Üşüyən məzar

Üşüyən məzar
10:29 2 Mart 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

 

Şəhərimizin mərkəzində yerləşən ən gözəl binalar Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Baxırıq, boylanırıq, rəhmət diləyirik. Məqalələr yazırırıq, şəkillərini çap edirik. Şeir, poema həsr eləyirik, amma bir dəfə  də olsun, Mərdəkandakı qəbrini ziyərət eləmirik.

 

Əslində, biz söz, çıxış ustasıyıq, kim bizim kimi danışa bilər? Obrazlı, bəlağətli, məntiqli, hətta səsimizə kövrəldici notlar qatırıq.  Lazım gələndə kövrəlirik, səsimiz yavaşıyır. Amma çıxışın sonunda hökmən əl çalınmalıdır. Biz buna nail olmalıyıq.

 

Əgər müharibə çıxış etməklə olsaydı, heç kim bizim qarşımızda duruş gətirə bilməzdi.  

 

Hacı Zeynalabdin Tağıyev də belə. Onun haqqında o qədər gözəl çıxış eləyirik, elə gözəl sözlər deyirik, gəl görəsən.   Amma məzarına ziyarətə getmirik. Üstünü təmizləyib gül dəstələri qoymuruq.

 

Hacı Zeynalabdin Tağıyev ilk dəfə Şərqdə qızlar məktəbi açıb, gənclərimizin  təlim-tərbiyəsinə böyük sərmayə qoyub, cavanlarımızın xaricdə təhsil almasına  maddi və mənəvi  qayğılar göstərib.

Amma biz onun məzarı üstündə bu sözləri deməmişik, getməmişik, gözdən-könüldən uzaq olan məzar elə bil, qəriblikdədir,  diqqətsizlikdən üşüyür.

 

Azərbaycanda  Sovet Hakimiyyəti qələbə  çaldıqdan sonra Hacının  var-dövləti əlindən alınır. 

Hətta şəhərin mərkəzindəki  evinin qapı-pəncərələrini   əsgərlər sındırmasın deyə, açarlarını özü göndərir. Düzdü, bu hərəkət bizi kövrəldir. Amma yenə onun məzarını ziyarətə gedə bilmirik. Biz ancaq kövrəlməyi bacarırıq.

 

**

 

Sovet hökümətinin Azərbaycandakı rəhbəri, yazıçı Nəriman Nərimanov  Hacı Zeynalabdin Tağıyevi Mərdəkandakı bağ evinə köçürür, qəti sürətdə tapşırılır ki, o, bu evdən heç bir yerə çıxa bilməz. Hacı ömrünün sonuna kimi həmin bağ evində yaşayır. 1924-cü ildə vəfat edir. Mərdəkanda dəfn olunur.

 

Biz yüz dəfə bu sözləri  universitetlərdə tələbələrə deyirik, amma bir dəfə tələbələri onun məzarını ziyarət  etməyə  aparmırıq. Çünki bu, bizə lazım deyil. Bizə ancaq bu haqda danışmaq lazımdır. Onu da böyük ustalıqla  danışırıq.

 

Nəriman Nərimanov Moskvada böyük vəzifəyə təyin olunur. Bundan sonra Hacı Zeynalabdin Tağıyevin ailəsi tamamilə yaddan çıxır. Yerli hökümət tərəfindən ailəyə divan tutulur. Ailə bağ evindən çıxarılır. İçərişəhərdə kiçik bir evdə  ehtiyac içində yaşayır.

 

Biz bu hadisələri yazırıq, danışırıq, deyirik, amma bir dəfə Mərdəkana getmirik, onun məzarı önündə sükut içində dayanıb ruhunu şad eləmirik.

 

Hacı Zeynalabdin Tağıyevin Bakının mərkəzində yerləşən sarayı da (indiki Tarix Muzeyi) onun əlindən alınan mülklərindəndi. Deyilənə görə, sarayın inşası və mebellərlə təchizatına ümumilikdə 1.2 milyon rubl xərc çəkilib. 
 

101 otaqdan ibarət bu saray Tarix Muzeyi kimi fəaliyyət  göstərir. Muzeyin tərkibində olan Tağıyevin xatirə muzeyi isə 9 otaqdan ibarətdir. Xatirə muzeyində Tağıyevin iş kabineti, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanım Tağıyevanın bəzək otağı – buduar, yataq otağı,  təmizlik otağı yerləşir.

 

Otaqları  gəzdikcə  Hacı Zeynalabdin Tağıyevin məzarı unudulur və  üşüyür. Zibilliklər içində qalmış heykəli bizə üsyan edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR