Astan Şahverdiyev: “Qarabağdakı fransız şirkətlərini də Lapşinin aqibəti gözləyir”

Astan Şahverdiyev: “Qarabağdakı fransız şirkətlərini də Lapşinin aqibəti gözləyir”
16:38 15 Mart 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

“Fransızlar da Azərbaycan Prezidentinin humanist addım atmasını və işğal altında olan torpaqların hələlik sülh yollu ilə həllinə çalışdığını anlayır. Amma çox təəssüf ki, ermənilər bunu anlamaq istəmirlər”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Cəbrayıldan olan deputatı Astan Şahverdiyev bildirib.

Prezident İlham Əliyevin Fransaya səfərinin əhəmiyyətinə də toxunan A.Şahverdiyev xatırladıb ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir:

“Cənab Prezident Fransada çox yüksək səviyyədə qarşılanıb. Bu səfər böyük əhəmiyyətə malikdir”.

Deputat qeyd edib ki, son zamanlar Fransada olan Azərbaycan diasporu da fəallaşıb:

“Bütün bunlar isə Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət töhfələr verə bilər”.

A.Şahverdiyev Prezident İlham Əliyevdən fərqli olaraq, Serj Sarkisyanın Fransaya səfərinin sıradan bir səfər kimi qarşılandığını söyləyib:

“Serj Sarkisyanın Fransaya səfəri adi xarakter daşıyıb. O, iki gündən bir Fransaya gedib-gəlir. Fransada mövcud olan erməni diasporu isə prezident Fransua Ollanda təzyiq edirlər ki, Serj Srakisyanı qəbul etsin. Sarkisyan ən azı 2-3 aydan bir Fransua Ollandla görüşürlər. Fransada Papacan adlı bir erməni var. O, Fransada bütün erməni diaspor təşkilatlarını koordinasiya edir.

Mən 2016-cı ildə Fransada iki dəfə səfərdə olmuşam. Səfər zamanı Azərbaycanın vətəndaşı olaraq, ölkəmizi yüksək səviyyədə təbliğ və təmsil etmişəm. O zaman mənə dedilər ki, Papacan adlı erməninin Fransua Ollanda çox yaxın münasibətləri var. Ona görə də Fransua Olland üç aydan bir erməni diasporu üzvləri ilə görüşür”.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti ermənilərin bütün planlarını ifşa edən addımlar atır:

“Cənab Prezidentin Fransaya səfərinin bir əhəmiyyəti də məhz bundan ibarətdir. Bu baxımdan da cənab Prezidentin Fransaya səfərini yüksək qiymətləndirirəm”.

Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən fransız şirkətləri ilə bağlı məsələyə də toxunan deputat bildirib ki, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində fəaliyyət göstərən bütün xarici şirkətlərə qarşı sərt addımlar atılacaq:

“Fransanın həmin şirkətlərinin nümayəndələrini də Aleksandr Lapşinin aqibəti gözləyir. Azərbaycan dövləti bu gün 20 il əvvəlki zəif ölkə deyil. İndi Azərbaycanın haqq səsi bütün dünyaya yayılır və xarici dövlətlər bizimlə hesablaşırlar. Cənab Prezidentin gətirdiyi arqumentlər elə olur ki, onun qarşısında heç kəs dayana bilmir. Qərb də bunu artıq anlayır. Ona görə də Azərbaycanın dünyada nüfuzu gün-gündən artır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR