BP Xəzərdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğunu təsdiqlədi

BP Xəzərdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğunu təsdiqlədi
14:34 11 Noyabr 2016
115 Digər
Ölkə mətbuatı
A- A+

Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən çıxarılmış meyitin "KCA Deutag" şirkətinin əməkdaşı olduğu təsdiqlənib. Bu barədə "APA-Economics"ə Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP şirkətindən məlumat verilib.

 

"Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən insan meyiti çıxarılmışdır. Meyit sahilə gətirilib və müvafiq hüquq mühafizə orqanlarına təhvil verilmişdir. Meyitin Dərinsulu Günəşli platformasında itkin düşmüş şəxsə məxsus olduğu onun işlədiyi şirkət olan "KCA Deutag" tərəfindən təsdiq olunub. Bütün əlavə sualların müvafiq hüquq-mühafizə orqanlarına ünvanlanması xahiş olunur", - deyə məlumatda bildirilir.

 

Bundan öncə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Facebook" sosial şəbəkəsində yazıb ki, itkin düşən şəxsin adı Qalib Hacıyevdir. Sosial şəbəkə istifadəçilərindən biri qeyd edib ki, Q. Hacıyev "KCA Deutag" şirkətinin əməkdaşıdır.

 

Qeyd edək ki, noyabrın 8-də Dərinsulu Günəşli platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən "APA-Economics"ə verilən məlumata görə, hadisənin təfərrüatları araşdırılır: "BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları səfərbər edilib. Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR