Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

90 yaşlı radiomuz, 60 ilini haqlayan televiziyamız – ustadlar danışır

Date: 4 November 2016 19:59

Bügünkü “Manşet”də Azərbaycan Radiosunun ədəbiyyat və incəsənət redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı və əməkdar artist Rafiq Həşimov Azərbaycan radiosunun 90, televiziyasının 60 illiyi ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıblar.

 

Şəfəq Əlixanlı:

 

- Azərbaycan radiosu böyük bir akademiyadır, elm və bilik mənbəyidir. Bu verilişləri dinləyə-dinləyə, insan özündən bixəbər, böyük elmlərin qapılarını açır. Radio insandan daha çox ürək istəyir. Efirdən deyilən söz qulaqdan birbaşa ürəyə yol alır. Radio dinləyicinin təsəvvürünü zənginləşdirir.

 

- Ən böyük üstünlüyümüz odur ki, Azərbaycan radiosu böyük məktəbə və səs xəzinəsinə malikdir. Tarix öz işini görüb. Böyük sənətkarların çıxışlarının Azərbaycan radiosundan başqa bir yerdə lentə alınması daha mümkün deyil. Yetər ki, bugünkü gənclik minnətdarlıq hissi ilə həmin xəzinədən bəhrələnsin və onu qoruyub gələcək nəsillərə ötürsün.

 

- Bu gün 90 yaşını haqlayan radiomuz gəncləşərək, yeniliyin üzünə qapı açaraq, istədiyinə nail olub. Efirimizdəki yeni nəfəslər, gənc səslər, bəzən hətta ilk anda efirə yaramadığını düşündüyün səslər var.

 

- Azərbaycan radiosu 90 il ərzində böyük bir akademiyaya məxsus missiyanı yerinə yetirib. Milli Radiomuz hətta imperiya illərində xalqımızın dilini, adət-ənənələrini qoruyub, milli şüurun, ziyalılarımızın formalaşmasında, dövlətçilik ənənələrimizin unudulmamasında müstəsna rol oynayıb. Tariximizi əks etdirən tamaşa və verilişlər, ilk baxışdan adi görünən bədii qiraət parçaları keçmişimizə inam, sabahımıza, gələcəyimizə ümid aşılayıb.

 

Rafiq Haşımov:

 

- Rabitə Texnikumunun televiziya və radio şöbəsini bitirəndən sonra televiziyada təcrübəçi kimi 5-6 ay çalışdım və sonra Sovet ordusu sıralarına çağrıldım. 1987-ci ildə texniki bir şöbədə işimi davam etdirdim. Sonradan videoyazı sexində montajçı, videooperator kimi işlədim. Bu 1987-ci ildən 1990-cı ilə qədər davam etdi. 1990-cı ildə Azərbaycan Televiziyasına müsabiqə elan olunurdu.

 

- Bu gün də üzərimdə işləyirəm. Öz üzərində işləməsən, mümkün deyil. Çünki nitqin bir sənət növü kimi dərinliyi hüdudsuzdur. Nitq bizdən qədimdir, həmişəyaşardır.

 

- Efir həyat kimidir, orada kədərli anlar da olur, sevincli anlar da. Efirdə olduğun müddətdə hadisəni gərək tamaşaçıya elə çatdırasan ki, o həmin əhvalı hiss etsin. Elə intonasiyayla danışmalısan ki, tamaşaçı səni ilk cümlədən başa düşə bilsin.

 

- Təbii ki, efirdə ağır günlərim olub. 1992-ci il Şuşa hadisələri zamanı üç gün televiziyada qaldım. Qara köynəyim və boz bir kostyumla  efirə çıxırdım. O vaxtlar çox gərgin anlar idi. Bir tikə çörək belə boğazımızdan keçmirdi. Bir saatdan bir efirə çıxırdıq. Teleqramlar gəlirdi, onları oxuyurduq. Hamı narahat idi. 


Tags:  yaşlı radiomuz 60 ilini haqlayan televiziyamız ustadlar danışır


RƏYLƏR


Top news