Eks-prezident: “Bakı Limanı Avropa ilə Çin arasında əhəmiyyətli mərkəzdir” – ÖZƏL - FOTOLAR

Eks-prezident: “Bakı Limanı Avropa ilə Çin arasında əhəmiyyətli mərkəzdir” – ÖZƏL - FOTOLAR
16:53 17 Mart 2017
108 Digər
Ölkə mətbuatı
A- A+

“Yaxın illərdə Azərbaycanla Moldova arasında tranzit beynəlxalq yük daşınması sahəsində əlaqələr daha çox inkişaf edəcək”.

Bu fikirləri Publika.az-a eksklüziv açıqlamasında Moldovanın sabiq prezidenti Pyotr Luçinski bildirib.

Eks-prezident deyib ki, Moldova Dunay çayı, Qara və Baltik dənizləri vasitəsilə Avropadan Çinə qədər tranzit yüklərin daşınmasında müstəsna rol oynayır:

“Avropa İttifaqının planına əsasən, yaxın illərdə Dunay çayı beynəlxalq yükdaşınmasında əsas nəqliyyat dəhlizlərindən biri kimi istifadə olunacaq. Çünki istər quru, istərsə dəmiryolları hazırda çox yüklənib. Dunay çayında yerləşən limanlar isə Yuqoslaviya hadisələrindən sonra bir qədər öz cəlbediciliyini azaldıb. Əminəm ki, Azərbaycan Moldovadan keçən bu nəqliyyat dəhlizinə öz dəstəyini verəcək və bu layihə daha da inkişaf edəcək”.

Pyotr Luçinski qeyd edib ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avropa ilə Çin arasında əhəmiyyətli tranzit mərkəz rolunu oynayır:

“Hazırda Moldovanın Giurgiuleşti adlı müasir port şəhəri var. Bu limanla Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında qarşılıqlı və geniş əməkdaşlıq imkanları mövcuddur. Ümid edirəm ki, Azərbaycan üzərindən Avropaya daşınacaq enerji resurslarının və digər yüklərin müəyyən hissəsi Moldova ərazisindən də keçəcək. Prezident İlham Əliyev də çıxışında bildirib ki, bir çox ölkələr Azərbaycan, Türkiyə, Bolqarıstan, Rumuniya və Moldova üzərindən keçməklə öz yüklərini daşımağa maraq göstərir.

Bilirsiz ki, Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRASEKA) Baş ofisi Bakıda yerləşir. Bu təşkilatın əsas məqsədi Asiya, Qafqaz və Avropa ölkələrinin nəqliyyat dəhlizini yaratmağa xidmət edir. Vaxtilə biz bu məsələ ilə əlaqədar Çin, Azərbaycan və ABŞ-ın təşəbbüsü ilə ilk dəfə olaraq Vaşqintonda görüş keçirmişik. Daha sonra isə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə Bakıda belə bir görüş təşkil olunub. Bu görüşlər TRASEKA-nın yaradılması ilə bağlı olub. Mən ölkə başçısı kimi həm Heydər Əliyev, daha sonra isə İlham Əliyevdən xahiş etmişdim ki, bu nəqliyyat dəhlizi Moldovanı da əhatə etsin. Çünki Dunay çayında Moldovanın əhəmiyyətli liman şəhəri yerləşir. Bu limanın Qara dənizə çıxışı var. Bu liman vasitəsilə neft və digər məhsulların, tranzit yüklərin Avropa və Asiyaya daşınmasında istifadə etmək olar. Bu baxımdan Moldova daxil olmaqla 12 dövlət TRASEKA-nın üzvü və təşəbbüskarıdır”.

Sabiq prezident Azərbaycan ilə Moldova arasında iqtisadi əlaqələrin hələ keçmiş SSRİ dövründən mövcud olduğunu söyləyib:

“Biz hələ keçmiş Sovet İttifaqı dövründən Azərbaycanla çox yaxşı əlaqələr qurmuşuq. Hazırda bu əlaqələr inkişaf edir və ildən-ilə daha da güclənir. İki ölkə rəhbərlərinin tez-tez görüşləri olur.

Digər tərəfdən isə Azərbaycanla Moldovanı çoxşaxəli tellər bağlayır. Moldovada mütəşəkkil Azərbaycan diasporu mövcuddur”.

Vasif Həsənli






Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR