb, həm də əhali çoxalıb.
 
Bax, belə... Biz gördüklərimizi çəkib göstərdik. Ümid edək ki, problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar biganəlikdən yan keçəcəklər.

Tags:  Azərbaycanın bərbad prospektindən REPORTAJ


RƏYLƏR


Top news