Geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadə vəfat edib

Geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadə vəfat edib
17:24 25 Noyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda geologiya sahəsində mühüm xidmətləri olan görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadə noyabrın 23-də 80 yaşında vəfat edib.

AMEA-nın  mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Z.Əlizadə 1936-cı il fevralın 4-də Şəki şəhərində anadan olub. 1953-cü ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olub, 1958-ci ildə ali məktəbi dağ-mədən geoloqu mühəndisi ixtisası üzrə başa vurub.

Əmək fəaliyyətinə 1958-ci il avqustun 8-dən təyinat üzrə Pirallahı Neft-Mədən İdarəsində operator kimi başlayıb, 1959-cu il yanvar ayının 21-də yüksək biliyi nəzərə alınaraq Azərbaycan EA-nın Geologiya İnstitutuna baş laborant vəzifəsinə keçirilib.  Həmin ilin sentyabr ayının 7-dən institutun kiçik elmi işçisi kimi fəaliyyət göstərib.

 

1962-ci ildə Geologiya İnstitutunun aspiranturasına daxil olub, 1966-cı ildə "Qərbi Azərbaycanın Ağcagil çöküntülərində bəzi kimyəvi elementlərin yayılma qanunauyğunluqları və onunla əlaqəli paleocoğrafi problemlər" mövzusunda dissertasiya müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1970-ci ildə müsabiqə yolu ilə Geologiya İnstitutunun baş elmi işçisi seçilib.

 

Zəkəriyyə Əlizadə 1972-ci ildə Azərbaycan EA Rəyasət Heyətinin sərəncamına əsasən köçürmə yolu ilə Şəki Elmi Bazasına rəhbər təyin olunub. 1995-ci ildə müəssisə Şəki Regional Elmi Mərkəzinə çevrildikdən sonra isə həmin müəssisənin direktoru olub.

 

O, elmi mərkəzə rəhbərlik etdiyi gündən müəssisənin yüksək ixtisaslı kadrlarla təminatını əsas vəzifə kimi qarşıya qoyub, burada müvafiq tədqiqat strukturlarını formalaşdırıb. Qədim mədəniyyət və elm mərkəzi olan Şəkinin folklorşünaslıq, geoloji-coğrafi, fiziki baxımdan öyrənilməsi üçün laboratoriyalar təşkil edib.

Alim öz ixtisası üzrə tədqiqatlarını genişləndirərək, 1989-cu ildə Ukrayna EA-nın Geoloji Elmlər İnstitutunda birdəfəlik Elmi Şurada "Mürəkkəb dislokasiyaya uğramış rayonların filiz yerləşən süxurlarının litologiyası və filiz elementlərinin geokimyası (Böyük Qafqazın cənub yamacının orta və üst yura çöküntüləri timsalında)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

 

1962-2010-cu illərdə alimin 80-dən çox elmi məqaləsi, 4 kitabı nəşr olunub.

Z.Əlizadənin elmi-ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, AMEA-nın yaradılmasının 60 illik yubileyi ilə əlaqədar ölkə Prezidentinin sərəncamı ilə o, "Tərəqqi" medalı ilə təltif olunub.

Gənc kadrların hazırlanması işinə də böyük diqqət yetirən alim 8 aspirant və dissertantın elmi işinə rəhbərlik edib.

 

Azərbaycan elmində əvəzsiz xidmətləri olan Zəkəriyyə Əlizadənin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

 

Allah rəhmət eləsin!

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260568

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR