Qızıl və brilyantdan hazırlanmış ƏN BAHALI ORDEN: kimə və nə üçün verilirdi? - FOTO

Qızıl və brilyantdan hazırlanmış ƏN BAHALI ORDEN: kimə və nə üçün verilirdi? - FOTO
12:23 10 May 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Bir çox dövlətlərdə xüsusi xidmətlərə və qəhrəmanlığa görə rəsmi surətdə fərqlənmə nişanı – ordenlər verilir. Xüsusilə də müharibələrdən şücaətlə çıxmış və ya çoxsaylı yürüşləri ilə ad qazanmış ölkələrdə ali hərbi ordenlərin təsis edilməsi mütləqdir. SSRİ kimi böyük və qalib bir dövlətdə də belə ordenlərin verilməsinə zərurət yarandığından ölkənin ən yüksək ordeni olan “Qələbə” ordeni yaradılmışdı. Amma maraqlıdır ki, bu orden “Qələbə”dən qabaq hələ II Dünya Müharibəsinin ən qaynar dövründə - 1943-cü ildə təsis olunmuşdu (Yeri gəlmişkən, SSRİ-nin sələfi olan Rusiya İmperiyası da dünya dövlətləri arasında Qədim Romadan sonra ən çox ali orden verən dövlətlərdən olub).

Publika.az bildirir ki, “Qələbə” ordeni 1943-cü il noyabrın 8-də SSRİ Ali Sovetinin Prezidium qərarı ilə təsis edilib. Müharibənin qızğın dönəmində belə vacib ordenin təqdimatı mənəvi cəhətdən çox əhəmiyyətli idi. Çünki xüsusi səylərinə və xidmətlərinə görə fərqlənən sərkərdələrə yeni qələbələr üçün təkan rolunu oynayacaqdı. Odur ki, ölkənin ən yaxşı rəssamlarını toplayaraq sanballı orden təsvirləri üçün tapşırıqlar verilir. Əvvəlcə ordenin adı “Vətənə sadiqliyə görə” kimi düşünülür. Bir neçə versiya üzərində iş aparılsa da məqbul hesab edilmir. Daha sonra iş “Böyük Vətən Müharibəsi ordeni”nin eskizini yaratmış Kuznetsova tapşırılır. Rəssamın Stalinə təqdim etdiyi bir neçə eskizdə onun və Leninin təsvirləri olduğuna görə rəhbər bu eskizləri bəyənmir. Sonra birgə qərarla beşguşəli eskizdə kremlin təsviri saxlanılır. Amma Stalin bu ordenin sadə quruluşunu da bəyənmir. O, stimulverici bir ordenin ən gözəl daş-qaşla bəzədilməsini istəyir. Nəhayət, platindən hazırlanmış beşguşəli ulduz formalı ordenin brilyant və yaqutlarla bəzədilməsi qərarlaşdırılır. Hazırlanan 30 nüsxə orden üçün 9 kq təmiz platin, 5400 ədəd xırda brilyant qaş işlənir. Bu orden zərgərlər tərəfindən hazırlanan ilk ordendir. Hər bir orden üçün 5 karat yaqut, 16 karat brilyant, 47 qram platin, 2 qram qızıl, 19 qram gümüş istifadə olunub.

İlk “Qələbə” ordeni 1944-cü ildə Sovet İttifaqının marşalı Georgi Jukova verilib. İosif Stalin özü də bu ordeni alanlardan biridir. 1944-1978-ci illər arasında bu orden 17 şəxsə verilib. Onlardan ikisi – Jukov və Stalin 2 dəfə bu ordenə layiq görülüb. Sonuncu ordenin sahibi isə 1978-ci ildə Leonid Brejnev olub. Bu ali ordeni alanlardan biri də Rumıniyanın kralı I Mixaydır.

Bütün bu ordenlər SSRİ Hərbi Qüvvələrinin Mərkəzi Muzeyində saxlanılır. Onlardan 5-nin orijinalı nümayiş etdirilir. Nümayiş edilən digər ordenlər isə orijinalların nüsxəsidir. Onların əslləri isə Rusiya Federasiyasının Qiymətli metallar və daşlar fondunda, eləcə də Kremldə yerləşən Almaz fondunda saxlanılır.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/198209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR