Tanınmış jurnalistdən Zərdüşt Əlizadəyə SƏRT CAVAB

Tanınmış jurnalistdən Zərdüşt Əlizadəyə SƏRT CAVAB
16:04 15 Fevral 2017
138 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Tanınmış jurnalist Qadir İbrahimli politoloq Zərdüşt Əlizadənin Lent.az-a verdiyi müsahibədə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy haqqında dediklərinə münasibət bildirib. 

 

Müsahibəni oxumaq üçün BURAYA KLİKLƏ

 

Lent.az Qadir İbrahimlinin feysbuk səhifəsində paylaşdığı qeydlərini təqdim edir:

 

**

 

Köhnə siyasi intriqalarla bağlı müsahibləri oxumuram - köhnə söhbətlərdən artıq bezmişəm. Zərdüşt Əlizadənin müsahibəsi rezonans doğurduğundan oxumağa məcbur oldum.

 

Əslində, yeni bir şey də yoxdur müsahibədə. Əlizadə həmişə xalq hərəkatı və Elçibəyə qarşı qərəzli olub. AXC yarananda sədr postunu Elçibəyə uduzmalarını hələ də həzm edə bilmir (Əlizadə qrupunun namizədi mərhum xalq yazıçısı Yusif Səmədoğlu idi). Bu isə illər keçdikcə total nifrətə çevrilib. Bunun da kökündə psixoloji amil durur. Azərbaycanın sovet elitası ailəsində böyüyən və özünü yüksək sovet kultunun daşıyıcısı hesab edən Əizadə “kənd uşağı” Elçibəyə uduzmasını özünə təhqir hesab edirdi və indi də edir. Bu, məsələnin psixoloji tərəfidir.

 

Nifrət o qədər güclüdür ki, 1988-ci ildə başlayan və SSRİ-nin çökməsində müstəsna rollardan birini oynayan xalq hərəkatını "cahillərin mübarizəsi" kimi dəyərləndirir. Əlizadəyə görə, Elçibəy və Xəlil Rza Ulutürkün, eləcə də başqalarının populist çıxışları olmasaydı, Qarabağ işğal olunmayacaqdı. Guya kütləni bu şəxslər qızışdırıb ermənilərin üstünə salmışdı. Əslində isə o dövrdə ermənilər artıq hücuma keçmişdilər - Ermənistandan azərbaycanlılar son nəfərinə qədər qovulmuşdu, növbəti mərhələdə isə Kremlin dəstəyi ilə Qarabağı Ermənistan birləşdirmək ssenarisi var idi. Azərbaycanda yaranan xalq hərəkatı isə buna müqavimət hərəkatı idi. O vaxt AXC-nin yaradığı könüllü batalyonlar ölkənin sərhədlərini qorumaqla məşğul idi. Məsələ bu qədər sadə.

 

Elçibəyə qarşı nifrətin səbəbini qeyd etdim. Elçibəy hakimiyyətdə olduğu müddətdə isə bu nifrət həm də cəmi 1 yaşı olan Azərbaycan dövlətinə qarşı çevrildi. Elçibəyə qarşı qiyam hazırlayan yun alverçisi Surət Hüseynovun ətrafı Z.Əlizadənin rəhbərlik etdiyi ASDP-nin fəalları ilə dolu idi. Cənubda Əlikram Hümbətov, Gəncədə isə ASDP-nin adlarını unutduğum fəalları qiyamın hərəkətverici qüvvəsinə çevrildi. "Kənd uşağı" Elçibəyə olan nifrət "mədəni sovet ailəsində" böyüyən Z.Əlizadəni yun alverçisi ilə sıx əməkdaşlığa vadar etdi. Nəticə də bəllidir.

 

Təbii ki, mən Elçibəydən büt düzəldilməsinin tərəfdarı deyiləm. Dövlət idarəetməsində təcrübəsi olmayan Elçibəyin təbii ki, səhvləri də olub. Ancaq bu səhvlər o dövrün reallıqları kontekstindən və qərəzsiz müzakirə edilməlidir. Mən Elçibəyin sədri olduğu AXC-nin üzvü olmuşam və bununla indi də fəxr edirəm. Ölkənin ən demokratik təşkilatı da Elçibəyin rəhbərlik etdiyi AXC olub. Sonra yarana təşkilatlar bu ənənəni davam etdirə bilmədi.

 

Nəhayət, Elçibəy Azərbaycanın yeganə idealist prezidenti olub. İdealistlər isə həmişə hörmət və sevgiyə layiqdir.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR