“İlham Əliyev İslam ölkələrinin həmrəyliyi üçün böyük iş gördü” - Ağacan Əbiyev

“İlham Əliyev İslam ölkələrinin həmrəyliyi üçün böyük iş gördü” - Ağacan Əbiyev
13:18 24 May 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

“IV İslam Həmrəyliyi Oyunlarında həm idman nəticələri, həm də təşkilatçılıq baxımından Azərbaycan böyük bir idman ölkəsi olduğunu bir daha dünyaya sübut etdi”.

Publika.az-a açıqlamasında bu sözləri Milli Olimpiya Komitəsinin Baş katibi, millət vəkili Ağacan Əbiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu oyunlardakı idman nəticələri dövlətin bu sahəyə göstərdiyi diqqətin nəticəsi idi: “Oyunlardakı nəticələrimiz Azərbaycanın bu sahədə nə qədər inkişaf etdiyini göstərdi. Avropa Oyunlarında Azərbaycan Rusiyadan sonra ikinci yeri tutdu, bu yarışlarda isə ölkəmizin idmançıları öz bacarıqlarını göstərib, birinciliyi əldə etdilər. İslam oyunlarında Azərbaycanın birinci olmağı nə təsadüf, nə də yarışların ölkəmizdə keçirilməsi ilə bağlıdır. Çünki Olimpiya oyunlarının statistikasına baxanda Azərbaycanın İslam dövlətləri arasında yenə də birinci yerdə olduğunu görə bilirik. 180 milyonluq Rusiya, 220 milyonluq Amerika Birləşmiş Ştatları ilə özümüzü müqayisə etməyimiz tezdir, lakin bizə yaxın, hətta 50-60 milyonluq ölkələrlə mübarizə aparıb, qalib gəlirik. İslam Həmrəyliyi Oyunlarındakı nəticələrimiz ölkəmizin hər sahədə necə inkişaf etdiyini göstərdi. Buna görə də biz Azərbaycanla fəxr edirik”.

A.Əbiyev onu da vurğulayıb ki, İslam Həmrəyliyi Oyunlarının ideyası Beynəlxlaq Olimpiya Oyunları ilə üst-üstə düşür. Onun sözlərinə görə, bu yarışlarda həmin ideyanı həyata keçirmək mümkün oldu: “Bu vaxta qədər ölkəmiz müxtəlif idman növləri üzrə beynəlxalq səviyyəli bir çox yarışa, həmçinin Birinci Avropa Oyunlarına ev sahibliyi edib. Onların hamısında təşkilatçılıq yüksək səviyyədə qiymətləndirilib. İlk dəfə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də böyük bir uğur idi. İslam Həmrəyliyi Oyunlarına gəldikdə, bu, sadəcə bir idman yarışı deyildi. Bu yarışın ideyası həm də İslam ölkələrini bir-birinə daha da yaxınlaşdırmaq, birləşdirmək, həmrəy etmək idi. Bir idmançı, Olimpiya Hərəkatının iştirakçısı kimi İslam Həmrəyliyini İdman Federasiyasının əsasnaməsi ilə Beynəlxalq Olimpiya hərəkatının xartiyası arasında heç bir fərq olmadığını deyə bilərəm. Hər ikisinin ideologiyası eynidir. Gəncləri sağlam, savadlı, təhsilli tərbiyə etmək, mədəniyyətə yaxınlaşdırmaq Olimpiya hərəkatının fəlsəfəsidir. İslam Həmrəyliyi Oyunlarında bu ideyaların hamısı əks olunub. Bu həmrəylik ona görə lazımdır ki, İslam dövlətləri hər zaman güclü olsun. Çünki son zamanlar qərbdə islam dininə qarşı qeyri-obyektiv münasibət hiss olunur. Belə bir ərəfədə ölkə Prezidenti bu oyunların Azərbaycanda keçirilməsi barədə qərarı ilə çiyinlərinə böyük yük götürdü. Bu yarışlarda Azərbaycan İslam ölkələrinin həmrəyliyi üçün böyük iş gördü. Hər şeyə qadir olduğumuzu bir daha sübut etdik. Yarışlar boyu insanlara dostluq, birlik, qardaşlıq çağırışı oldu. Olimpiya kəndində müxtəlif ölkələrdən olan insanların bir yerdə olması, bir stol arxasında əyləşmələri hesab edirəm ki, bu həmrəyliyin göstəricisi idi. İslam ölkələri də oyunların yüksək səviyyədə təşkilatçılığından, obyektivlikdən, idmançılara yaradılan şəraitdən çox razı qaldılar. Oyunların bu cür təşkil edilməsində ən çox əziyyət çəkənlərdən birincisi ölkə Prezidenti İlham Əliyev, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva olub. Açılış və bağlanış mərasimlərinin bu qədər yüksək və mədəni şəkildə təşkili Mehriban xanımın təşkilatçılığıdır. Təşkilatçılıq, görülən işlərlər kiçik ölkə olsaq da nələrə qadir olduğumuzu göstərdik. Sübut etdik ki, bəziləri də bizimlə hesablaşmalıdır. Hesab edirəm ki, bu yarışlar ölkəmizin imicini dünya səviyyəsində yüksəltdi”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/199990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR