"Beynəlxalq təşkilatlar, BMT və ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq etməli, sanksiyalar tətbiq olunmalıdır. Bu sanksiyalar və təzyiqlər olmayanadək Ermənistan sülh istiqamətində heç bir addım atmayacaq və mövcud status-kvonu qoruyub saxlamağa çalışacaq".
Bu barədə Milli.Az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlərinə dəstək olaraq olaraq bildirib.
Millət vəkili təəssüflə qeyd edib ki, ATƏT-in Minsk qrupunun uğursuzluğunun və münaqişənin həlli ilə bağlı heç bir ciddi nəticə əldə edə bilməməsinin səbəbi bu təşkilatın fəaliyyətində mövcud olan hüquq normalarına əsaslanmamasıdır: "Təcavüzkar sülhə məcbur edilmir. Bu istiqamətdə müvafiq təzyiqlər yoxdur. Hazırda Minsk qrupu demək olar ki, Ermənistanın sahiblərinin inhisarındadır və bu ölkəyə qarşı hər hansı qınaq, onu sülhə məcburetmə istiqamətində heç bir fəaliyyət görmürük".
Ona görə də A.Mollazadənin fikrincə, bu mühiti yaratmaq üçün dünyada mövcud hüquqi normalar bərqərar olunmalıdır: "Azərbaycanın dünyadan gözlədiyi də hüquq, haqq və ədalətdir. Bunun üçün isə işğalçı Ermənistana təzyiqlər edilməlidir. Bunlar BMT-nin arsenalında olan qərarlar və sanksiyalar əsasında olmalıdır. Təəsüf ki, indiyədək beynəlxalq strukturlar bu istiqamətdə addım atmayıblar. Belə bir addım olmayanadək inanmıram ki, Ermənistan ciddi şəkildə sülh danışıqlarına getsin".