"Bu, dərman qıtlığı demək deyil" - İqtisadiyyat Nazirliyi

"Bu, dərman qıtlığı demək deyil" - İqtisadiyyat Nazirliyi
12:59 14 Fevral 2017
136 Digər
Ölkə mətbuatı
A- A+

 

İqtisadiyyat Nazirliyi KİV-də ölkədə dərman vasitələri bazarında qıtlıq və bahalaşma olması barədə yazılan yazılara münasibət bildirib.

 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qeydiyyatından keçmiş dərman vasitələri aktiv və passiv dərman vasitələri olmaqla iki qrupa ayrılır. Faktiki satışda olan dərman vasitəsi aktiv, satışda olmayanlar isə passiv dərman vasitəsi hesab olunur. Dərman vasitəsi qeydiyyatda olduğu müddət ərzində (qanunvericiliyə əsasən qeydiyyat vəsiqəsi hər dəfə növbəti 5 il üçün verilir) idxal, paylanma, marketinq və s. kimi müxtəlif obyektiv səbəblərdən dəfələrlə gah aktiv, gah da passiv vəziyyətdə olur: "Ölkədə gün ərzində satılan dərman vasitələrinin sayı yüz minlərlə ifadə olunur və hansısa aptekdə, hansısa ticarət adında dərman vasitəsinin olmaması qıtlıq demək deyil. Passiv olan dərman vasitələrinin də eynitərkibli, eyni xəstəliklərin müalicəsi baxımından müxtəlif alternativləri mövcuddur".

 

Nazirlikdən bildirilib ki, dərman vasitələrinin qiymətləri aydın və şəffaf mexanizmlə tənzimlənir: "Mövcud mexanizmdə idxalçıların hansısa dərman vasitəsini süni şəkildə passiv vəziyyətə gətirməklə qiymət artımı üçün "təzyiq edərək" nəticə almaları mümkün deyil və bu barədə məlumatların heç bir əsası yoxdur. Dərman vasitələrinin mütləq əksəriyyətinin idxal olunduğu nəzərə alınaraq, hazırki şəraitdə əsas amil rolunda manatın məzənnəsindəki ciddi dəyişikliklər çıxış edir. Bununla belə, dərman vasitələrinin qiyməti məzənnə dəyişikliyi də tətbiq olunan mexanizmlə aydın şəkildə tənzimlənir. Məzənnədə kəskin artım olduğu təqdirdə etibarlı təchizatın təmin edilməsi, azalma olduğu təqdirdə isə istehlakçıların maraqlarının qorunması baxımından vəziyyət diqqətdə saxlanılmaqla qiymətlər manatın məzənnəsinə uyğunlaşdırılır. Məlum olduğu kimi, dərman vasitələri üzrə son qiymət tənzimlənməsi ötən ilin 28 noyabr tarixində həyata keçirilmiş və həmin tarixdən sonra tənzimlənmiş qiymətlərdə dəyişiklik olmamışdır. Manatın hazırki məzənnəsi də (1,7301 manat/ABŞ dolları) həmin tarixə olan məzənnəyə uyğundur. Aydındır ki, manatın məzənnəsi iki il əvvəlki səviyyədə olsaydı, dərman vasitələrinin qiyməti manatla ifadədə hazırkı səviyyədən də ən azı iki dəfə aşağı olacaqdı. Dəfələrlə qeyd edilməsinə baxmayaraq, əksər hallarda bioloji fəallığa malik qida əlavələri bəzi KİV-də dərman vasitəsi kimi təqdim olunur, müxtəlif apteklərdə bir-birindən kəskin fərqlənən və baha qiymətlərlə satıldığı bildirilir. Bir daha vurğulayırıq ki, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə istifadə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyildir və qiymətləri digər ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət tərəfindən tənzimlənmir. Bioloji fəallığa malik qida əlavələrinin qiymətlərinin bir sıra hallarda qəpiklə ifadədə dəqiq göstərilməsi (məsələn, 15,03 manat) dövlət tərəfindən tənzimləndiyi təəssüratını yaratsa da, həmin qiymətlər dövlət tərəfindən tənzimlənmir. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır, üzərində və içlik vərəqlərində aydın şəkildə "dərman vasitəsi deyildir" sözləri yazılmalıdır. Reklam edilərkən də onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.
Aydındır ki, dərman vasitəsi olmadığından və qiyməti tənzimlənmədiyindən bioloji fəallığa malik qida əlavələrinin adı Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilən dərman vasitələrinin qiymət cədvəlinə də daxil edilməyib".

 

Məlumatda qeyd edilir ki, dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (tariff.gov.az) "Dərman vasitələri" bölməsində, həm də İqtisadiyyat və Səhiyyə nazirliklərinin rəsmi internet səhifələrində yerləşdirilmişdir. İstehlakçılar həmin qiymət cədvəlini mobil telefonlara və planşetlərə yükləməklə elektron kitabça kimi də istifadə edə bilirlər. Beləliklə, aptekdən dərman vasitəsi alan zaman istehlakçıya qiymətin tənzimlənmiş qiymətlə eyni olub-olmadığını müəyyən etmək imkanı yaradılmışdır və fərqli qiymətlə qarşılaşdıqları təqdirdə İqtisadiyyat Nazirliyinin "Çağrı mərkəzi"nə (195-2) dərhal bu barədə məlumat vermələri xahiş olunur.
 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR