Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə yenidən kəllə-kəlləyə gəlib.
Bir müddət öncə aralarında dini məsələyə görə ciddi mübahisə
yaranmış siyasətçilər bu dəfə də eyni prizmadan üz-üzə
dayanıblar.
Fazil Mustafa Sərdar Cəlaloğlunun Quranın elmini, fəlsəfəsini,
sosiologiyasını yazmaq iddiasını gülüşlə qarşılayıb: “Sərdar
Cəlaloğlu adlı dünya şöhrətli alimimiz yazıb ki, bəs o, Quranın
elmini, fəlsəfəsini və sosiologiyasını yazır. Mən də belə bir
cümləni işlədən adamın əqli problemi olduğunu yazmışam. Adam mənim
bir cümləmin mənasını anlamayıb, ancaq qosqoca Quranın elmini,
fəlsəfəsini, sosiologiyasını yazdığını iddia edir. Elə bilir bəlkə
bu sözləri paxıllıqdan yazmışam. Yəni Quran barədə hər bir düşünən
insan, hansısa alim öz mülahizə və görüşlərini yaza bilər, ancaq
Quranın elmini yazmaq iddiası ilə çıxış etmək, başqalarını
bilmirəm, mənə elmi dolandırıcılıq, yəni dələduzluq kimi gəldi.
Çünki hətta İslam dünyasının ən nəhəng alimi sayılan İmam Qəzzali
belə Quranın elmini yazdığını iddia etməyib. Sərdar Cəlaloğlu isə
Quranın elmindən başqa fəlsəfə və sosiologiyasını da tamamlamaq
üzrədir. Sərdar bəyin cavabında aşağıdakı cümlələri oxuyandan sonra
isə, doğrusu adamla bu mövzuda müzakirəyə girdiyimə görə xeyli
peşiman oldum. Biz yan-yörəmizdəki dahiləri tanımayacaq qədər
geridə qalmışlarıq, deyə düşündüm.
Hörmətli Sərdar bəyin cavabından önəmli hissəni olduğu kimi verirəm: "Mən özümü nə Fərabidən, nə İbn Sinadan, nə də başqalarından aşağı sayıram. Onlar yaza bilərlər, amma mən niyə yox? Mən özümü alim sayıram. Əgər alim olmaq Fazilin gözündə əqli qusurdusa, bu başqa söhbətdir. Alimliyimi başqa sahələrdə də göstərmişəm. Yazım Nobel mükafatında gizli səsverməyə qədər gedib çıxıb. Fazil bəyin dediklərinin mənə heç bir aidiyyatı yoxdur.
Çox yanlış danışır. Elmdə mən dünya səviyyəsinə çıxmışam. Nobel
mükafatına iddiali kimi danışıram. İnanıram ki, kitabım İslam
dünyasına analoqu olmayan kitab olacaq. Fazil bəy də bu kitabdan
bəhrələnəcək. Onun dediklərinə fikir verməyin. Biriləri işləyir,
bekarlar onların işini tənqid edirlər. Fazil bəy burada
ikincilərdəndir”.
Ay gözəlim Azərbaycan, sənin qoynunda necə dahilər yetişmiş...
Fərabi, Şeyx Nizami, Məhəmməd Füzuli, Sərdar Cəlaloğlu...”.
(modern.az)