Türkiyə ilə Ermənistan arasında 39 il öncə gizli görüşün
keçirildiyi ortaya çıxıb.
Publika.az xəbər verir ki, 1977-ci ildə Süleyman Dəmirəl
hökumətinin xarici işlər naziri Sabri Çağlayangilin Ermənistandakı
3 böyük partiyanın nümayəndələri ilə görüşdüyü haqda məlumatlar
yayılıb.
Britaniyalı ekspert Tomas de Vallın “Böyük Fəlakət: Soyqırımı
kölgəsində türklər və ermənilər” kitabında da bu haqda yazıldığı
deyilir.
Görüş 1977-ci ilin 27 noyabr tarixində İsveçrənin Surix şəhərində
“Qrand” otelində “Yaşıl otaq”da baş tutub. O dövrlər Ermənistan
SSRİ-nin tərkibində olsa da, görüşdə Daşnaksutyun Partiyasının
lideri Savarş Toriguyan, Hınçak Partiyasının lideri Avedis Demiryan
və Ramqavar Partiyasının lideri Parounaq Tovmassiyanla, Türkiyə
xarici işlər naziri Sabri Çağlayangil iştirak edib.
Bu görüş haqqında Baş nazir Süleyman Dəmirəl də daxil olmaqla
yalnız iki, ya da üç nəfərin məlumatı var idi. Görüşün əsas
müzakirə mövzusu ASALA terrorunun qarşısını almaq idi. Lakin erməni
liderlər ASALA üzərində heç bir təsir gücünə malik olmadıqlarını
iddia edib.
Çağlayangilin “1915-ci il hadisələri böyük güclərin hər iki tərəfə
yaşatdığı faciədir” sözləri də sərt reaksiya ilə qarşılanıb.
Ermənilər ərazi iddialarında israr ediblər. Çağlayangil təzminat və
əvvəlki evlərinə qayıtmaq məsələsinin müzakirə edilə biləcəyini
deyib. Lakin torpağın verilməsinin müzakirə mövzusu olmadığını
bildirib. Axşama qədər davam edən görüşdə heç bir nəticə əldə
olunmayıb. Tərəflər daha sonra yenidən görüşmək razılığına
gəliblər. Lakin 5 həftə sonra Dəmirəl hökumətinin devrilməsi ilə bu
proses dayanıb.
Asif