Milli Olimpiya Komitəsində "Zəfər günləri" layihəsinə start verilib

Bu gün Milli Olimpiya Komitəsində (MOK) "Zəfər günləri" layihəsinə start verilib.

Metbuat.az bildirir ki, qurumun inzibati binasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında ilk medalları qazanan idmançılarla görüş keçirilib.

Tədbirdə MOK-un, eləcə də İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev, Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova və digər qonaqlar iştirak edib.

Ç.Hüseynzadə çıxışında bildirib ki, “Bakı 2015” I Avropa Oyunları zamanı təməli qoyulan “Zəfər günləri” layihəsi davamlı olacaq. O, IV İslam Həmrəyliyi Oyunlarında ilk medalları qazanan idmançıları təbrik edərək, uğurların davamının gələcəyinə inandığnı söyləyib:

“Bu gün böyük bayramdır. İki gün öncə İslamiadanın möhtəşəm açılış mərasimi oldu, hamınız gördünüz. Bütün dünyaya İslam və ümumbəşər dəyərlərə nə qədər sadiq olduğumuzu göstərdik. Yarışlara gəlincə, ilk gündə 10 qızıl, 9 gümüş və 3 bürünc medal qazandıq. Bu, hələ birinci gündür. Təsəvvür edin, yarışlar hələ 10 gün davam edəcək. I Avropa Oyunlarında təməlini qoyduğumuz “Zəfər günləri” davam edir. Medalçıları qəbul edib, mükafatlandıracağıq. Əminəm ki, layihə yenə uğurlu olacaq və “Zəfər günləri” hər zaman bizi müşayiət edəcək”.

İ.İsmayılov isə Azərbaycanda idmana yüksək səviyyədə dövlət qayğısından söz açıb. O, bildirib ki, idmançılar göstərilən etimadı doğruldurlar və İslamiadada ölkəni ən yaxşı şəkildə təmsil edəcəklər.

Tədbirin sonunda xatirə lövhəsinə imza atan idmançılara hədiyyələr təqdim olunub.

Mayın 13-də 10 Azərbaycan idmançısı - Ruslan Lunyov (atıcılıq), Nicat Şıxəlizadə Orxan Səfərov, Hidayət Heydərov, Erdenebat Bazarraqça (hamısı cüdo), Rafael Ağayev, Fəridə Abıyeva (hər ikisi karate), Afaq Sultanova, Ramilə Kaştayeva (hər ikisi paracüdo) və bədii gimnastika yığması (Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova) qızıl medal qazanıb. Şəfəq Əmrahova (atıcılıq), İlahə Qasımova (karate), Rüstəm Orucov, Aişə Qurbanlı, Nəzakət Əzizova, Kifayət Qasımova, Xanım Hüseynova (hamısı cüdo), Turanə Əliyeva və Sevda Vəliyeva (hər ikisi paracüdo) “gümüş” əldə ediblər. Həmçinin, Firdovsi Fərzəliyev, Nuranə Əliyeva (hər ikisi karate) və Səbinə Əzimova bürünc medala yiyələniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR