Şagirdlərə kobudluq edən müəllim çox sərt cəzalanacaq - RƏSMİ

Şagirdlərə kobudluq edən müəllim çox sərt cəzalanacaq - RƏSMİ
17:29 3 Noyabr 2016
85 Digər
Ölkə mətbuatı
A- A+

“Bu gün və gələcəkdə də orta məktəblərdə şagirdlərə qarşı hansısa kobud hərəkət edən müəllimlər inzibati qaydada cəzalandırılacaq”.

 

Lent.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib. M.Vəliyeva bildirib ki, məktəbdə uşağın təhsil almaq hüququ ilə yanaşı, digər hüquqları da müdafiə olunmalıdır:

 

“Təhsil naziri Mikayıl Cabbarov tərəfindən 2011-ci ildə müəllimlərin etik davranış qaydaları ilə bağlı müvafiq əmr imzalanıb. Həmin qaydalardakı bəndlərdən biri də müəllimlərin davranışında uşaqlara qarşı zorakılıq hərəkətlərinə yol verilməməsidir. Təbii ki, ictimaiyyətin hər bir nümayəndəsi kimi bizim də bu məsələyə münasibətimiz çox sərtdir. Nəzarət mexanizminə gəlincə, bununla bağlı məktəb direktorları və digər əməkdaşlarla qaydalara riayət edilməsi ilə əlaqəli mütəmadi söhbət edirik. İdarə bu kimi halları ciddi nəzarətdə saxlayır”.

 

Məktəblərdə valideynlərdən müxtəlif adlar altında pul tələb olunmasına münasibət bildirən BŞTİ müdiri vurğulayıb ki, bu məsələyə Təhsil İdarəsinin mövqeyi birmənalıdır:

 

“Məktəblərdə valideynlərdən heç bir ad altında pul yığılmamalıdır. Çünki BŞTİ direktorlara bununla bağlı tapşırıqlar verib və bundan sonra da tapşırıqlar veriləcək”. M.Vəliyeva qeyd edib ki, bu işə məktəb rəhbərliyi ciddi nəzarət etmədiyindən belə narazılıqlar ortaya çıxır:

 

“Bu istiqamətdə fəaliyyətin məktəb rəhbərliyi tərəfindən keçirilməsinə şübhə ilə yanaşıram, çünki onlar bu məsələnin nə qədər diqqət mərkəzində olduğunu yaxşı bilirlər. Amma bunu da qəbul edirəm ki, bəzi hallarda valideyn komitələrinin sədrləri hansısa tədbiri təşkil etmək üçün pul yığmaq təşəbbüsü göstərirlər. Bu da valideynlərdən gələn təşəbbüsdür. Lakin yenə də bu məsələyə məktəb rəhbərliyi nəzarət etməlidir. Hesab edirəm ki, narazılıqlar da bu məsələdən qaynaqlanır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR