Azərbaycanın müstəqillik dönəmində çəkilmiş ən uğurlu filmlərindən biri “Otel Otağı”dır. Yazıçı Anarın ssenarisi əsasında Rasim Ocaqovun çəkdiyi bu filmdə Fəxrəddin Manafov, Muxtar Maniyev, Rasim Balayev, Zemfira Nərimanova kimi məşhur aktyorlarımız rol alıblar. Azərbaycan və Türkiyə qardaşlığını, SSRİ-dən çıxmış bir ölkənin çətinliklərini açan dramatik bir filmdir. Amma filmin ən təsirli yeri kasıb və çarəsiz müəllimin ucuz hoteldə qaldığı “Əcəl otağı”dır. Təsadüfmü, zərurətmi? Burda qalan insanlar öz əcəlinə gəlirmişlər. Üstəlik, işin ən tükürpədici tərəfi də hotel işçilərinin bunu bilməsidir. Elə işçilər Kərim müəllimə (Fəxrəddin Manafov) xəbərdarlıq edirlər ki, o otaqda qalmasın, amma səbəbini demirlər. Ola bilsin ki, pul qazanmaq istəyi güc gəlir. Bəlkə desəydilər də kar etməzdi. Çünki sovet insanı fanatizmdən, müəmmalardan uzaq insan idi, ateizm ab-havasında yetişmişdi. Kərim müəllim isə yenicə müstəqil olmuş, amma hələ də sovetin “hava”sını ciyərlərinə çəkən Azərbaycanın müəllimi idi.

Publika.az bununla bağlı yazını təqdim edir:

Film haqqında qısa məlumat verməkdə məqsəd məhz elə bu məqamdır – “Əcəl otağı”. Çoxları bunun böyük yazıçının təxəyyülü olduğunu düşünür, amma burada həqiqət payı da var. Məsələ burasındadır ki, Türkiyədə həqiqətən də belə bir hotel otağı mövcud olub. Amma filmdəki kimi İstanbulda deyil, Bursadadır. Bursada “Qonaqqala” adlı xudmani hotel vaxtilə belə bir otağının mövcudluğu ilə xoşagəlməz ad çıxarmışdı. İlk dəfə bu hotelin otağında Bursaya iş üçün gəlmiş tacir İbrahim Sezgin dünyasını dəyişib. Yenə də filmdən fərqli olaraq yataqda deyil, vannanın içində. Hotel sahibləri istintaq işinin tez bitməsinə çalışırdılar, çünki hotelin nüfuzuna mənfi təsir edirdi. Axı kim bütün gecə vannasında ölü qalmış otaqda gecələyərdi?!

Bura gedən HƏR KƏS ÖLÜR: qorxunc görüntülərinin reallığa çevirildiyi Azərbaycan filmi  - VİDEO

Amma üstündən bir həftə keçmiş daha bir qonaq burada əbədi qalıb (Hotelin adına baxın: “Qonaqqala” – sanki bilərəkdən seçilib. Bura gələn qonaqlar əbədi qalmağa məhkum olurdular). Bəkir Aksoy adlı bir nəfər də səhəri gün həmin vannada ölü tapılıb. Yenə polis araşdırması başlayıb və bu adamın da ürək tutmasından vəfat etdiyi məlum olub. Heç bir ay keçməmiş üçüncü belə hadisə təkrarlananda artıq yerli hakimiyyət həmin otağı möhürlətməli olub. Rəsmi qanunlar, əlbəttə müəmmalarla işləmir, amma sosial-iaşə obyektlərinin xoşagəlməz nüfuzu ümumilikdə şəhərin ab-havasına təsir edir.

Elə filmdə deyildiyi kimi “Bu hotel otağına uğursuz insanlar ölmək üçün gəlirdi. Ölümə məhkum olunmuş insanlar özləri də bilmədən öz ayaqlarıyla gəlib çıxırdılar”.

Şəfiqə ŞƏFA