Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq
haqqında sazişə əsasən, mayın 1-dən 5-dək hər iki ölkənin Silahlı
Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri
keçiriləcək.
Publika.az Müdafiə Nazirliyinə istinadən
bildirir ki, təlimlərdə iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin
şəxsi heyətinin hərbi hava bazalarından birində təntənəli
qarşılanma mərasimi keçirilib.
Türkiyəli hərbi qulluqçuları hərbi birliyin zabiti polkovnik
Münasib Babayev və Türkiyənin ölkəmizdəki hərbi attaşesi briqada
generalı Zafer Ocak qarşılayıb. Hərbi orkestr dövlət himnləri
səsləndirdikdən sonra Türkiyə hərbi qulluqçuları təlim dövründə
yerləşəcəkləri "N" nömrəli hərbi hissəyə yola düşüblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində
ucaldılmış büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və
ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyə nümayəndə heyətinin rəhbəri polkovnik Hakan Açıkgöz birgə
təlimlərin vacibliyini vurğulayaraq qeyd edib ki, keçirilən
təlimlərdə qazanılan təcrübə hər iki ölkənin gələcək əməliyyat
planlarına müsbət təsirini göstərəcəkdir.
Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri
arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı
inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları,
bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini
yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə
nail olmaqdır.
Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya
qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və
nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi
məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava
hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.
Təlimlərə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra
mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb.