Düşmənlə təmas xəttində yerləşən hərbi hissələrə davam edən səfəri zamanı Müdafiə nazirliyinin rəhbərliyi bilavasitə ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkilini yoxlayıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən Müdafiə naziri general-polkovnik Zakir Həsənova müasir qurğuların tətbiqi ilə qarşı tərəfi daimi və fasiləsiz müşahidə edən sistemin fəaliyyəti, onun atəş sistemi ilə əlaqəsi, eləcə də istehkam maneələrinin təkmilləşdirilməsi barədə məruzə edilib.
Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyəti bayram münasibətilə
təbrik edən nazir, hərbi qulluqçuların vətənə, xalqa, dövlətə
sədaqətlə xidmət etmələrinin müqəddəs borc olduğunu xatırladaraq,
onlara işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an
döyüşə hazır olmalarını bildirib.