Sabah ABŞ-da kim prezident seçiləcək? - SORĞU

Sabah ABŞ-da kim prezident seçiləcək? - SORĞU
18:24 7 Noyabr 2016
580 Digər
Ölkə mətbuatı
A- A+

Sabah dünyanın ən nəhəng dövləti olan ABŞ özünün yeni prezidentini seçəcək. Baxmayaraq ki, Amerika ictimaiyyəti builki seçkiləri ölkə tarixinin ən qalmaqallı və ən çirkli seçkisi hesab edir. Çünki indiyədək namizədlər təbliğat-təşviqat kampaniyası zamanı bir-birinə qarşı bu cür qara piardan, etik normaya sığmayan hərəkətlərdən istifadə etməyib.

 

Amma istənilən halda kim seçiləcəksə, ABŞ tarixində bir ilk olacaq. Hillari Klinton seçilsə, ilk qadın prezident kimi tarixə düşəcək. Donald Tramp isə amerikalılar üçün xarakterik olmayan, ən qalmaqallı prezident olacaq.

 

Tramp daxili siyasətində emiqrantlara, meksikalılara, müsəlmanlara, eləcə də qadınlara  qarşı qalmaqallı, irqçi mövqeyi ilə seçilir. Xarici siyasətdə isə milyarder namizəd Rusiya ilə yaxşı əlaqələrin tərəfdarıdır, NATO-ya skeptik yanaşır. Dövlət katibi olduğu dövrdə elə də uğurlu siyasi gedişləri ilə fərqlənməyən demokratların namizədi Klinton isə xarici siyasətdə "şahin" olaraq göstərilir. Praqmatik siyasətçi kimi tanınan xanım namizəd İraqın işğalının, ABŞ-ın Liviyaya hava hücumlarının, Əfqanıstanda ABŞ-ın hərbi mövcudluğunun tərəfdarı olub. O, eyni zamanda İŞİD-lə mübarizənin də tərəfdarıdır.

 

Siyasi şərhçi Fuad Çıraqov hesab edir ki, Hilları Klinton hakimiyyətə gələrsə, ABŞ-da erməni lobbisinin mövqeyi Obama administrasiyası ilə müqayisədə zəifləyəcək. Eyni zamanda Klinton Cənubi Qafqaz regionunda daha fəal siyasət yürüdəcək. Tramp prezident seçilərsə, ABŞ-ın bölgədəki aktivliyi zəifləyəcək. Çünki Tramp daha çox daxili məsələlərə diqqət yetirdiyindən, Azərbaycanın və post-sovet məkanının Rusiyanın maraq dairəsinə qalmasının tərəfdarı olacaq: "Azərbaycana, post-sovet məkanına o baxımdan təsir edə bilər ki, Klintonun ətrafında Rusiya ilə münasibətdə daha sərt siyasətin tərəfdarları cəmləşib. Trampın ətrafında isə Rusiya ilə dil tapmağın, Rusiyaya güzəştlər edilməsinin, onun dominantlığının tanınmasını müdafiə edən şəxslər cəmləşib".

 

Bakı sakinləri arasında apardığımız sorğu isə göstərir ki, böyük əksəriyyət Hillari Klintonun seçiləcəyini düşünür:

 

- Demək olar ki, hər iki namizədin səs faizləri bərabərdir. Amma cüzi fərqlə. Böyük ehtimalla Klinton seçiləcək.

 

- Təbii ki, Trampı seçməzlər. Başqa namizəd seçilməlidir. Çünki Tramp qeyri-adekvat adamdır.

 

- Mən belə böyük, demokratik bir dövlətdən bu cür namizədin olmasını gözləmirdim. Məncə, Klinton seçiləcək.

 

- Amerika tarixində indiyədək qadın prezident olmayıb. Məncə, bu dəfə qadın prezident olacaq.

 

Amma Donald Trampın da qələbəsinə inananlar var:

 

- Bu seçkilərdə Tramp mənə daha cəlbedici görünür.

 

Lakin öz qalmaqallı bəyanatları, aktyorluğu, aqressivliyi ilə seçilən Trampa ABŞ əhalisinin inamı az deyil. Son rəy sorğularına əsasən, Hillari Klinton Donald Trampı cəmi 2 faiz səslə qabaqlayır. Klinton 43%, Tramp isə 41 faiz səs toplayıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR