Qərbin razılaşmadığı QARABAĞ PLANI, Rusiyaya MÜHARİBƏ ELANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Qərbin razılaşmadığı QARABAĞ PLANI, Rusiyaya MÜHARİBƏ ELANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 5 May 2017
122 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb. Hakerlərimiz ABŞ-dakı erməni diaspor təşkilatı “Amerika Erməni Assambleyası”nın saytına hücum ediblər. Suriyada 4 təhlükəsizlik zonasının yaradılmasını nəzərdə tutan memorandum bu gündən qüvvəyə minir. Suriya müxalifəti isə ölkənin təhlükəsizlik zonalarına bölünməsinə qarşı çıxıb. ABŞ hökumətinin PKK terror təşkilatına növbəti dəfə hərbi yardım etməsi faktının üstü açılıb. Şimali İraq kürd regional rəhbərliyinə müstəqilliklə bağlı referendum avqust ayında keçiriləcək. ABŞ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etmək üçün Rusiyaya məxsus Vladivastok, Naxodki və "Vanino limanlarını nəzarətə götürə bilər.

Bu gün Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbirin rəsmi açılış mərasimində çıxış edib. Dövlət başçısımız multikulturalizm sahəsində Azərbaycanın artıq beynəlxalq mərkəzə çevrildiyini söyləyib.

İlham Əliyev: "Azərbaycan sivilizasiyaların qovuşduğu məkandır" (YENİLƏNİR)

Azərbaycanın “Anti-armenia Team” haker qrupu ABŞ-dakı erməni diaspor təşkilatı “Amerika Erməni Assambleyası”nın saytına hücum edərək dağıdıb. Hakerlərimiz sayta Xocalı soyqırımı ilə bağlı materiallar yerləşdirib.

Hücumu “Anti-armenia Team” haker qrupuna daxil olan və özlərini “The Conficker” adlandıran qrup həyata keçirib. Təşkilat sayta nəzarəti bərpa etmək üçün xeyli səy göstərməli olub.

Hücumdan dərhal sonra “Amerika Erməni Assambleyası təcili olaraq Federal Təhqiqatlar Bürosuna şikayət edib və kiberhücumla bağlı araşdırılma aparılmasını, hücumu həyata keçirən Azərbaycan vətəndaşlarının müəyyən edilməsini istəyib. Təşkilat bildirib ki, bundan əvvəl azərbaycanlı hakerlər “genosid məsələlərini” araşdıran qeyri-siyasi instituta-Erməni Milli İnstitutuna da hücum ediblər. Bu institut Amerika Erməni Assambleyasının himayəsində çalışır.

“Azərbaycan artıq baş tutmuş dövlətdir. Azərbaycan-Rusiya münasibətlərinə gəlincə, indi bu münasibətlər yüksəliş dövrünü yaşayır. Bu, hələ zirvə də deyil, ona doğru bir hərəkətdir. Əlaqələrimiz ildən-ilə daha da yaxşılaşır. Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramından imtina etməklə çox güclü və mühüm bir jesti etdi. Mən onun Rusiya ilə yaxınlaşması yönündə aktiv səylərini görürəm”. Bu sözləri Kremlin ideoloqlarından sayılan Aleksandr Duqin deyib. O, “Novaya epoxa” portalına müsahibəsində bildirib ki, artıq ikitərəfli əlaqələrdə yeni səhifə açmaq zamanıdır və Kremlin Dağlıq Qarabağ nizamlanmasında, o sırada heç olmasa, Azərbaycanın 7 rayonundan 5-nin qaytarılmasında rolu həlledici mövzu olacaq.

“Biz praktik olaraq, buna yaxınlaşmışıq. Buna müvafiq şəkildə də transmilli ittifaqlar üçün əməkdaşlıq yolunda bütün əngəl və maneələr məhv ediləcək. Bu - Avrasiya İttifaqı şəklində də ola bilər, başqa təşəbbüslər formasında da”, - deyə o qeyd edib.

Duqin daha sonra deyib: “Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu başa düşmək çox vacibdir. Nə qədər ki, Rusiya Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, belə də qalacaq. Dağlıq Qarabağa kimin nəzarət etməsindən asılı olmayaraq, bu, çox prinsipial məsələdir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qarantı Rusiyadır”.

Politoloqa görə, 5 rayon məsələsi “Lavrov planı”nın əsasını təşkil edir və ən yaxın gündəmin məsələsi kimi nəzərdən keçirilir. “Bizim qrupumuz da bu plana öz əlini qoyub. Şəxsən mən bu planı Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə müzakirə etmişəm. Bu məsələ təkcə Qarabağla da bağlı deyil. Bu məsələ bu gün Rusiya-Azərbaycan-Ermənistan diplomatiyasında Türkiyə və İranla tam anlaşma layihəsi kimi durur. Bütün regional oyunçular bununla razıdır - Qərbdən başqa”, - deyə Kreml ideoloqu əlavə edib.

Moskva Ankaraya S-400 sistemlərini bir divizionunu 500 milyon dollara satmaq istəyir. Bu barədə informasiyanı “RBC.ru” saytı yayıb.

Daha əvvəl Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu “Habertürk” qəzetinə müsahibəsində bildirib ki, Moskva və Ankara S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması haqqında razılıq əldə edib.

“Biz S-400 zenit-raket sisteminin alınması haqqında Rusiya ilə prinsipial olaraq razılaşdıq. Birgə istehsal və qiymət üzrə danışıqlar aparılır”, - o deyib.

NATO üçün şok xəbəri Çavuşoğlu verdi - Rusiya və Türkiyə RAZILAŞDI

Suriyada 4 təhlükəsizlik zonasının yaradılmasını nəzərdə tutan memorandum bu gündən qüvvəyə minir. Memorandum dünən Astanada – Suriyada atəşkəsin qarantı olan ölkələr (Rusiya, Türkiyə və İran) arasında imzalanıb. Razılaşmaya əsasən təhlükəsizlik zonaları hökumətlə müxalifət qüvvələrinin təmas xəttində yaradılacaq. Bu zonaların daxilində silah qadağan ediləcək, təhlükəsiz rayonlar formalaşdırılacaq.

Suriyada yaradılacaq təhlükəsizlik zonaları ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin uçuşları üçün bağlanacaq. Bunu Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi, Astanada keçirilən Suriya üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı Aleksandr Lavrentev deyib.

Onun sözlərinə görə, bu, təhlükəsizlik zonalarının yaradılması haqqında memorandumda yazılmasa da, sözügedən ərazilərin üzərində aviasiyanın uçuşları dayandırılır.

İngiltərənin “The Times” qəzetinin yazdığına görə, Türkiyə ordusu İdlibə hərəkət edəcək.

Putindən Amerikaya QADAĞA: Rusiya bu vilayəti Ankaraya verdi - DETALLAR

Suriya müxalifəti ölkənin 4 təhlükəsizlik zonasına bölünməsinə qarşı çıxıb. Suriya müxalifətinin nümayəndə heyətinin üzvü Üsəma Əbu Zeydin sözlərinə görə, bu qərar Suriyanın ərazi bütövlüyünü təhdid altında qoyur.

“Biz Suriyanın parçalanmasının əleyhdarıyıq. İran zəmanətçi ölkə olduğu müddət ərzində müxalifət bu razılaşmada iştirak etməyəcək. Üstəlik, Əsədin tərəfində döyüşən Rusiya verdiyi vədləri yerinə yetirmək gücündə deyil”, – deyə o bildirib.

Qeyd edək ki, memorandum imzalanarkən suriyalı müxaliflər ciddi etirazlarını bildiriblər və iclası tərk ediblər.

Suriyada İŞİD və “Ən-Nüsra” Cəbhəsi terror təşkilatları Rusiya istehsalı olan elektronika və gecəgörmə cihazları ilə təchiz olunmuş snayperlərdən istifadə edirlər. “Kommersant” nəşrinin yazdığına görə, bu, hərbi mütəxəssislərin məhv edilmiş terrorçuların silahlarını tədqiq edən zamanı ortaya çıxıb.

Moskvanın “öldürdüyü” rus zabitləri: İŞİD Rusiya silahını necə alır? - ŞOK FAKTLAR

“Rusiyada Xan-Şeyxundakı hadisələrin təxribat olduğuna dair təkzibedilməz sübutlar var”. Bunu Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi, Astanada keçirilən Suriya üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı Aleksandr Lavrentev deyib.

“Bu, Suriya torpaqlarında sülhün əldə olunmasında maraqlı olmayan şəxslər və strukturların təxribatıdır. Amma, təəssüf ki, izahatlar, dəlillər və sübutları təqdim etmək üçün göstərdiyimiz bütün cəhdlərimiz Qərb tərəfindən anlayışla qarşılanmır”, - Lavrentev jurnalistlərə söyləyib.

O əlavə edib ki, Rusiya tərəfi Qərb ölkələrini Suriya hökuməti ilə bağlı öz mövqeyini dəyişdirməyə inandırmaq üçün çalışmağa davam edəcək.

Dünən isə “RİA-Novosti” agentliyinə hərbi-diplomatik mənbə bildirib ki, Suriyada ordu qüvvələri tərəfindən dinc əhaliyə qarşı kimyəvi silahın tətbiqi üzrə səhnə çəkilişləri aparılıb. Onun sözlərinə görə, sifarişçi və çəkilişlərin sponsoru Avropadadır.

Əsədi devirmək üçün film çəkildi: 27 uşaq cəsədi... - ŞOK İDDİA

ABŞ hökumətinin PKK terror təşkilatına növbəti dəfə hərbi yardım etməsi faktının üstü açılıb. Bu barədə Suriya Yerli Koordinasiya Komitəsi (LCC) məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ-a məxsus 48 hərbi maşın və 250 hərbiçidən ibarət hərbi avtomobil karvanı PKK-ya müasir silah-sursat və zirehli texnikaları təhvil verib.

ABŞ-dan Türkiyənin düşmənlərinə hərbi yardım - ŞOK

ABŞ-ın Nümayəndələr Palatası, "Obamacare" kimi tanınan tibbi sığorta sistemini ləğv edib yerinə "Amerika Səhiyyə Xidmətləri Qanunu" (AHCA) layihəsini qəbul edib. ABŞ prezidenti Donald Trampın irəli sürdüyü layihəyə 213 nəfər etiraz edib, 217 nəfər isə razılıq verib. Səs çoxluğu ilə layihə təsdiqlənib qüvvəyə minməsi üçün senata göndərilib.

Donald Tramp hakimiyyətə gəldiyi gündən AHCA layihəsinin Amerika xalqı üçün daha yaxşı səhiyyə sığortası sistemi olduğunu müdafiə edib. Oval Kabinetdə çıxışlarından birində ""Obamacare" səhiyyə sisteminin yaxın günlərdə necə ləğv olunduğunu demokratlar da görəcək" demişdi.

"Obamacare"in ləğv edilməsi, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəldiyi gündən bu yana qazandığı ən mühüm qələbə kimi qiymətləndirilir.

ABŞ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etmək üçün Rusiyaya məxsus Vladivastok, Naxodki və Vanino limanlarını nəzarətə götürə bilər. Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsində deyilir.

Sənədə əsasən, ABŞ prezidenti qanunun qüvvəyə minməsindən sonra 180 gün ərzində Konqresə BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı qərarını pozan limanlar və aeroportlar haqqında hesabat verməlidir. Qanun layihəsində həmçinin Çin, İran və Suriyanın da dəniz limanlarının nəzarətə götürülməsi əksini tapıb.

“Rusiya limanlarının ABŞ-ın nəzarətinə verilməsi beynəlxalq təhlükəsizliyin saxlanılmasının ümumi konsepsiyasında yazılmayıb”. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsini şərh edən Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Andrey Krasov bildirib.

“Bütün gəmilər məhv ediləcək” - ABŞ Rusiya limanlarının işğalına hazırlaşır

“Uzaq Şərqdə Rusiya limanları üzərində ABŞ-ın nəzarəti haqqında qanun layihəsinin reallaşdırılması güc ssenarisini nəzərdə tutur və bu, müharibə elanına bərabərdir”. Bunu isə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitənin başçısı Konstantin Kosaçev bildirib.

“Bu, güc ssenarisini nəzərdə tutur” - ABŞ-dan Rusiyaya MÜHARİBƏ ELANI

Şimali İraq kürd regional rəhbərliyinə müstəqilliklə bağlı referendum avqust ayında keçiriləcək. Bunu jurnalistlərə açıqlamasında kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin müşaviri Məhəmməd Hacı söyləyib.

Xatırladaq ki, Məsud Bərzani mayın 2-də Fransanın “Le Figaro” qəzetinə müsahibəsində kürdlərin müstəqilliyini elan etməsinin zamanı gəldiyini deyib. O, İraqdan sülhlə ayrılmaq istədiklərini söyləyib.

Hizbullah artıq kiçik bir təşkilat deyil. Bunu jurnalistlərə açıqlamasında İsrail parlamentinin Təhlükəsizlik və xarici əlaqələr komissiyasının rəhbəri Avi Dixter söyləyib.

“Hizbullah Suriyada ordu formalaşdırıb. Onlar kiçik qrup deyillər. Onlar yüksək həssaslığa malik silahlardan istifadə edir, Suriya, İran və Rusiya ilə birgə fəaliyyət göstərirlər. Önəmlisi gələcəkdə Hizbullahla mümkün savaşın Livan ilə aparılan əvvəlki müharibələrdən daha fərqli olacağıdır. İsrail ordusu bunun üçün yeni proqramlar hazırlamalıdır”, – deyə o bildirib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Cənubi Koreya Milli Kəşfiyyat Xidməti Şimali Koreyaya qarşı plan hazırlayıblar. Bu barədə informasiyanı Şimali Koreya Dövlət Təhlükəsizlik Nazirliyi yayıb. Nazirlik hər iki kəşfiyyat qurumunun Şimali Koreyaya xüsusi qrup keçirdiyini və onların ölkə rəhbərini öldürmək istədiklərini bildirib:

“Kim Çen İnə qarşı hücum Kumsusan sarayında, ya da hərbi parad zamanı keçirilməli idi. Hücum zamanı radioaktiv maddələrdən istifadə ediləcəkdi”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/197718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR