Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Babası Atatürkün həbsinə əmr verən türk Britaniyada necə nazir oldu? - FOTO/VİDEO

Babası Atatürkün həbsinə əmr verən türk Britaniyada necə nazir oldu? - FOTO/VİDEO

Date: 11 November 2016 15:13

Onun maraqlı yaşam tərzi bir neçə gün əvvəl, London polisinin məşhur terror xəbərdarlığı ilə dünya mətbuatının gündəminə gəldi. Belə ki, polis Britaniyanın xarici işlər naziri Boris Consona paytaxt küçələrində velosipedlə gəzməyi qadağan etdi. Hər gün nazirliyə velosipedlə gedib-gələn nazir indi xidməti "Limuzin" avtomobilindən istifadə etməyə məcburdur.

Qeyd edim ki, ölkə mediası, o cümlədən "The Daily Mail" qəzeti Boris Consonun işdən sonra da Tauer körpüsündə və şəhərin digər yerlərində velosipedlə gəzdiyini işə bu nəqliyyat vasitəsi ilə gedib-gəldiyini yazıb. Bir müddət əvvəl nazir vəzifəsinin sükanı arxasına əyləşmiş Boris London polisinin ona velosipedlə gəzməyi qadağan etdiyi günə qədər bu ənənəni davam etdirəcəyinə ümid edib. Qadağa nazirin etirazı ilə qarşılansa da, həyatı üçün təhlükə xəbərdarlığını alan nazir sonda bununla razılaşmağa məcbur olub.

Qeyd edək ki, davranışları ilə diqqət çəkən Boris Consonun həyatı ilə bağlı araşdırma apardıqda digər maraqlı məqamlar da ortaya çıxdı.

Publika.az “Anarın müəllif araşdırması” layihəsi çərçivəsində Boris Consonun və yaxınlarının həyatı ilə bağlı diqqət çəkən faktları təqdim edir:

Atatürkün həbsinə göstəriş verən nazir

Jurnalistikadan siyasətə, oradan isə yüksək siyasi karyeraya ucalmış Boris Conson əslində türk əsillidir. Nazirin əcdadları ilə bağlı araşdırma apardıqda daha maraqlı faktlarla ortaya çıxır.

Sən demə, əvvəllər jurnalistika ilə məşğul olmuş Boris Consonun ata tərəfindən ulu babası türk imiş: Əli Kamal. Digər maraqlı məqam isə bundan ibarətdir ki, Əli Kamal da törəməsi Boris kimi jurnalist işləyib.

Qısa zamanda Əhməd Teflik paşanın hökumətində daxili işlər naziri vəzifəsində çalışmış bu şəxs həm də Osmanlı imperiyasının sonuncu böyük vəziri olub. Əli Kamal nazir vəzifəsində çalışarkən Türkiyədə cümhuriyyət qurmağa çalışan və təslimçi siyasət yürütmüş imperiyaya qarşı çıxan Mustafa Kamal Atatürkün həbs edilməsi barədə göstəriş verib. Məlumdur ki, Türkiyəni Qərb dövlətlərinin tapdağı altında qoyan Osmanlı imperiyasının Atatürk barədə qərarları həyata keçmədi. Əksinə, Mustafa Kamal siyasi və hərbi uğurları ilə hakimiyyətə yiyələndi.

Əli Kamal Atatürkün hakimiyyətə gəlişindən sonra Nurəddin paşa tərəfindən linç edilir. O, Britaniyaya qaçır və burada özünə Vilfred Conson (Wilfred Johnson – A.T.) adını və soyadını götürür.

Boris Consonun ata tərəfindən ulu nənəsi də türkdür. Çərkəz millətindən olan Hənifə Fərəd Rusiyadan qaçıb. Consonun ana tərəfindən ulu babası isə yəhudi əsilli amerikalı alim paleoqraf Elias Levi olub.

Devid Kemeronla dostlaşan, şahzadəyə yaxınlaşan jurnalist

Mediada adı Boris Conson kimi qeyd edilən nazirin əsl adı və soyadı Aleksandr Boris de Pfeffel-Consondur. O, 1964-cü ilin 19 iyununda ABŞ-ın Nyu-York şəhərində dünyaya gəlib. Əslən türk kökənli Boris dörd uşaqlı ailədə böyüyüb.

Əvvəllər jurnalist işləyib və bir sıra maraqlı araşdırmaları ilə məşhurlaşıb. 2001-2008-ci illərdə Nümayəndələr Palatasının üzvü olub və siyasi fəaliyyətini Konservatorlar Partiyasında davam etdirib.

1970-ci illərin əvvəllərində Borisin atası Stenli Conson (Stanley Johnson –A.T.) Avropada ətraf mühitin çirklənməsinə nəzarət üzrə məsul şəxslərdən idi. Buna görə Boris ibtidai təhsilini Brüsseldəki məktəbdə başladı.

Bir neçə il sonra ailə Britaniyaya köçür və Boris təhsilini Şərqi Sasseksdə almağa başlayır. 1983-1984-cü illərdə Oksford Universitetinin Balliol Kollecində təhsilini davam etdirir. Habelə Bullinqdon klubuna üz tutur. O, burada şahzadə Diananın qardaşı, eləcə də Konservatorlar Partiyasının gələcək rəhbəri, Britaniyanın hazırkı baş naziri Devid Kemeronla dostlaşır.

Universiteti bitirdikdən sonra jurnalistika ilə məşğul olan Boris 1987-ci ildə dünya miqyaslı “Daily Telegraph”da çalışmağa başlayır. Cəmi 2 il sonra ona məsul vəzifə - qəzetin Brüsseldəki xüsusi müxbiri işi tapşırılır. O, bu vəzifədə 1994-cü ilə qədər çalışır. Həmin ildə qəzetin baş redaktorunun müavini və aparıcı siyasi şərhçisi olur. Eyni zamanda “BBC”nin proqramı ilə əməkdaşlıq edir. Sonra “Spectator”un baş redaktoru vəzifəsinin sükanı arxasına əyləşir.

Siyasi prosesləri işıqlandıran, eyni zamanda analitik kimi çalışan Boris özü də tədricən siyasətlə məşğul olmağa başlayır. Hətta 2001-ci ildə ilk dəfə olaraq Konservatorlar Partiyasından Britaniya parlamentinin Nümayəndələr Palatasına üzv seçilir.

Velosipedli məmur, küçədə insanlarla şəkil çəkdirən mer

Bu illər ərzində parlament üzvü kimi çalışan gələcək nazir 2007-ci ildə London meri vəzifəsinə namizədliyini irəli sürür. 2008-ci ildə paytaxt meri seçilən Borisin bir sıra qeyri-adilikləri London sakinlərinin diqqətini cəlb edir. İşə velosipedlə gedib gələn mer küçədə sakinlərlə söhbətlər edir, bəziləri ilə səmimi fotolar çəkdirir. Nə qədər qəribə də olsa o, bəzən evə alış-verişi də özü edir.

2015-ci ilin mayında keçirilən ümumi seçkilərdə yenidən Britaniya Parlamentinin Nümayəndələr Palatasının üzvü seçilən Boris Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının – “Brexit"in qatı tərəfdarı idi.

2016-cı ilin 13 iyulunda Tereza Meyin kabinetində Britaniyanın xarici işlər naziri vəzifəsinə təyin olunur.

Ailə həyatına gəldikdə bildirək ki, nazir 1987-ci ildə Mostin Ouenlə evlənən Borisin bu nikahı uğursuz olub. Buna görə də o, 1993-cü ildə teleaparıcı Çarlz Uillerin qızı Marina ilə ailə həyatı qurub. Cütlüyün dörd övladı var. Conson paytaxtın şimalında – İslinqtonda yaşayır.

Britaniyanın hökumət rəsmisi diktator Bəşər Əsədə və ABŞ prezidentliyinə namizəd Donald Trampa mənfi münasibəti, Türkiyəyə qarşı loyallığı ilə seçilir.

Boris Consonun davranışlarındakı maraqlı məqamlar bununla yekunlaşmır. Tanışlarının dediyinə görə, nazir tez-tez onunla bir ərazidə yaşayan insanlarla səmimi görüşür keçirərək, onlarla söhbət edir. Hətta bəzən zarafatlaşır da. Əvvəllər mer vəzifəsində çalışanda bəzən küçədə velosipedini saxlayaraq uşaqlara da zarafat edib. Bütün bunlar bir yana, mer vəzifəsində çalışanda Boris Conson ona müraciət edən paytaxt sakinləri ilə bir-bir görüşərək onları dinləməyə çalışıb.

Vaxtilə bir çoxları onu dünyanın ən zarafatcıl meri adlandırırdılar. Komik hərəkətlər edən, fəhlələrin paltarlarını geyinib onlarla zarafatlaşan məmurun qəribə mimikası və davranışları onu hələ 2000-ci illərin əvvəllərində Avropaya və dünyaya tanıtdı.

Anar Tağıyev


Tags:  Babası Atatürkün həbsinə əmr verən türk Britaniyada nazir oldu FOTOVİDEO


RƏYLƏR


Top news