Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dondurulmuş gələcək, dəyişik düşən talelər, “Allahın işi”... - ARAŞDIRMA

Dondurulmuş gələcək, dəyişik düşən talelər, “Allahın işi”... - ARAŞDIRMA

Date: 24 November 2016 13:59

 

 

Sonsuzluq müalicəsinin ən qəribə yollarından biridir embrion dondurulması. Hətta bəzən yumurta hüceyrələri də dondurulur. Zamanı gəldiyində çıxarıb uşaqlığa yerləşdirirlər və körpə rüşeymi artıq hazırdır...

 

Dünyada dondurulmuş embrion üsulu artıq 20-25 ildir istifadə edilir. Embrionlar qoruyucu maye ilə qarışdırılaraq şüşə borulara qoyulur və duru azot içərisində -196 dərəcədə dondurularaq saxlanılır.

 

İlk dəfə 1984-cü ildə dondurulmuş embrionlarla hamiləlik əldə edilib. Bu dondurulma proqramının başlıca üstünlüyü canlı, normal embrionların atılmaması və yenidən müalicəyə ehtiyac qalmadan sonrakı bir ayda cütlüyün hamiləlik əldə edə bilmə şansının olmasıdır.

 

Süni mayalanma zamanı döllənmiş embrionlardan ikisi anaya yerləşdirilir, yerdə qalan embrion isə dondurulur. “Kriopreservasyon” adlanan dondurma-saxlama üsulu süni mayalanma laboratoriyalarında çox geniş istifadə olunur. Heyətin təcrübəsindən asılı olaraq, embrionların korlanması ehtimalı 10-20 % qeydə alınır. Embrionun transferi üçün endometriumun (uşaqlığın) yetərincə qalınlığa (7-8 mm) çatması lazımdır.

 

Azərbaycanda 11 ildir istifadə edilir

 

Tibb elmləri namizədi, Mərkəzi Klinik Xəstəxanada mama-ginekologiya şöbəsinin müdiri, süni mayalanma həkimi Mahirə İsmayılova Lent.az-a açıqlamasında deyir ki, embrion dondurulması süni mayalanmanın ayrılmaz hissəsidir. Azərbaycanda bu mexanizm 11 ildir icra edilir: “Ölkədə süni mayalanma ilk dəfə 2004-cü ildə icra edilməyə başlayıb. Bizim bu sahədə böyük təcrübəmiz var. Başladığımız gündən də embrion, sperma dondurması həyata keçiririk, son 4 ildə isə artıq qadın yumurta hüceyrəsinin dondurulmasını da gerçəkləşdiririk. Süni mayalanmada kişi hüceyrələrinin, qadın hüceyrələrinin ayrılıqda dondurulması və artıq mayalanmış hüceyrələrin (embrionların)  dondurulması mütləqdir”.

 

M.İsmayılova qeyd edir ki, dondurulmuş embrionlar xüsusi kodlaşdırılmış şəraitdə,  mənfi 196 dərəcədə maye azotda saxlanılır: “Süni mayalanma üçün qadına xüsusi dərmanlar verilir. Yumurta hüceyrələri yetişdirilir. Adətən seçim aparmaq üçün bizə bir deyil, bir neçə hüceyrə lazım olur. Onun üçün də qadına verilən xüsusi dərmanlarla ortalama 10-15, bəzi xəstələrdə daha çox yumurta hüceyrəsi əldə edilir. Bunların içərisindən seçim aparılır, ən yaxşısı seçilir və kişidən sperma hüceyrələri götürülərək mayalandırma, sperma inyeksiyası proseduru icra edilir. Əmələ gələn rüşeymlər inkubatora yerləşdirilir və 3-5 gün orda izlənilir. Məqsəd odur ki, onların içərisindən ən yaxşısını seçərək 3 gün sonra onu qadına transfer edək. Adətən, xəstələrə 1-2, nadir hallarda 3 embrion köçürülür. Amma xəstədə 10 embrion varsa, biz ikisini köçürürük, yerdə qalan 8 embrion isə çox keyfiyyətli və sağlamdırsa, onları atmırıq, onları xəstələr üçün dondurub, illərlə saxlayırıq”.

 

M.İsmayılovanın sözlərinə görə, Klinikaya müraciət edənlər sırasında elə xəstələr var ki, onlar artıq süni mayalanma yolu ilə uşaq sahibidirlər və ikinci uşaq üçün embrionları dondurub saxlayırlar: “İkinci uşaq üçün bizə müraciət edəndə artıq onlara yumurta hüceyrə yetişdirmək üçün prosedurları icra etmirik, elə birbaşa dondurulmuş embrion köçürürük. Əslində embrionların dondurulması məsrəf baxımından da çox uyğundur. Belə ki, bizdə süni mayalanma, dərmanlar xaric 1780, dərmanlarla birgə 3500 manata başa gəlir. Amma dondurulmuş embrionun köçürülməsi 714 manatdır, dərmanlara da 300 manat xərclənir, birlikdə 1000 manata qədər xərc çıxır”. 

 

M. İsmayılova bildirir ki, dondurulmuş embrionların saxlanılması ilk 3 il üçün pulsuzdur: "3 ildən sonra ailə il ərzində 150-200 manat arası məbləğ ödəməklə uzun illər embrionları saxlatdıra bilir".

 

Hər ay 100 ailədən 70-80-nin embrionları dondurulur

 

M.İsmayılova vurğulayır ki, embrionların dondurulması prosesində bir neçə dəfə seçim aparıldığından qadının hamiləlik şansı daha yüksək olur: “Dünyada artıq dondurulmuş embrionların köçürülməsinə müalicə dövründə təzə embrion köçürülməsindən daha çox üstünlük verilir. Bunda da bir məntiq var. Biz embrionların ən yaxşılarını seçib dondururuq, həm də daha sonra buzlarını açanda içindən ən yaxşılarını seçirik. Yəni bu prosesdə bir neçə dəfə seçim aparıldığından hamiləlik şansı daha yüksəkdir".

 

Süni mayalanma üçün ayda ən azı 100 ailə müraciət edir. Bunlardan 70-80-nin embrionları dondurulur. Bəzən embrion sayı az olduğuna görə dondurub saxlamaq mümkün olmur. Hər bir qadında dondurulmuş embriondan hamilə qalmaq şansı 60%-dir.

 

Dondurulmuş embrionun köçürülməsində yaş o qədər də önəmli olmur. Amma 50 yaşdan sonra qadınlarda hamiləlik şansı 30-35 % arasında dəyişir: "İndiyə qədər klinikaya müraciət edən 30 yaşa qədər qadınlarda 60 %, 35 yaşdan sonrakı qadınlarda isə 40-50 % hamiləlik yaşanıb”.

 

Embrionların dəyişik düşmə ehtimalı varmı?

 

“Embrionlar xüsusi kodlaşdırılmış şəkildə saxlanıldığı üçün onların dəyişik düşmə ehtimalı sıfıra bərabərdir. Yəni cinayət işlədib onu dəyişdirməsən, dəyişik düşməsi qeyri-mümkündür".

 

M. İsmayılovanın sözlərinə görə, süni mayalanma ilə uşaq sahibi olanların çoxu şübhə etdiyindən uşaq doğulduqdan sonra valideynlik testi etdirirlər: "Hələ ki, indiyədək bizə bu problemlə bağlı müraciət edən olmayıb”.

 

Bəzi hallarda xəstəyə bilərəkdən embrion köçürülmür: "Endokrin problemləri olan, genital vərəmə yoluxmuş, endometrioz, xroniki iltihab keçirmiş qadınların uşaqlığı bu prosesə hazır olmur. Buna görə onların embrionlarını dondururuq. Müvafiq təhlillər və müalicə aparılır, uşaqlıq hazır olanda embrionlar onlara köçürülür”.

 

Qadının yaşı 35-ə yaxınlaşıbsa və həyatında kimsə yoxdusa...

 

M. İsmayılova bildirir ki, artıq 3-4 ildir ölkədə qadınların yumurta hüceyrələri də dondurulub saxlanılır: “Elə qadın var ki, ailəsi yoxdur və yaxud birinci ailəsindən ayrılıb. Bu insanların süni mayalanma üçün müəyyən yaş dövrü var. Qadın yumurtalıqları 35 yaşa qədər daha yaxşı işləyir. Qadının yaşı 35-ə yaxınlaşıbsa və həyatında kimsə yoxdursa, yumurtalıqları reproduktivliyini itirməsin deyə bizə müraciət edir, biz ona xüsusi dərmanlar verərək yumurta hüceyrələr yetişdiririk və mayalanmamış hüceyrələri dondururuq. Həmin qadın 10 il sonra ailə quranda ərinin sperma hüceyrələri götürülüb dondurulmuş yumurta hüceyrələri ilə mayalandırılır. Beləliklə, 40 yaşında qadın 30 yaşında ondan götürülmüş yumurta hüceyrəsi ilə hamilə qalacaq. Elə qadınlar olur ki, uşaqlıq əməliyyatı keçirir, müəyyən müalicə alırlar. Xüsusilə süd vəzi xərçəngi olan qadınlar yumurta hüceyrələrinin dondurulması üçün gəlir. Bəllidir ki, xərçənglə bağlı aparılan radio, kimya terapiyalar yumurtalıqları məhv edir. Ana olmaq şansını azaldır. Bu qadınlar şüa müalicəsinə başlamadan yumurta hüceyrələrini yetişdirib dondururuq, əgər ailəlidirsə, embrionlarını dondurub saxlayırıq, nə vaxt sağalsalar, ondan sonra dondurulmuş embrionu həmin qadına transfer edirik”.

 

Övlad sahibi olmaq istəyi sosial qaydalara zidd aparılmamalıdır

 

Sosioloq Cavid İmamoğlu Lent.az-a açıqlamasında bildirir ki, əgər söhbət reproduktivliyə müsbət təsirdən gedirsə, bu, çox normal qəbul edilir: “Sosiologiya sosial qanunauyğunluğa zidd olmayan hər bir yeniliyə açıqdır. Xüsusi ilə də əhalinin artımı və demoqrafik irəliləmə ilə müşahidə olunan bu cür proseslər diqqətli şəkildə izlənilməlidir. Övlada sahib olmaq istəyi sosial qaydalara zidd formada aparılmamalıdır”.

 

C.İmamoğlunun fikrincə, embrionların dondurulması maddi baxımdan bir qədər bahalı proses olduğu üçün hər kəsin buna imkanı çatmaya, digər tərəfdən mental dəyərlər baxımdan hər kəs bu cür metoda açıq olmaya bilər: “Hətta maddi imkanı olan insanlar belə bu cür metodu təbii qanunauyğunluğa zidd getmək və ya Allahın işinə qarışmaq kimi dəyərləndirib imtina edə bilərlər. Həmin baxımdan, bu prosesin bizim cəmiyyətdə nə qədər inkişaf edəcəyi bir az suallar ilə müşahidə olunur”.

 

Embrionların dondurulmasının heç bir təhlükəsi yoxdur

 

Respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova Lent.az-a açıqlamasında deyir ki, uşaqlıq boşluğuna 1-2 embriondan atıq köçürmək uyğun deyil: “Ekstrakorporal mayalanma tsikli zamanı çox miqdarda yumurtalar yetişir. Bunların hamısı mayalandıqdan sonra çoxsaylı embrionlar alınır. Süni mayalanma zamanı da uşaqlıq boşluğuna 1-2 embriondan atıq köçürmürlər. Bu səbəbdən pasiyentlərin çoxunda artıq qalan embrionları dondurub, mənfi 196 C temperaturda, duru azotda uzun müddətli saxlamaq olur. Süni mayalanma baş tutmadıqda donu açıb, bu pasiyent üçün istifadə etmək mümkündür. Və ya pasiyent uşaq doğulduqdan sonra yenə uşaq istərsə, onu istifadə edə bilər".

 

Baş mama-ginekoloqun sözlərinə görə, Azərbaycanda embrionların dondurulması mexanizmi beynəlxalq standartlara uyğun olaraq həyata keçirilir. Embrionları adətən xüsusi qoruyucu mühitlə qarışdırıb, xüsusi plastik qaba yerləşdirirlər və ildırım sürətli xüsusi proqramlaşdırılmış dondurucuda dondururlar. Çözmək lazım olduqda onları duru azotdan çıxardıb, otaq temperaturunda xüsusi mühitə yerləşdirilər. Dondurmanın mərhələsindən asılı olaraq çözülmüş embrionları ya həmin gün, ya da 24 saat ərzində uşaqlığa yerləşdirirlər.

 

S.Məmmədova vurğulayır ki, embrionların dondurulmasının qadının sağlığı baxımından təhlükəsi yoxdur. Çünki dondurulma qadın orqanizmindən kənarda baş verir: “Dondurulmuş embriondan dünyaya gələn uşaqlarda olan problemlər və onların tezliyi ümumi populyasiyada rast gəlinənlərdən fərqlənmir”.

 

Din embrionların dondurulmasını haram saymır  

 

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli Lent.az-a açıqlamasında bildirib ki, əslində din süni mayalanma, embrion dondurulması mexanizmini inkar etmir, haram saymır: “Bu da valideyn olmağın başqa bir yoludur. Elmin inkişafı sayılır. Amma burda da müəyyən şərtlər var ki, bu şərtlər hələ tam razılaşdırılmadığı üçün birmənalı fikir demək olmur”. 


Tags:  Dondurulmuş gələcək dəyişik düşən talelər Allahın işi ARAŞDIRMA


RƏYLƏR


Top news