Qəzetlərə maraq niyə azalıb?

Dünyada ənənəvi çap mediasından imtina tendensiyası sürətlə davam edir. Hətta qəzetlər çap versiyasından imtina edərək, “onlayn” variantda fəaliyyətlərini davam etdirir.

Mətbuat.az xəbər verir ki, Azərbaycanda da anoloji proses müşahidə olunur. Əvvəlki onilliklərlə müqayisədə köşklərdən qəzet alanların sayı azalıb. Bir vaxtlar yüksək tirajla çap olunan qəzetlər indi ciddi problemlərlə üzləşib. Çap mediasına azalan tələbat getdikcə qəzetlərin sıradan çıxması ilə də nəticələnə bilər.

Mövzu ilə bağlı Metbuat.az-a müsahibə verən jurnalist Orxan Fikrətoğlu ənənəvi çap mediasına tələbatın azalma səbəblərindən danışıb.

“İnsanlar mətbuata artıq əyləncə kimi baxır. Ümumiyyətlə, mədəniyyət get-gedə əyləncəyə çevrilir. Sosial şəbəkələrdə özbaşınalıq baş alıb gedir. Düşünürəm ki, bu oxucudan çox mətbuatın günahıdır. Mövzu, jurnalist peşəkarlığı, jurnalist etikası, qəzetin keyfiyyəti oxucunu yazıya bağlayan əsas amillərdəndir. Oxucunu maarifləndirən, onu mətbuata cəlb edən gerçək mətbuat olmalıdır. Oxucu yazının qeyri-obyektiv olduğunu görərsə, onu qəzet oxumağa cəlb etmək mümkün olmaz. Bu baxımdan da peşəkar jurnalistikanın üzərinə ciddi məsuliyyət düşür. Eyni zamanda, təhsil metodologiyasında da bir intibaha ehtiyac var. Jurnalistika sahəsinə yanaşmada yeniliklər etməyin əsl zamanıdır. Deyərdim ki, hələ gecikmişik. Yeni nəzəriyyə formalaşdırılması labüddür. Jurnalistika sahəsindəki dərsliklərin 99%-i tərcümələrə əsaslanır. Bu sahədə xeyli peşəkar jurnalistlərimiz olsa da, ortaya qoyulası jurnalistika nəzəriyyəsi yoxdur”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR