"Girovları yolda düşürüb güllələyirdilər" - QARADAĞLI HEKAYƏTİ

"Girovları yolda düşürüb güllələyirdilər" - QARADAĞLI HEKAYƏTİ
21:09 17 Fevral 2017
155 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Xocavəndin ən böyük yaşayış məntəqələrindən olan Qaradağlı kəndinin işğalından 25 il ötür. APA TV-nin məlumatına görə, 1988-ci ildən başlayan təzyiqlərə baxmayaraq, kənd sakinlərindən yaradılmış özünümüdafiə batalyonu tərəfindən qorunan Qaradağlı sonda silah-sursatın tükənməsi və köməksiz qalması nəticəsində erməni qəsbkarları tərəfindən işğal edilib.

 

İşğal günü kənddə 118 nəfər olub. Onların hamısı girov götürülüb. 66 nəfər işgəncələr verilməklə amansızlıqla öldürülüb, 52 nəfər girovluqdan azad edilib. Azad olunanların bir çoxu girovluqda olan zaman ermənilər tərəfindən verilən ağır işgəncələr və onlara vurulmuş naməlum tərkibli iynələrin təsirindən qısa müddət sonra həyatını itirib.

 

1992-ci ilin qarlı-şaxtalı günlərində pərən-pərən düşən xocavəndlilər 2008-ci ildə Beyləqan rayonu ərazisində salınan 500 evlik qəsəbədə yaşamağa başlayıb. Qəsəbə sakinlərindən biri Şəhruz Əliyev Xocavəndin Qaradağlı kəndindəndir. Bu gün onun ailəsinin məişət problemləri həll olunsa da, döyüşdüyü və sonda çarəsiz qalan həmkəndliləri ilə birlikdə girov düşdüyü o günləri unuda bilmir. Yeganə təsəllisini o vaxtdan qalan ağ-qara şəkillərdə tapır.

 

Yolboyu gördüyü mənzərənin nə insanlığa, nə də müharibə qanunlarına uyğun olmadığını deyir. Ermənilər ürəkləri istəyən vaxt yük maşınına yığılan girovlardan istədiklərini yolda maşından düşürür və güllələyirmiş. Elə bu səbəbdən bir ailədən olan girovlar ad və soyadlarını olduğunu demirmiş. Çünki ermənilər ananı övladın, bacını qardaşın, atanı balanın gözü önündə öldürməkdən xüsusi zövq alırmış. Girovluğun son düşərgəsi Xankəndində internat məktəbinin zirzəmisi olub. 2 ayadək girovluqda qalan Şəhruz 1972-ci il təvəllüdlü qardaşı Vətən Əliyevi də sonucu dəfə orda görüb. Bu günədək ondan heç bir xəbər yoxdur: "Körpə uşaqların əlinə "dubinka" verib qışqırırdılar ki, bunlar türklərdir, bizim düşmənlərimizdir, vurun. Hər gün qarlı havada bizi çıxarıb ayaqyalın gəzdirirdilər. Heç bir paltarımız yox idi. Qadınlar bizi təhqir edirdi, söyürdü, bəziləri ayaqqabı ilə başımıza vururdu. Biz orda heç bir müqavimət göstərə bilmirdik. Onlar bizi öldürmürdülər. Biz cəhd edirdik, mən dəfələrlə ermənilərin əmrinə tabe olmamışam ki, məni vursunlar. Amma öldürmürdülər, əzab verirdilər".

 

Qaradağlı sakini Namiq Hüseynov həmkəndliləri ilə birlikdə kəndi qoruyanlardan olub: "Biz o kəndi öz gücümüzə, qəpik-qəpik qazandığımız pula patron alıb qoruyurduq. Bizim kənd elə yerdə yerləşirdi ki, 4 tərəfdən erməni əhatəsində idik. Bizim kənd yanan gün tək erməni yox, rus hərbçilərinin də səsini eşidirdik. Gördük ki, burda rusların da əli var".

 

Lyudmila Həsənova da o dəhşətli günləri unutmayanlardandır: "Bütün şəhidlər mənim qardaşımdır. Orda şəhid olan bütün oğullar mənim qəlbimdə bir heykəldir. Onları ayrı-ayrılıqda desəm, elə bilirəm o heykəlin hansısa bir hissəsini qopartmış olaram".

 

Xocavəndlilər üzləşdikləri faciəni unutmağa haqları olmadığını bildirirlər: "Biz bütün nəvələrimizə, uşaqlarımıza da deməliyik ki, bunu unutmasınlar. Bizim kimi yaşlı nəslin nümayəndələri oranı görməyənlərə deməlidirlər, oranı tanıtmalıdırlar. Qoy onlar oranı unutmasınlar".

 

Bu gün Qaradağlı və Xocavənd sakinləri bir araya gələrək, o dəhşətli gün şəhid olan soydaşlarımızın xatirəsini andılar. Şəhidlərin xatirəsini əbədiləşdirən abidə kompleksini ziyarət edib, ruhlarına dualar oxudular.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267940

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR