Türkiyənin İstanbul şəhərində dekabrın 10-da qanlı terror aktı törədildi. Son məlumatlara görə, terror aktında ölənlərin sayı 44-ə çatıb. Yaralıların sayı isə 155-dir. Hücuma görə məsuliyyəti PKK terror təşkilatının bir qanadı sayılan TAK öz üzərinə götürüb.
Qərb isə istər siyasi, istərsə də media müstəvisində özünü çox susqun aparır. Rəsmilər Türkiyə rəhbərliyinə hadisə ilə bağlı üzüntülərini dilə gətirsələr də, bu, Fransa, Belçika, ABŞ və digər ölkələrdə törədilən terror aktlarına olan münasibətlə eyni deyil. Fransanın “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilən hücuma reaksiyanı (2015-ci il yanvarın 7-də həyata keçirilən hücumda 12 nəfər ölmüşdü –red.) 2001-ci ilin sentyabrında Nyu-Yorkda əkiz qüllələrə edlən hücuma verilən reaksiya ilə müqayisə etmək olardı. Demək olar ki, bütün dünyanın dövlət və hökumət başçıları Parisə yığışaraq terrora qarşı birlikdə lənət oxudular. Lakin ki, son hücum da daxil olmaqla, Türkiyədə törədilən heç bir terror aktında analoji davranış müşahidə olunmur.
Elə media da siyasilərdən fərqli davranmır, terrorçularla terrora məruz qalanlar eyniləşdirilir, hətta PKK-lılara “məzlum” donu geyindirilir, 44 nəfərin həyatını itirdiyi hadisəyə bir neçə nəfərin əlbəyaxa davası kimi baxırlar. Parisdəki terror aktından canlı yayımlar verən “Euronews” və BBC kimi kanallar “yoxa” çıxıb. “The Independente” kanalı isə hadisəyə görə PKK-nı deyil, rəsmi Ankaranı günahlandırıb.
Türkiyədə törədilən terror aktlarına Qərbin səssizliyi, yaxud da lazım olan səviyyədə reaksiyanın verilməməsi nə ilə bağlıdır?
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Publika.az-a açıqlamasında bildirib ki, bunun bir neçə səbəbi var. Politoloqun sözlərinə görə, ilk səbəb Türkiyənin islam bayrağını daşıyan tək ölkə olmasıdır.

Onun sözlərinə görə, islam ərəb yarımadasında yaranmasına baxmayaraq, islamın bayrağını əsrlərdir Osmanlı və onun varisi olan Türkiyə daşıyır.
Natiq Miri qeyd edir ki, Türkiyənin Avrasiyanın göbəyində yerləşməsi və üç dənizə çıxışının olması bütün dünyanı, o cümlədən Ankaranın “strateji müttəfiqləri” olan ABŞ və Avropanı narahat edir.
Müsahibimiz bildirir ki, daha bir səbəb Türkiyənin siyasi baxımdan həssas bir dönəmdən keçməsi ilə bağlıdır: “Türkiyə Konstitusiyaya dəyişikliklərlə prezident idarəçiliyinə keçir. Dünənə qədər bu məsələ mümkünsüz görünürdüsə, hazırda Konstitusiyaya dəyişikliklər üzrə qanun layihəsi Milliyyətçi Hərəkat Partiyası ilə razılaşdırılaraq parlamentə göndərilib. Terror aktının bu həssas məqamda törədilməsi qətiyyən təsadüf deyil. Hiss olunur ki, terror törədənlər deyil, onun arxasında dayananlar Türkiyənin gələcək perspektivi baxımından ciddi narahatdırlar. Türkiyə Mosul, Kərkük və Suriyanın şimalında olan bır çox strateji məsələ ilə bağlı öz niyyətini ortaya qoyub. Və bəlli olur ki, bu regionda Türkiyəsiz hər hansı məsələni həll etmək mümkün olmayacaq. Bu, dünya və bəzi regional gücləri narahat edir”.
Terror təşkilatlarının beynəlxalq qüvvələrin, o cümlədən maliyyə güclərinin əlində alət olduğunu deyən Natiq Miri qeyd edir ki, bu təşkilatlar lazım olduqda aktivləşdirilir. Müsahibimiz bildirir ki, Türkiyədəki terrora Qərb dünyasının fərqli münasibəti əslində, Qərbin demokratik ayıbını ortaya qoydu: “Bu münasibət göstərdi ki, Türkiyə indiyə kimi sözəbaxan idi. Artıq bu dövr arxada qalıb. Qərbin terrora bu cür loyal münasibəti Türkiyənin Qərb dünyasından uzaqlaşmağa və digər güc mərkəzlərinə meyllənməsinə şərait yaradır”.
"Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hesab edir ki,Türkiyədəki terrora Qərbin ürəkağrıdıcı münasibəti terror törədənlərin məhz Qərb tərəfindən bəslənilməsidir. Türklərə qarşı minillik bir düşmənçilik tarixinin olduğunu deyən müsahibimiz bildirir ki, Qərbin Türkiyəyə qarşı planları Atatürkün Qurtuluş savaşı ilə suya düşdü.

“Qərbin Türkiyədəki terrora bu cür münasibətinin dərin kökləri var, bu münasibət bugünün hadisəsi deyil. Qurtuluş savaşından sonra gördülər ki, türk millətini müharibə ilə məğlub etmək mümkün deyil. Bundan sonra Türkiyənin içində separatçı və bölücü gücləri yetişdirməyə başladılar. Dünyanın heç bir yerində dövlətin bir terror təşkilatı ilə masaya oturması təcrübəsi yoxdur. Türkiyə qan tökülməməsi üçün bunu etdi. Avropa da bunu alqışlayırdı. Bununla eyni zamanda, ordunun gözü qabağında ölkənin cənubi-şərq bölgələrində PKK xəndəklər qazmağa, silahlanmağa başladı. Əmin olun ki, bunun da arxasında dayananlar terrora qarşı səssizliyini qoruyan Avropa ölkələridir. Fransada dünyanın bütün dövlət başçıları qol-qola girərək terrora qarşı çıxdılar. Amma Türkiyədəki terrora qarşı heç biri lazımı reaksiya sərgilmədilər. Çünki onların istədiyi budur. Səhv etmirəmsə, Almaniyanın bir mətbuat orqanı Türkiyədəki terror aktını “başarılı bir terror aktı” adlandırıb. Bu, terroru alqışlamaqdan başqa bir şey deyil. Qərbin bu gün mənəvi dəyərlərdən danışmağa heç bir haqqı yoxdur. Terrora münasibət bir daha göstərdi ki, onlar məzlumun deyil, zalımın yanındadırlar”.
Türkiyənin PKK terror təşkilatına qarşı uğurla mübarizə apardığını deyən Tənzilə Rüstəmxanlı bildirib ki, Türkiyəni bu mübarizədən daşındırmaq üçün bu cür terror aktları törədilir. HDP-li millət vəkillərinin toxunulmazlığının ləğvindən sonra onların PKK terror təşkilatı ilə bağlantılarının açıq şəkildə ortaya çıxdığını deyən birlik sədri onları Avropanın Türkiyəni bölmək üçün yetişdirdikləri “sözçülər” adlandırıb.
Qərb liderlərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana terror aktı ilə əlaqədar zəng etdiklərini deyən Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə bunun kifayət etmədiyini qeyd edib və əməli addımları atmalı olduğunu deyib.

Terror aktının yalnız Türkiyəyə qarşı deyil, bütün insanlığa qarşı olduğunu deyən millət vəkili hesab edir ki, bütün dünya terrora qarşı mübarizədə səylərini birləşdirməlidir.
Asim Mollazadə bildirib ki, Türkiyənin də üzvü olduğu NATO ölkələrinin anti-terror koalisiyası yaradılmaqla terrora qarşı mübarizə aparılmalıdır. O, əks halda terrorun həmin ölkələri də vuracağını söyləyib.
Müsahibimiz Qərb mediasının Türkiyədəki terrora münasibətinin isə təəssüf doğurduğunu dilə gətirib.
Ömər Dağlı