ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Dağlıq
Qarabağ münaqişəsinin həllindən danışıb. Avropa Strateji Kəşfiyyat
və Təhlükəsizlik Mərkəzi (European Strategic İntelligence and
Security Center - ESİSC) Avropa Şurası Parlament Assambleyasında
anti-Azərbaycan kampaniyası aparan erməni şəbəkəsini de-şifrə edib.
Almaniya və Türkiyə arasındakı münasibətlərdə gərginlik davam edir.
Belarus prezidentinin növbəti bəyanatı Moskva və Minsk arasında da
münasibətlərin yaxşı olmadığını nümayiş etdirdi. “Wikileaks”in
“Vault7” adı altında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) 8 min
761 məxfi sənədini yayması ilə dünya qarışıb.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki,
Dağlıq Qarabağ münaqişəsi çox uzanıb. O, münaqişənin
hərbi yolla həllinin mümkün olmadığını deyib. Problemin danışıqlar
yolu ilə həll edilməli olduğunu vurğulayan diplomat ATƏT-in Minsk
Qrupu həmsədrlərinin bu günlərdə Azərbaycana səfər edəcəklərini
xatırladıb.
“Var gücümüzlə çalışacağıq ki, münaqişənin həlli istiqamətində
işlər görülsün”, - o bildirib.
Erməni politoloq İqor Muradyanın sözlərinə görə,
Ermənistanda parlament seçkilərində iştirak edən partiyaların demək
olar ki, hamısı ərazilərin Azərbaycana qaytarılması mövqeyini
dəstəkləyir.
“Əksəriyəti, bəlkə də bütün hamısı ərazilərin Azərbaycana
qaytarılması məsələsinə razıdır. Bu məsələ Rusiyanın Ermənistana
tələbi kimi gündəmdədir. Siyasi partiyalar çox şey danışa, nələrsə
vurğulaya bilər. Lakin Rusiyadan gələn göstəriş qəbul edilib və
əslində, məsələnin gizlədilən tərəfi də budur”, - politoloq
vurğulayıb.
Putin göstəriş verdi: “Ərazilər mütləq Azərbaycana qaytarılacaq”
Azərbaycan Moskvanın strateji və siyasi tərəfdaşıdır, eləcə də Rusiyadan silah alıcısıdır.
Karnegi” fondunun Rusiya mərkəzinin eksperti,
şərqşünas Aleksey Malaşenko qeyd edib ki, Dağlıq Qarabağ zonasında
gərgin hadisələr vaxtaşırı təkrarlanacaq.
Onun sözlərinə görə, Qarabağ münaqişəsi həll olunmayana qədər
qarşıdurma davam edəcək: “Bu gün nizama salınması üçün ilkin şərt
yoxdur. Tərəflər öz ənənəvi siyasətini davam edəcək”.
Malaşenko hesab edir ki, Krımdan, Donetskdən və Suriyadan sonra
Dağlıq Qarabağda da vəziyyətin dalan girməsi Rusiyanın
diskreditasiyasına (nüfuzdan düşməsi) aparır.
“Məhz bu səbəb görə, Rusiya tərəfləri danışıqlar masasına
qaytarmağa çalışır. Bununla yanaşı, Moskva ATƏT-in Minsk qrupunda
amerikalı və fransız həmkarları ilə həmrəylik nümayiş etdirir.
Çünki danışıqların dayanması, yaxud nəticəsiz başa çatması indiki
beynəlxalq proseslər fonunda Rusiyanın nüfuzunun itirilməsinə
gətirib çıxaracaq”, - deyə o bildirib.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi
(European Strategic İntelligence and Security Center - ESİSC)
Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası
aparan erməni şəbəkəsini de-şifrə edib. Mərkəzin
məruzəsində Ermənistanın maraqlarını müdafiə edən erməni lobbisində
təmsil olunanlar və onların fəaliyyət detalları olaraq
açıqlanır.
Qeyd edək ki, ESİSC 2002-ci ildə Brüsseldə yaradılıb və
təhlükəsizlik sahəsində kəşfiyyat mənbələrinin məlumatlarının
analizi üzrə ixtisaslaşıb.
Azərbaycana qarşı sui-qəsd PLANI: kəşfiyyat gizli ERMƏNİ ŞƏBƏKƏSİNİ DE-ŞİFRƏ ETDİ
Erməni şəbəkəsini de-şifrə edib.
Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri
Fəthullah Gülənin həbsxanalarda olan təşkilat üzvlərinə şifrəli
mesajlar göndərib. Türkiyə mediasının yazdığına görə,
pirat radio yayımı vasitəsilə verilən mesajlar kəşfiyyat qurumları
tərəfindən müəyyən edilib.
“Türkiyə qana boyanacaq, liderlərin qadınları və uşaqları məhv olacaq” – DƏHŞƏT SSENARİSİ
“Səbr edin, Peyğəmbər əfəndimizin müjdəsi var".
FETÖ üzvü olan polis məmuru Mövlüd Mərd Altıntaş
tərəfindən öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovla
bağlı istintaqda yeni detallar ortaya çıxıb. Qatilə
aid kompüterin araşdırılması zamanı məlum olub ki, o, ABŞ-ın
Türkiyədəki səfiri Con Bassı da araşdırıb.
Hazırda Kiber Cinayətlər Dairəsi ilə Türkiyə Elmi və Texnoloji
Tədqiqat Şurası (TÜBİTAK) Altıntaşın “iPhone” markalı mobil
telefonunun şifrəsini qırmaq üçün işlərini davam etdirir. Şifrənin
qırılması üçün ABŞ Federal Təhqiqat Bürosu (FTB) dəstək
verəcək.
Almaniya kansleri Angela Merkel bundestaqın
deputatları qarşısında çıxışında Türkiyə tərəfindən səsləndirilən
“nasizm” ittihamlarına toxunub. "Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan və hökumət üzvlərinin Almaniya və nasizm
haqqında fikirləri o qədər yersizdir ki, onları ciddi şərh etmək
olmaz”, - o deyib.
“Türkiyə əhəmiyyətli bir ortaqdır. Milyonlarla insan
ölkələrimizi bir-birinə bağlayır. Amma Almaniya hökumətinin
nasizmlə müqayisə edilməsi kədərlidir. Nasizm dövrü ilə bağlı
şərhlərə son qoyulmalıdır”, - o bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti ədliyyə naziri Bəkir Bozdağın
Almaniyada türk diasporunun nümayəndələri ilə görüşünə icazə
verməyən Almaniyanın siyasətini nasizmlə eyniləşdirib.
YPG-nin ərazi iddiaları ilə bağlı qurduğu xəyalların
gerçəkləşməsinə imkan verə bilmərik. Bu sözləri
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Münbicdə YPG ilə qarşılaşsaq, onları vuracağıq. Bunu daha əvvəl
də açıq şəkildə ifadə etdik. Bundan başqa, əgər Rusiya PYD-ni
dəstəkləsə, bu, bizim üçün heç yaxşı olmaz. Çünki PYD
təhlükəsizliyimiz üçün İŞİD qədər təhlükəli təşkilatdır”, -
Çavuşoğlu bildirib.
ABŞ isə YPG-nin əsasını təşkil etdiyi “Suriya
Demokratik Gücləri”nə dəstəyini davam etdirir.
“Əl-Məsdər” nəşrinin yazdığına görə, ABŞ Suriyanın
şimalında 400 dəniz piyadaçısı yerləşdirib.
Daha əvvəl isə “Associated Press” agentliyi öz mənbələrinə
istinadən xəbər verib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rakka
şəhərinin İŞİD-dən azad edilməsi üçün bölgəyə təxminən 200 dəniz
piyadaçısı və ağır artilleriya yerləşdirib.
“Əl-Məsdər” qeyd edir ki, Amerika dəniz piyadaçıları hazırda
“Suriya Demokratik Gücləri”ni əməliyyata hazırlayır. Amerika
rəsmilərinin sözlərinə görə, Rakkanın azad edilməsi üzrə döyüş
ssenarisi İraqın Mosul şəhərinin azad edilməsi üzrə əməliyyatın
ssenarisinə oxşar ola bilər.
Jurnalistlərə açıqlamasında Rusiya xarici işlər
naziri Sergey Lavrov söyləyib ki, ABŞ-ın iştirak olmadan həll edilə
biləcək konflikt yoxdur. Rusiya bundan öncə də
dəfələrlə ABŞ-ın qlobal lider olduğunu təsdiqləyib. Ölkə prezidenti
Vladimir Putin hətta keçən ilin yekunlarına dair konfransda ABŞ
ordusunun dünyanın ən yaxşısı olduğunu da etiraf edib. Rusiya
rəsmiləri Vaşinqtonun sadəcə “Moskvaya aid ərazilərə” (postsovet
məkanı, Suriya və digərləri buraya aiddir – red.) girməsini
istəmirlər.
ABŞ Nümayəndələr Palatası isə Müdafiə Nazirliyinin
(Pentaqon) büdcə layihəsini bəyənib. Büdcə layihəsi
Pentaqona Rusiyanın silah istehsalçısı olan “Rosoboroneksport”
dövlət şirkəti ilə əməkdaşlığı qadağan edir.
Qanun layihəsində göstərilir ki, məhdudiyyət Rusiya şirkətinin
Suriya hökumətinə silah çatdırmasını dayandırmasına və Rusiya
ordusunun Krımı tərk etməsinə qədər qüvvədə olmalıdır. 2017-ci ilin
sentyabrının sonuna kimi qüvvədə olan sənəd hərbi ehtiyaclar üçün
578 milyard dolların ayrılmanı nəzərdə tutur.
“Wikileaks”in “Vault7” adı altında ABŞ Mərkəzi
Kəşfiyyat İdarəsinin (CİA) 8 min 761 məxfi sənədini yayması ilə
dünya qarışıb. Yayılan məxfi sənədlər bu günə qədər
CİA-dan sızdırılan ən böyük materiallardır.
Məxfi sənədlərdən aydın olur ki, CİA “Apple”, “Google” və
“Microsoft” istifadəçilərini asanlıqla izləyir. 5 min haker ordusu
“Facebook” üzərindən insanlara nəzarət edir. Bu metodun CİA ilə
Böyük Britaniya kəşfiyyatı “Mi5” birlikdə yaradıb. Məlumata görə,
“Samsung” markalı “smart” televizorlar izlənmə üçün ən yaxşı
vasitədir. Televizorun qeydə aldığı səs qeydləri avtomatik olaraq
CİA-nın mərkəzinə ötürülür.
Gizli kəşfiyyat sirlərimizə necə YİYƏLƏNİR? - Məxfi sənədlər ORTALIĞI QARIŞDIRDI
Bizi necə nəzarətdə saxlayırlar?
İraqdan Şimali İraq kürd muxtariyyətinin başçısı
Məsud Bərzani müstəqillik haqqında son bəyanatına cavab
gəlib. İraqın iranyönlü Nücəba Hərəkatının sözçüsü
Hasim əl-Musavi jurnalistlərə açıqlamasında söyləyib ki, Bərzaninin
müstəqil Kürdüstan ideyası reallaşmayacaq.
“Biz Bərzaninin ölkəsinə sadiqlik nümayiş etdirəcək açıqlama
verməsini gözləyirik. Bərzaninin müstəqillik arzusu heç vaxt
gerçəkləşməyəcək. Buna başda İraq kürdləri olmaqla bütün ölkə
əhalisi etiraz edir. Bərzani hökuməti iqtisadi baxımdan pis
vəziyyətdədir və o, bu vəziyyəti normallaşdıra bilməyəcək.
Müstəqillik Bərzaninin heç vaxt gerçəkləşməyəcək yuxusudur”, – deyə
o bildirib.
Xatırladaq ki, Məsud Bərzani Fransanın “La Stampa”
nəşrinə müsahibəsində İraq artıq bitdiyini, kürdlər öz dövlətinə
sahib olacaqlarını bildirib. “İraqın bütövlüyünü
qorumaq istəyirlər. Amma gerçək budur ki, İraq əslində həll
edilməsi qeyri-mümkün olan problemlər üzündən bölünüb. Sünnilər və
şiələr 1400 ildir ki, qarşı-qarşıyadır. Bu döyüşün qurbanları isə
kürdlərdir. Birlikdə həyat düsturu tapılmalıdır. Kürdüstanın
müstəqilliyi bu bölgədə sabitlik meydanı yaradar. Kifayət qədər qan
və ədalətsizlik gördük”, - kürd siyasətçi vurğulayıb.
Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin
inkişafının aktual məsələləri üzrə keçirilən müşavirədə deyib ki,
mühasibatlıq Belarus-Rusiya münasibətlərinin əsasını təşkil
etməməlidir. Lukaşenko neft-qaz münasibətlərinin
nizama salınmasında Belarusun nə istədiyini aydın şəkildə
göstərib.
Lukaşenko: “Belarusu əymək və diz çökdürmək mümkün olmayacaq”
“Mühasibat Belarus-Rusiya münasibətlərinin əsasını təşkil etməməlidir”.
Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş
naziri Benyamin Netanyahu arasında Moskvada görüş baş
tutub. Putin görüşdə əsas müzakirə mövzusunun
ikitərəfli əlaqələr və İŞİD olduğunu bildirib.
Netanyahu isə Rusiyanın İŞİD-lə mübarizədə mühüm rol oynadığını
bildirib. O, 2016-cı ildə Rusiya sayəsində İŞİD-ə qarşı mübarizədə
böyük uğurların əldə edildiyini söyləyib.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/190724.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)