İnsanlar mübahisə zamanı niyə bıçağa əl atır? - Alim DƏHŞƏTLİ MƏQAMLARI AÇDI

İnsanlar mübahisə zamanı niyə bıçağa əl atır? - Alim DƏHŞƏTLİ MƏQAMLARI AÇDI
12:48 23 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

“28 yaşlı Gəncə sakini bıçaqlandı”, “35 yaşlı Lənkəran sakini bıçaqlandı”, “Gənclər arasında mübahisə bıçaqlanma ilə nəticələndi”…

Mətbuatda hər gün azı bir bıçaqlanma xəbəri olur. Hətta bəzi günlərdə 3-4 belə hadisə baş verir. Müxtəlif regionlarda qeydə alınan hadisələrin ya səbəbi bilinmir, ya da mübahisə zəminində olduğu deyilir. Amma bu hadisələr gənclərin son vaxtlar problemlərini həll etmək üçün bıçağa əl atdıqlarını göstərir. Əvvəl yumruq davasına çıxanların indi soyuq silaha əl atması əslində psixoloji problemlərdən xəbər verirmiş. Üzərində daim silah gəzdirənlər isə əsasən, özünə dayaq axtaranalar imiş.

Gənclərin bu üsulu seçmələrinin psixoloji və ictimai səbəbləri barədə psixologiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Cabbarov Publika.az-a açıqlamasında aydınlıq gətirib.

Onun sözlərinə görə, bunun səbəbi sosial-iqtisadi şəraitin dəyişilməsi fonunda və sürətli inkişaf axarında insanlarda informasiya stressinin artması, frustrasiya hallarının çoxalması, eləcə də dəyişən şəraitə adaptasiya qabiliyyətlərinin azalmasıdır: “Rəsmi statistika olmadığından bıçaqla və ya digər vasitələrlə baş verən cinayətlərin artması barədə fikir deyə bilmərik. Lakin son vaxtlar cinayətlərin xarakterinin dəyişməsini etiraf etməliyik. Cinayət hallarının, assosial hərəkətlərin xarakterinin dəyişməsinin səbəbi insanların psixikasında, düşüncəsində, dav­ranış­ında və emosiyalarında baş verən dəyişikliklərin nəticəsidir. Dünyaya inteqrasiya müsbət cəhətlərlər yanaşı, neqativ halları da özü ilə gətirir. Üstəlik, sosial-iqtisadi şəraitin dəyişməsi fonunda adaptasiya resursları kifayət etmir, yeni dəyərlər idxal olunur.

İnsanlar yeni dəyərlərin fonundan dünyaya baxırlar. Bunun bir səbəbi də tərbiyə sistemi ilə bağlıdır. Bu gün bəzi ailələr uşaqları ərköyün, emosional, dözümsüz böyüdürlər. Nəticədə hər hansı çətinlik yaranan kimi aqressiya yük­səlir və insanlar hər hansı məsələnin həllində birbaşa yollar axtarırlar. Digər mə­qam kütləvi informasiya vasitələri ilə, habelə sosial şəbəkələr, filmlər və seriallarla bağlıdır. Uşaqlar üçün isə aqressiv oyunların üstünlük təşkil etməsidir. Oyun personajlarını real həyta keçirmək bir növ belə cinayətlərin psxioloji motivi kimi çıxış edə bilər. Lakin bu cür cinayətlərin artmasının dəqiq səbəbini araşdırmaq üçün tədqiqat aparılmasına ehtiyac var”.

Psixoloq onu da vurğuladı ki, bıçaqla xəsarət yetirmədə diqqət çəkən məqam bir neçə zərbənin vurulmasıdır: “Hadisələri təhlil edərkən görürük ki, insanlar bir yox, bir neçə bıçaq zərbəsi ilə qarşısındakına xəsarət yetirir. Bir bıçaq zərbəsi almış insanın psixikasında ciddi dəyişiklik baş verir və ömrü boyu bu hadisəni unuda bilmir. Bir neçə bıçaq zərbəsinin isə insanda hansı hisslərin yaratdığına şərh vermək çətindir. Onun keçirdiyi emosional hallar heç zaman yadından çıxmır və vaxtaşırı xatırlanır, neqativ təsəvvür kimi onu izləyir.

Cinayət hadisəsinin baş verməsi bir tərəfdən yarıtmaz tərbiyənin, neqativ sosial əhatənin nəticəsidirsə, digər təfədən fərdin reallaşdırmadığı və daxilində topladığı aqressiyanın təzahürüdür. Cinayətin hüquqi motivi, onun psxioloji moti­vin­­dən fərqlənir. Bu da əslində qarşısındakı şəxsin bütünlüklə günah obyekti olmadığını gös­tərir. Həmin şəxsə qədər onun aqressiyasını sıxışdıran insanlar və ya hadisələr olur. Məsələn, təhsildə istədiyi nəticəyə nail ola bilmir, evdə, sinifdə danlanır, özünü təsdiq etməyə yer axtarırır. Belə hallarda ala biləcəyi qisasın hamısını bir şəxsə yönləndirir. Onun psixoloji motivləri isə çox dərindir. Bunu həmin şəxsin tərbiyəsində, psixologiyasında, müasir dövrün sürətli inkişafında axtarmaq lazımdır. Cəmiyyət sürətlə inkişaf edir, lakin insanların adaptasiya gücü ona uyğunlaşmağa yetərli olmur. Nəticədə orqanizm özünü səfərbər edir və aqressiv davranışlar büruzə verir. Metroda birinə toxunmaq davaya çevrilə bilər. Bu halların başvermə səbəbi cəmiyyətin sürətli inkişafı fərdlərin bu inkişafla ayaqlaşa bilməməsi, stress və frustrasiya hallarının artması, orqaniuzmin gücünün zəif olması ilə bağlıdır”.

Film, seriallarda bıçaqlanma kadrlarının, həmçinin problemlərin bıçaqla xəsarət yetirərək həll edilməsinin bu halların artımına təsirindən danışan psixoloq belə deyib: “Bu hadisələr əsasən, gənclik, yeniyetmə dövründə baş verir. Çünki bu keçid dövründə dünyagörüşünün dəyişməsi, həssaslığın artması, təlqinə, təsirə tez düşmə, biloloji inkişafın sürətlənməsi, “mən”in, eqonun diqqət mərkəzinə gəlməsi bu məsələdə xüsusi rol oynayır. Yeniyetmənin şəxsiyyətinin formalaşdığı bir vaxtda film, serial qəhrəmanlarının davranışı şüuraltı şəkildə gənclərə sirayət oluna bilir. Xüsusən də, özünü təlimdə tapa bilməyən, mövqeyi olmayan şəxslərə bu daha çox təsir edir”.

Qarşısındakına aqressiyanı bıçaqla xəsarət yetirərək göstərməyin insanın psixologiyasında hansı pozuntulardan xəbər verdiyinə toxunan R.Cabbarov belə bir kriteriyanın dəqiq müəyyən edilmədiyini, lakin təsdiqlənmiş bəzi məqam­lar­ın olduğunu vurğuladı: “Bıçaqla xəsarət yetirən insanın psixoloji durumunda konkret hansı məqa­mların olduğunu deyə biləcəyimiz prinsiplər yoxdur. Söyləyə bilmərik ki, onlarda psixoloji pozuntular var. Lakin hər dövr üçün formalaşmış streotiplər mövcuddur. Əgər əvvəllər yumruqla döyüşmək əsas sayılırdısa, indi belə düşünmürlər. Bir də ölümə və ya ağır xəsarətə gətirib çıxaran hallarda mütləq” zəif nöqtə” olur. Yəni deyilmiş nalayiq söz, təhqir və s. ifadələr fərdin dəyərlərinə toxunnanda müdafiə mexan­izmi və ya instikt işə düşür. Ola bilər ki, bıçaqdan istifadə edənlərin fiziki gücü lazımi səviyyədə deyil. Qorxu və aqressiya, nevrotik simptomlar onların hadisəni dərk etməsinə münasibətini üstələyir. Bu insanlar üzərində bıçaqla gəzir və deməli nədənsə ehtiyat edirlər, yaxud ona psxioloji dayaq kimi baxırlar. Demək, onlar əslində bu hadisəyə hazır olur. Hesab edirəm ki, bıçaqla xəsarət yetirmə daha çox affektiv haldan qaynaqlanır. Çünki hər kəs öldürmək üçün bıçağa əl ata bilməz. Buna xüsusi hazırlıq və ya niyyət gərəkdir. Belə halların baş verməsində gənclərin düşdüyü affekt vəziyyətinin olub-olmaması əsasdır. Lakin hər bir konkret hadisənin araşdır­ılma­sından sonra ona münasibət bildirmək olar”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/199836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR