ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland
dünən İrəvanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı planın
mövcud olduğunu açıqladı.
Publika.az xəbər verir ki, Hoqland mövcud planı “Lavrov
planı” adlandırmadıqlarını da qeyd etdi.
“Bu plan üç hissədən ibarətdir, tərəflər bu plan üzərində işləyir”,
- deyə o bildirdi. Lakin planın detallarını açıqlamaqdan imtina
edərək, “bunu etmək yersiz olardı” deyə vurğuladı.
Hoqlandın Qarabağla bağlı konkret planın olması haqda danışması
həmsədrlərin prezidentlərin görüşünü hazırlaması fonunda diqqət
çəkir. Güman ki, bu görüş Ermənistanda parlament seçkilərindən
sonra baş tutacaq.
Burada diqqət cəlb edən məqam Ermənistan prezidenti Serj
Sarkisyanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı
“lazım gələrsə, “İskəndər” raketlərindən istifadə edəcəyik”
bəyanatıdır. Bu bəyanatın hər şeydən öncə seçkilərə hesablandığı
şübhəsizdir.
Lakin erməni ekspert Aram Amatuninin şərhi burada diqqətdən
yayınmır.
Erməni ekspert hesab edir ki, prezidentlərin görüşündə münaqişəni
həlli ilə bağlı planın reallaşdırılması gündəmə gələcək:
“Ermənistan isə təmas xəttində “atəşkəsə nəzarət mexanizmləri”nin
tətbiqini arzulayır. Azərbaycan bunun status-kvonun
möhkəmləndirəcəyini əsas gətirərək, ondan imtina edir. Minsk qrupu
isə mövcud planın tətbiqində maraqlıdır. Sarkisyan da həmsədrlərin
İrəvan səfərindən öncə “İskəndər” bəyanatı verməklə, əslində
amerikalı həmsədrin danışdığı plana etiraz edir”.
Asif