Zaman keçdikcə ermənilərin və sovet Rusiyasının
Azərbaycan xalqına qarşı yeni-yeni xəyanətləri və ağır cinayətləri
üzə çıxır, tarixin qaranlıq səhifələrində gizli qalmış məqamların
üstü açılır. Ötən əsrin 20-ci illərində daşnaklara qarşı mübarizə
apararaq Azərbaycanın ərazi bütövlüyü uğrunda silaha sarılmış,
30-cu illərdə isə naməlum şəkildə öldürülmüş Abbasqulu bəy
Şadlinskinin müəmmalı qətli də bu qəbildəndir. Lakin zaman keçdikcə
araşdırmaçılarımız, o cümlədən tədqiqatçı Əziz Ələkbərli həmin
dövrü tədqiq edərək erməni xəyanətkarlığına dair bir sıra faktları
üzə çıxarıblar.
Publika.az araşdırmaçı Əziz Ələkbərlinin
topladığı faktlar əsasında Azərbaycan xalqının qəhrəman və
vətənpərvər oğlu Abbasqulu bəy Şadlinskinin həyatının ən maraqlı
məqamlarını təqdim edir.
Yazının birinci hissəsi ilə buradan tanış ola bilərsiniz.
Düşmənləri diz çökdürən Azərbaycanın “Mübariz dəstə”si – FOTOLAR
Əsgərlər zabitlərə təzim edərək onları dərhal içəri buraxırlar.
Erməni nazirdən etiraf: “Abbasqulu bəy bizi məğlub
etdi”
Əziz Ələkbərli qeyd etdi ki, Daşnak Respublikasının ilk baş
naziri Ohanes Kaçaznuni döyüşlərdə dəfələrlə Abbasqulu bəy
Şadlinskiyə məğlub olub: “1921-ci ildə Parisdə Daşnaksütyun
Partiyasının qurultayında “Biz niyə məğlub olduq?” sualı qoyulur.
Kaçaznuni hesabat verir və məğlubiyyətin səbəblərindən birini belə
izah edir: “Biz 1918-1920-ci illərdə Vedibasarın və Şərurun üzərinə
qoşun göndərdik və oranı güc yolu ilə tabe etməyə çalışdıq. Bizim
birinci səhvimiz o idi ki, həmin əraziyə qoşun göndərdik. İkinci
səhvimiz isə bu idi ki, ora qoşun göndərsək də məğlub olduq”.
Bütün bunlar Abbasqulu bəyin xidmətlərinin nəticəsidir: “Birinci
Dünya Müharibəsinin sonlarında ermənilər ingilislərlə birlikdə
Vediyə gəldilər. Bildirdilər ki, artıq bu ərazi Antantanın
ixtiyarındadır. Lakin Abbasqulu bəy ermənilərə “rədd olun
ingilislərlə birlikdə”- deyərək onları bölgədən qovur”.
Lakin qüvvələr nisbəti qeyri-bərabər idi: “Güclü daşnak ordusu
1920-ci ilin yayında Abbasqulu bəyi mühasirəyə aldı. O, mühasirəni
yarıb Sədərəyə keçdi. Gördü ki, burada bir nəfər azərbaycanlı
qalmayıb. Oradan da Şərura üz tutdu. Daha sonra İrana keçirmək,
bütün əhalini düşmənin atəşi altından çıxarmaq istəyirdi. Lakin
İran sərhədçiləri buna icazə vermədilər. Belə olduqda Abbasqulu bəy
İran sərhədçilərindən ikisini öldürüb, əhalini İrana keçirdi”.
1919-cu ildə ingilislər danışıq adı altında Vediyə gəlirlər:
“Onlar Abbasqulu bəyi danışıqlar adıyla zirehli qatara dəvət
edirlər. O, qatara danışıq aparmaq üçün daxil olanda bəyi tələyə
salıb, həbs edirlər. Qatar İrəvana istiqamət alır. Bəyi həbs
edirlər. Azərbaycan Cümhuriyyətinin nümayəndələri İrəvandakı
nümayəndə Məhəmməd xan Təkinskiyə teleqram vurub, təcili surətdə
Abbasqulu bəyi həbsdən azad etməyi tapşırırlar. Gecə ilə Abbasqulu
bəyi həbsdən qaçırırlar”.
“Nə qədər ki o sağ idi, ermənilər heç kimə toxuna
bilmirdi”
Bundan sonra o, Vediyə rəhbərliyi davam etdirir: “Təəssüf ki,
Abbasqulu bəyin qoruduğu zona neytral ərazi olduğundan o,
Azərbaycan Xalq Cümhuriyyətinə birləşə bilmirdi. 1920-ci ilin
aprelində Azərbaycanda sovet rejimi quruldu. Sentyabrda sovet
hökuməti Abbasqulu bəyi geri çağırdı. Bir az sonra onu “Qırmızı
tabor”a komandir təyin etdilər. Nəriman Nərimanovun və Abbasqulu
bəyin xidmətləri sayəsində azərbaycanlılar ata-baba yurdlarına –
Vedibasara qayıda bildilər. Torpaqlarımız daşnaklardan təmizləndi.
Əgər o ərazidə sovet hökuməti yaradılmasaydı, soydaşlarımız öz
yurdlarına qayıda bilməyəcəkdilər”.
Araşdırmaçının sözlərinə görə, nə qədər ki Abbasqulu bəy sağ
idi, ermənilər Vedibasarda bir nəfərə bələ toxuna bilmirdilər:
“Qırmızı tabor İrəvanı, Şəruru, Dərələyəzi, Zəngəzuru erməni
daşnaklarından təmizlədi. Abbasqulu bəy 1921-ci ilin sentyabrından
– Azərbaycanın sovet işğalı dövründə də ermənilərə qarşı döyüşür,
onlara qan uddururdu. O, milli davasını aparırdı. Qərbi Azərbaycan,
indiki Ermənistan ərazisindən erməni daşnaklarının çıxarılması
Abbasqulu bəyin tarixi xidmətlərinin bəhrəsidir.
1921-ci ildə müharibə başa çatdı, Abbasqulu bəy Zəngəzurdan
Naxçıvana – Qırmız taborun yaradıldığı yerə qayıtdı. Həmin Naxçıvan
Milli Hökuməti yaradıldı və Abbasqulu bəy onun üzvü oldu.
Sənədlərdə onun adındakı bəy sözünü çıxarıb sadəcə Şadlinski sözünü
yazırlar. Abbasqulu bəy Naxçıvan qarnizonunun rəisi olaraq bir neçə
il onun sərhədlərini qoruyur”.
Erməni təhlükəsi sovuşur. Dinclik dövründə Abbasqulu bəy Vediyə
qayıdır: “O, hökumətə müraciət edərək Vedibasar ərazisində, Dəvəli
kəndinin əhəng qayaları yaxınlığında əhəng zavodunun əsasını qoyur
və onu tikdirir. Yeri gəlmişkən, Dəvəli sement zavodu bu gün də
fəaliyyət göstərir və Ermənistanı əhənglə təmin edir”.
“Bolşevik və ermənilərin Abbasqulu bəyi məhv
planı”
“Axırıncı aşırım” filmində də göstərildiyi kimi, 1930-cu ildə
zavodun inşası zamanı onu çağırıb Kərbəlayı İsmayılla danışıqlara
göndərirlər. Abbasqulu bəy bilirdi ki, Kərbəlayı İsmayıl sovet
hökumətinə heç nə edə bilməyəcək. Onun Kərbəlayı ilə görüşə
getməsində məqsəd qardaş qanının tökülməsinin qarşısının alınması
idi. Abbasqulu bəy bolşeviklərdən Kərbəlayı İsmayıl silahı yerə
qoyacağı təqdirdə ona və silahdaşlarına toxunulmayacağı ilə bağlı
təminat alır. Bəy 1930-cu ilin martında Kərbəlayı İsmayılla görüşə
Vedinin kolxoz sədri, bölük komandirlərindən biri olmuş Xəlillə
gedir. Sonradan onlara Vedinin raykomunun təbliğat-təşviqat
şöbəsinin müdiri Müzəffər Talıbovu da qoşurlar. Talıbova müəyyən
tapşırıq verilmişdi”.
Bolşevik-erməni birliyi Abbasqulu bəyi məhv etmək, Kərbəlayı
İsmayılı isə zəiflətmək üçün məkrli plan hazırlayırlar: “Abbasqulu
bəyin, Xəlilin və Talıbovun səfərindən bir gün əvvəl gecə Kərbəlayı
İsmayılın yanına adam göndərirlər. Həmin şəxs qaçaqlara deyir ki,
Abbasqulu bəy sizin yerinizi öyrənməyə gəlir. Bəy geri qayıtdıqdan
sonra üstünüzə qoşun göndərəcək. Abbasqulu sizi satıb.
Fikir verin, bir tərəfdən Abbasqulu bəyi Kərbəlayı ilə görüşə
göndərirlər, digər tərəfdən isə qaçaqları bəyin üstünə qaldırırlar.
Qaçaqlar onlara göndərilən məktubu oxuyurlar. Bolşevik-erməni
hiyləsinə inanan qaçaqlar deyirlər ki, bəy bizi satıb, yerimizi
öyrənmək istəyir. Qərara alırlar ki, Abbasqulu bəyi öldürsünlər.
Onun ölümü barədə fitva 1 gün əvvəldən verilir”.
Şadlinskiyə kimlər güllə atmışdı?
Abbasqulu bəy, Xəlil və Talıbov əvvəlcə Qarabağlara, sonra
Əzizkəndə və Kolanıya getsələr də, Kərbəlayını tapa bilmirlər. Buna
görə də geri qayıtmalı olurlar: “Axırıncı açırım” filmində
Abbasqulu bəyin görüşə guya silahsız getdiyi bildirilir. Amma bunun
əksinə olaraq Abbasqulu bəy heç vaxt silahı belindən açmazdı.
Qaçaqlar tərəfindən ilk güllə Kərbəlayının qardaşı oğlu Məhərrəm
tərəfindən atılır və Xəlilin qoluna dəyir. Abbasqulu əyilib,
Xəlilin tüfəngini götürmək istəyəndə ikinci güllə bəyin qolundan
dəyir. O, dərəyə yıxılır. Bir qədər keçir. Qaçaqlar onun
ölüb-ölməməsinə əmin ola bilmirlər. Abbasqulu bəy papiros
yandıranda qaçaqların hamısı papirosun közünə atəş açır.
Güllələrdən biri bəyin başından dəyir”.
Araşdırmaçı qeyd etdi ki, Abbasqulu bəyə güllə atanlar arasında
Məhərrəm, Qəmlo, Bəhlul və digərləri olub: “Fakt budur ki, qaçaqlar
erməni hiyləsinin qurbanı oldular. Ermənilər bu tələni Abbasquluya
quraraq bəyi aradan götürdülər. Çünki o, mahalda ermənilərə qarşı 3
il mübarizə aparıb düşmənlərimizə qan uddurmuşdu”.
İrəvanda 80-ci illərə qədər büstü qalan
azərbaycanlı
Tədqiqatçı xüsusi olaraq vurğulayır ki, bütün bunlar ermənilərin
əli ilə həyata keçirildi: “Əvvəla, Abbasqulu bəy heç vaxt
qaçaqları, el oğullarını satmazdı. Faktlar göstərir ki, baş
verənlər erməni hiyləsi idi.
Əgər SSRİ-də repressiyada 1937-ci ildə başlamışdısa, Vedibasarda
dinc əhaliyə divantutmaya 30-cu illərin əvvəllərində start verildi.
İki qohum – Kərbəlayı İsmayılla Abbasqulu bəyin arasını vuran və
Şadlinskinin öldürülməsini gizli yolla təşkil edən sovet
Ermənistanının daşnak hökuməti (Ermənistan SSRİ-də də hökumətin
tərkibində xeyli daşnak vardı) Vedibasarda vaxtilə ermənilərə qarşı
döyüşmüş yüzlərlə soydaşımızı sürgün etdi, güllələdi, ailələrini
didərgin saldı.
Yeri gəlmişkən, əgər Kərbəlayı öldürülsəydi, Abbasqulu bəy sağ
qalsaydı, Vedidə bir nəfərin belə, burnu qanamazdı. Çünki Abbasqulu
bəyin nüfuzu çox idi. Onun öldürülməsi ermənilərə Vedidəki
soydaşlarımıza, o cümlədən 1918-1921-ci ildə daşnaklara qarşı
döyüşmüş insanlara divan tutmağa imkan verdi”.
Abbasqulu bəy öldürüldükdən sonra böyük Vedi kəndində, orta
məktəbin qarşısında Xəlillə birlikdə dəfn edilir: “Onun dəfni
təntənəli şəkildə həyata keçirildi. Mərasimə xeyli rəsmi şəxs
qatılmışdı.
Onların dəfn edildiyi ərazidə sonradan zavod da tikildi.
Abbasqulu bəyin tarixi xidmətlərini ermənilər də etiraf edirdilər.
Belə ki, 80-ci illərə qədər İrəvandakı tarix muzeyində bəyin büstü
qalmaqdaydı”.
Yeri gəlmişkən, tarixçi “Qarlı aşırım” romanının yazılması və
“Axırıncı aşırım” filminin çəkilişi ilə bağlı maraqlı fakta
toxundu: “60-cı illərdə ermənilər Andronikin xatirəsini
əbədiləşdirmək məsələsini qaldırdı. Onda Moskva daşnakı
əbədiləşdirmək istəyən İrəvana sərt reaksiya verdi və Ermənistan
rəhbərliyi cəzalandırıldı. Belə olduqda Fərman Kərimzadə bu əsəri
yazmağa başladı və sonra həmin roman əsasında film çəkildi”.
Tədqiqatçı hesab edir ki, ermənilər Abbasqulu bəyin məzarını
çoxdan dağıdıblar. Bu arada digər faktı qeyd etmək yerinə düşür.
Müsahibim bildirdi ki, Kərbəlayı İsmayılla görüşə Abbasqulu bəy və
Xəlillə birlikdə getmiş bolşevik Talıbovun əsl missiyası bu günə
kimi məlum deyil: “Fikir verin - qaçaqlar Abbasqulu bəyi və Xəlili
öldürdülər. Onlar yanaşı dəfn edildilər. Bəs Talıbov hanı? Qaçaqlar
ona niyə toxunmadılar? Abbasqulu bəyin dəfnindən sonra onu Vedidən
çıxardılar. Məncə, bu, təsadüfi deyil. Ortada müəmmalı məqamlar
var”.
Anar Tağıyev
Xəbərin orijinal ünvanı: http://publika.az/projects/anarteqdimedir/176121.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)