Evinizi mehmanxana edə bilərsiniz - Qanun təsdiqləndi

Evinizi mehmanxana edə bilərsiniz - Qanun təsdiqləndi
13:17 25 Aprel 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda özəl çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi asanlaşır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri "yerləşmə vasitələri" adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən "yerləşmə vasitəsi" kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.

Ə.Hüseynli bildirib ki, bu dəyişiklik turizmin inkişafı ilə bağlı kiçik, amma əhəmiyyətli dəyişiklikdir.

Deputat Asim Mollazadə bu dəyişikliyə etiraz edib. O qeyd edib ki, yaşayış sahəsində mehmanxanaların yerləşdirilməsi əhalinin istirahət hüququnu poza bilər: "İnsanların öz yaşayış sahəsində sabit, sakit yaşamaq hüquq var, biz isə bu hüququ pozuruq. Ona görə də bu düzəliş vətəndaşların şəxsi həyat mühitinə müdaxilə şəraiti yaradır".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli həmkarının fikirlərini dəstəkləməyib. O qeyd edib ki, uzun müddətdir ki, "Turizm haqqında" qanun layihəsi üzərində iş gedir, dünya təcrübəsi öyrənilir:

"Biz bilirik ki, Avropada da ayrıca mənzillər turizm obyekti kimi istifadə edilir. Bu layihə Azərbaycanda turizmin inkişafına böyük töhfə verəcək".

Spiker Oqtay Əsədov isə bildirib ki, Türkiyənin 35-40 min əhalisi olan şəhərlərinə hər ay 100 min turist gəlir: "Ev turizmi olmasa, o qədər turisti yerləşdirmək mümkün olmaz".

Deputat Əflatun Amaşov sözlərinə görə, Gürcüstanda da əhalinin hüququ var ki, öz mənzillərinin qapılarını turistlərin üzünə açsınlar: "Ona görə də hesab edirəm ki, Azərbaycanda da belə imkanın yaradılması turizmin inkişafına töhfə verə bilər".

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR