"Rəşad Azərbaycanın milli qəhrəmanıdı" - İngilis mütəxəssis

"Rəşad Azərbaycanın milli qəhrəmanıdı" -   İngilis mütəxəssis
19:07 10 Noyabr 2016
88 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi sabah seçmə mərhələdə Şimali İrlandiya yığması ilə səfər matçına çıxacaq.


Fanat.Az xəbər verir ki, 3 oyuna qapısından top buraxmadan Azərbaycanın 7 xalla qrupda II pillədə qərarlaşması İrlandiya adasında da təəccüblə qarşılanıb.


"Belfast Teleqraf" vaxtı ilə Azərbaycanda çalışmış britaniyalı mütəxəssisi danışdırıb. Əvvəl "Qəbələ"də işləmiş, daha sonra AZAL klubunda idman direktoru olmuş Daril Uillarddan maraqlı müsahibə götürüb.


İngilis mütəxəssis Norveç üzərində Bakıda 1:0 hesablı qələbəmizi möhtəşəm nəticə adlandırıb: "Son illərdə yeni oyunçular cəlb olunmaqla milliləri çox dəyişib. Robert Prosineçkinin özünəəmin və inamlı oynayan komandası var. Gələndə onun etdiyi ilk şey komandasını düzgün futbol oynatmağa çalışması oldu. Özü də istedadlı oyunçu olduğundan, futbolçulardan nə istədiyini bilirdi. O, komandanın çox sərbəst oynamasını və rəqibə qarşı hücumda oynamasını istəyir. Əvvəl isə bu baxımdan çatışmazlıq vardı. Azərbaycan əvvəlki illərdə ancaq müdafiə strategiyası barədə düşünürdü. İndi isə onlarda qol vurmağa yüksək inam var. Çexlərlə oyunda onlar qalib gələ də bilərdilər. Ancaq Norveçlə oyunun nəticəsi fantastik nailiyyətdir".


Uillard sabah zədəsinə görə oynaya bilməyəcək millimizin və "Qarabağ"ın kapitanını tərifləyib. O həmçinin əvvəlki 2 oyunda (1:1, 2:0) Şimali İrlandiyanın baş məşqçisi Maykl Onillin Azərbaycan tərəfindən məyus edildiyini nəzərə alaraq bu dəfə rəqibi yaxşı təhlil etdiyini bildirib: "Rəşad Sadıqov kimi oyunçu 100-dən çox matç keçirib və o, Azərbaycanın milli qəhrəmanı, milli xəzinəsidir. O böyük uğurlara nail ola bilərdi, ancaq Azərbaycanda oynamağa üstünlük verdi. Rəşad milli komandanın açar oyunçusudur. Maykl Onill artıq Azərbaycanın qalan hissəsini də öyrənmiş olar. Artıq o dəqiq kimin kim olduğunu bilir. Norveç üzərindəki qələbədən sonra əmin olmaq olar ki, onlar bu oyunda "yüksək səmalar" üzərində olacaqlar. Əminəm ki, Robert Prosineçki Şimali İrlandiyanı hərtərəfli araşdırıb. Oyunçuları Belfasta özlərinə inanaraq gəlib".


O, sabiq klubu "Qəbələ"dən, Azərbaycan futbolunun inkişafından da danışıb: "Norveçlə yaxşı nəticədən və "Qarabağ"la "Qəbələ"nin inkişafından sonra Azərbaycan əhalisində futbola maraq artıb. "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələlərində çıxış etməsi futbolçulara Avropada ən yaxşı komandalara qarşı yüksək səviyyədə oynamağa imkan verir. Gənc oyunçular da əvvəlkilərdən daha yaxşıdır. Futbol əvvəlkindən daha yüksək vəziyyətdədir və çoxlu gənc nəsil futbolçular komandalara cəlb olunur. 6 il əvvəl ölkədə gəncləşdirmə siyasəti yox idi. İndi isə 9 yaşdan 17-dək aşağı yaş qruplarından ibarət komandalar var".


Proqnoza gəlincə, Daril Uillard bu dəfə sensasiyanın olmayacağını bildirib: "Norveç üzərində sensasion qələbə bu tsikldə Azərbaycan üçün yeganə olmayacaq. Əminəm ki, çox maraqlı oyun olacaq. Düşünmürəm ki, hər 2 komanda çox qol vursun. Şimali İrlandiyanın fiziki göstəriciləri imkan verdiyindən, künc zərbələrindən qol vurmaq şansları daha çox olacaq. Yəqin ki, Şimali İrlandiya 1:0 qalib gələcək".


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrad-azrbaycann-milli-qhrmandquot-t54044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR