Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müştərisiz qalan "Təzə bazar", bahalaşan məhsullar - REPORTAJ

Müştərisiz qalan "Təzə bazar", bahalaşan məhsullar - REPORTAJ

Date: 23 November 2016 11:39

Havalar soyuduqdan sonra bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə edilir. Bu, daha çox özünü ət və ət məhsullarının qiymətində büruzə verir. Son bir ayda paytaxtın əksər bazarlarında qiymətlərdə 10 qəpik-1 manat arası dəyişiklik var.
 
Qiymətlərlə yerində tanış olmaq üçün əvvəlcə "Təzə bazar"a baş çəkdik. Həftənin ilk günü  və havanın digər günlərə nisbətən daha soyuq olduğunu nəzərə alsaq, demək olar ki, sözügedən məkanda demək olar ki, tək-tük alıcı ilə rastlaşmaq olardı.
 
Elə satıcılar da alıcılıq qabiliyyətinin aşağı olmasından şikayətçidir. Onlar da əvvəlki aylarla müqayisədə "Təzə Bazar"da alıcı qıtlığı yaşandığını gizlətmir.
 
Kartofun qiyməti 70 qəpik-1 manat, soğan 50 qəpik, kələmin kiloqramı 50 qəpik, yerkökünün qiyməti 80 qəpikdən başlayır, çuğundur 80 qəpik-1 manata satılır. Kənd təsərrüfatı məhsullarının qiymətində ciddi bahalaşma yoxdur, çünki alıcılıq qabiliyyəti zəifdir. Ötən aylarda kartofun qiyməti 50-60 qəpiyə satılırdı, indi çox olsa, 20 qəpik artım var ki, bu da havaların soyuq olması və maşının qiymətləri ilə əlaqəlidir.
 
Bundan başqa, pomidor  və xiyarın kiloqramı 2 manat, kələm 40-50 qəpiyə təklif olunur: "Badımcan 1 manat 20 qəpik, soğan 30, kartof 40 qəpiyə də təklif olunur. Alıcılıq qabiliyyəti sıfıra bərabərdir. Qiymətlər də bundan ucuz ola bilməz. Gedin, baxın topdansatış bazarlarına, görün qiymət fərqlənirmi, necə alırıq, elə də bazara çıxarırıq. Yəni ciddi qiymət artımı yoxdur".
 
Meyvələrin qiymətinə gəlincə, satıcılar deyir ki, bazarda yalnız portağalın qiyməti son 1 ayda bahalaşaraq 2 manatdan baha satılır: "Meyvələrin bəziləri öz məhsullarımızdır, bəzilərini isə görünüşü gözəl olduğu üçün almışıq. Məsələn, banan 2 manat, heyvanın qiyməti 2 manat, xurmanın qiyməti 80 qəpik-1 manat arasında dəyişir. Almaların növündən asılı olaraq qiymət dəyişir. 80 qəpikdən başlayır 2 manata qədər. Portağal və mandarinin qiyməti 2-3 manat arasında dəyişir. Nar 80 qəpik-2 manat. Artım yoxdur, banan 3 manatdan 2 manata qədər enib, yəni topdansatışdan elə olur ki, ucuz alırıq. Biz də onu baha satmırıq. Mən sabirabadlıyam, öz məhsullarımı daha ucuz qiymətə gətirirəm, çünki özüm yetişdirirəm".
 
Bazarda kənd yumurtasının qiyməti 35-40 qəpiyə, hinduşkanın 1 kiloqramı 10 manata, kənd toyuğu 5 manata, broyler toyuqlar isə 3 manata təklif edilir. Bazarda daha çox artım hiss olunan ətin qiyməti ilə maraqlandıq: "Bizim bazarda mal ətini əvvəl satırdıq 5 manata, indi satırıq 6 manata. Mal əti 1 manat qalxıb, qoyun ətinin qiyməti isə 6 manatdan 7 manata qalxıb. Sümüksüz ət 8-9 manata satılır. Ətin qiyməti, demək olar, 1,50 qəpik qalxıb".
 
"Təzə Bazar"da alıcı ilə rastlaşmadıq. Qiymətlərin müqayisəsi üçün üz tutduq "Keşlə bazarı"na. Əvvəlcə bazarın girişində ət məhsullarının qiyməti ilə maraqlandıq.
 
- Mal əti 9.50-10 manatdan satılır. Sümüksüz ətin kiloqramı 11.50-12 manata təklif edilir. Son bir aydır qiymətdə artım müşahidə olunur. Ümumi qiymət artımı ətin qiymətinə təsirsiz ötüşməyib. Əvvəllər 1000 manata aldığımız dananı indi 1200-1300 manata alırıq.
 
- Artıq bir aya yaxındır qiymətdə artım müşahidə olunur. Qiymətin bahalaşmasının əsas səbəbi qəssabların regionlardakı bazarlardan mal tapmaması ilə əlaqəlidir. Bazara mal demək olar ki, çıxarılmır. Çıxan mal da marketinq üçün yararsız mallar hesab olunur. Yəni qəssab dili ilə desək, "çöl malı" hesab olunur. Satış üçün yararlı mal tapılmır. Bir sözlə, qıtlıqdır.
 
23 saylı Baytar Sanitar Ekspertiza Laboratoriyasının direktoru Mehman Əliyev deyir ki, bazarda süni qiymət artımına ciddi nəzarət olunur: "Burda süni qiymət artımına həm bazar rəhbərliyi, nə də aidiyyəti qurumlar ciddi nəzarət edir. Respublika üzrə götürsək demək olar ki, ətin qiymətində artım var. Bu da fəsillə bağlıdır, havalar soyuyanda yemin də qiyməti bahalaşır. Heyvan sahibləri də malın qiymətini bu səbəbdən qaldırır. Dediyim kimi, süni qiymət artımı yol verilməzdir".
 
"Keşlə bazarı"nda balıq məhsullarının qiymətini öyrəndik: "Kefal balığının bir kiloqramı 7 manat, xəşəmin kiloqramı isə bahadır - 10 manat. Kütümlər kiloqramı 8 manat, sudak 8-10 manat, xanı balığı 4-5 manat, Naxçıvandan gələn Araz sazanının qiyməti isə 8 manat, Mingəçevirdən gətirilən xanı balığı kiloqramı 10 manata təklif olunur. Demək olar ki, son bir ayda kiloqramda 50 qəpik artım var".
 
Mal dırnağının kiloqramı 8 manatdan başlayır və ölçüsündən asılı olaraq dəyişir. Fürsətdən istifadə edib alıcıların da fikrini öyrəndik.
 
- Demək olar ki, ətdən başqa heç nə bahalaşmayıb. İstədiklərimi aldım. Bircə əti baha aldım - kiloqramı 10 manata.
 
- Tərəvəz məhsulları almışam. Artım hiss olunmur, hələ ki cibimizə uyğundur.
 
Ət və ət məhsullarının son 1 ayda bahalaşmasına Kənd Təsərrüfatı Nazirliyindən də münasibət öyrəndik. Bildirilib ki, indi bazarlarda müşahidə olunan qiymət artımı mövsümi xarakter daşıyır. Bu ilin 9 ayında ölkədə iribuynuzlu heyvanların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artım var. Azalma müşahidə edilməyib. Heyvandarlığın inkişafı ilə əlaqədar “Avrolizinq”in xətti ilə yeni cins heyvanlar gətirilir. Bu məqsədlə cari ilin 9 ayı ərzində ölkəyə 3255 baş iri buynuzlu damazlıq heyvan gətirilib, 50 faiz güzəştli lizinq yolu ilə fermerlərə verilib. Eyni zamanda ilin sonuna qədər 1500 baş cins xırda buynuzlu heyvanların gətirilməsi nəzərdə tutulub. Bazarda ətə tələbat artıb. Tələb təklifi üstələdiyindən, qiymətlərdə bahalaşma müşahidə olunur”.
 
Nə deyirik, bazar olsun!

Tags:  Müştərisiz qalan Təzə bazar bahalaşan məhsullar REPORTAJ


RƏYLƏR


Top news