Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İnternet media resurslarında Qarabağ mövzusunun stimullaşdırılması”

"İnternet media resurslarında Qarabağ mövzusunun stimullaşdırılması”

Date: 11 November 2016 15:59

"Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "İnternet media resurslarında Qarabağ mövzusunun stimullaşdırılması” layihəsinə yekun vurub.

 

Lent.az-ın məlumatına görə, bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirilib. Dəyirmi masada layihə çərçivəsində aparılan monitorinqin nəticələri aşıqlanıb. Bu barədə çıxış edən birliyin sədri Asəf Quliyev nəticələrin sevindirici olmadığını diqqətə çatdırıb.

 

“Dörd saytda üç ay ərzində 33268 material emal olunub. Bu materialların 1202-si Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Bu da ümumi emal olunan materialların 3.6 faizi qədərdir. Azərbaycanın bir nömrəli probleminə belə yanaşma ürəkaçan deyil. Əlbəttə, kimsə bu rəqəmi çox da aşağı hesab etməyə bilər. Amma bu materiallardan yalnız 56-sı eksklüziv olub. Qalanları isə təkrar dərc olunan və ya rəsmi strukturların yaydığı, hamının dərc etdiyi məlumatlar olub”.

 

Asəf Quliyev monitorinqin metodologiyası və aparılan araşdırmaların hansı parametrlərə görə olduğunu diqqətə çatdırdıqdan sonra əldə olunan nəticələrlə bağlı Mətbuat Şurasına və digər əlaqədar qurumlara məlumat veriləcəyini bildirib.

 

Daha sonra diskussiyalar keçirilib.

 

Konfliktoloq Əvəz Həsənov yaranmış situasiyada Azərbaycanın informasiya siyasətində geri qalmasının səbəbləri barədə fikirlərini bölüşüb. Qarabağ döyüşçüsü Abuzər Abulov hərbi jurnalistika sahəsində mövcud olan problemlərdən danışıb. Bəzən yayılan informasiyalarda yanlışlığa yol verildiyini diqqətə çatdırıb.  

Jurnalist Bəxtiyar Məmmədli jurnalistlərin üzləşdiyi obyektiv və subyektiv problemlərdən söz açıb. Ehtiyatda olan mayor Ədalət Verdiyev Qarabağ həqiqətlərini daha yaxşı işıqlandırmaq və beynəlxalq aləmə çıxarmaq üçün ixtisaslaşdırılmış jurnalistlərə ehtiyac olduğunu xüsusi vurğulayıb. Jurnalist Elnur Eltürk Qarabağ həqiqətlərinin dünya mediasına çıxarılması üçün görülən işlərdən, mövcud çətinliklərdən və perspektivlərdən söz açıb. Ehtiyatda olan polkovnik Xətai Baxışov Azərbaycan və Ermənistan KİV-lərinin paralel monitorinqinin aparılmasının informasiya cəbhəsində yaranmış situasiyaya aydınlıq gətirmək baxımından əhəmiyyətli ola biləcəyi təklifi ilə çıxış edib. Yazar Rafail Tağızadə gələcəkdə belə monitorinqlərin televiziyalar üzərində aparılmasını və müvafiq nəticələrin ictimaiyyətə açıqlanmasını təklif edib.

 

"Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyinin sədri Asəf Quliyev Qarabağ həqiqətlərinin daha düzgün işıqlandırılmasına dəstək vermək məqsədi ilə yaradılan sayt barədə məlumat verdi. Onun sözlərinə görə yeni yaradılan frontline.az saytının 3 dildə fəaliyyət göstərməsi nəzərdə tutulur.

 

Sonda əlaqədar təşkilatlar üçün hazırlanmış təkliflər dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıldı. 


Tags:  İnternet media resurslarında Qarabağ mövzusunun stimullaşdırılması



RƏYLƏR


Top news