Sabah Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici
işlər nazirlərinin görüşü gözlənilir. Artıq bu görüşə saatlar
qalıb. Moskvanın təşəbbüsü ilə keçirilən görüş İrəvanın ürəyincə
deyil. Çünki bu format Rusiyanın ərazilərin qaytarılmasını nəzərdə
tutan “həll planı”nın dövriyyəyə daxil edilməsi, daha dəqiq desək,
Ermənistanı bu plana razı olmağa məcbur etmək deməkdir. Hazırda
İrəvanda sabahkı görüşlə bağlı narahatlıqlar var.
Publika.az xəbər verir ki, erməni ekspert Aram Amatuni
Moskva görüşünün Ermənistan üçün təhlükəli olduğunu deyib.
“Rusiya Azərbaycan və Türkiyə ilə strateji əməkdaşlıq kursundan
imtina etməyəcək. Bu isə münaqişənin Azərbaycanın istəyinə uyğun
həllini şərtləndirir. Moskva görüşü bizim üçün yaxşı gələcək vəd
etmir”, - deyə o bildirib.
Ermənistanda narahatlıq yaradan digər məqam Moskva görüşü öncəsi
Rusiyadan alınan hərbi texnikanın Azərbaycana gətirilməsidir.
“Lragir” saytı yazır ki, Rusiya Ermənistanla müttəfiq olduğunu desə
də, gizli şəkildə Azərbaycanı dəstəkləyir.
“Əgər Ermənistan Moskvanın rəhbərliyi ilə üçtərəfli formatı davam
etdirməyə razı olmayacaqsa, onda bu dəstək daha da artacaq. Ötən
ilin “aprel müharibəsi”ndən öncə də Rusiya eyni formatı təklif
edirdi. Lakin Ermənistan razılaşmadı və müharibə başlandı. Bu dəfə
də eyni ssenari mümkündür. Bakı isə hərbi diplomatiyanı alternativ
yollardan biri kimi əlində saxlayır. Ermənistan güman ki, Moskvada
Vyana razılaşmasını – təmas xəttində atəşkəsə nəzarət mexanizminin
yaradılmasını irəli sürəcək. Lakin bu, Bakıya sərf etmədiyi kimi,
Moskvaya da sərfəli deyil. Ona görə də Moskvada Rusiya və
Azərbaycan birləşərək, İrəvanı razı olmağa məcbur edəcəklər”, -
deyə sayt qeyd edib.
Asif