Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqatçısı,
tarixçi alim Nəsiman Yaqublunun Publika.az-a müsahibəsi:
- Mayın 16-da Prezident İlham Əliyev Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Bu
sərəncamın əhəmiyyətini necə qiymətləndirirsiz?
- Xalq Cümhuriyyətinin 100 illik yubileyini yüksək səviyyədə
keçirtməliyik. Çünki gələn il bu cür tədbirləri təkcə biz
keçirtmirik. Həm Gürcüstan, həm Ermənistan, həm də Polşa öz
yüzilliklərini qeyd edəcək. Yəni bu demokratik dövlət quruculuğu
yarışına çevriləcək. Bununjla yanaşı, gələn il dünyanın diqqəti
Qafqazda qurulan demokratik dövlətlərin tarixinə yönələcək. Hamı
100 il öncə Qafqazda ən demokratik və layiqli dövləti hansı xalqın
qurması haqda maraqlanacaq. Ona görə də gələn il biz öz demokratik
dövlətçilik ənənələrimizi dünyaya çatdırmaq imkanı qazanırıq. Bax,
bu imkanı əldən vermək lazım deyil. Bu prosesi udmaq üçün böyük
şansımız və imkanlarımız var. Bəs o imkanlarımız nədir? Birinci
növbədə deyim ki, müsəlman Şərqində ilk demokratik dövləti biz
qurmuşuq. Bu, bizim ən böyük üstünlüyümüzdür. Biz dünyaya daha çox
bununla çıxa bilirik.
İkincisi, biz Şərqdə ilk parlament respublikası qurmuşuq. Həmin
parlamentdə elə qanunlar qəbul etmişik ki, həmin qanunları Avropa
ölkələri bizdən sonra qəbul edib. Misal üçün, 1919-cu ilin iyun
ayında qəbul edilən qadınlara seçim haqqının verilməsi haqqında
qanunu Avropa ölkələri 1930-cu illərdən sonra qəbul ediblər. Amma
bu qanunu ilk qəbul edən biz olmuşuq. Demokratik dövlət quruculuğu
baxımından indi görün bizim dünyaya nə qədər çıxış nöqtələrimiz
var? Məqsədim də budur ki, biz bu dəyərləri bütün dünyaya tanıdaq.
Dünya da görsün ki, Azərbaycan demokratik və hüquqi dövlət qurmağa
layiq xalqdır. Yəni biz bu dövləti qurmağı bacarırıq. Mən təklif
edirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları
ölkəmizə gətirilməlidir. Məhəmməd Əmin Rəsulzadənin məzarı
Türkiyədə, Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəylinin
məzarları Fransada, Fətəli xan Xoyski və Həsən bəy Ağayevin
məzarları isə Gürcüstanda yerləşir. Təklif edirəm ki, onların
məzarlarını ya Azərbaycana gətirməliyik, ya da onların məzarları
Azərbaycan dövləti tərəfindən xarici ölkələrdə xüsusi diqqətə
alınmalıdır. Çünki onların bəzilərinin məzarları uçulub dağılır,
diqqətsiz qalır, bəzilərinin məzarları isə başqa yerlərə aparılır
və s. Həm də dövlətin bu şəxslərin məzarlarına diqqəti olması
məsələsini qaldırırıq. Ona görə də mən bu məsələni qaldırmışam.
Qaldırdığım digər məsələ isə Azərbaycan Xalq Cümhuriyyəti haqqında
normal filmlərin çəkilməsi ilə bağlıdır. Hazırda demək olar ki,
Azərbaycan Xalq Cümhuriyyəti haqqında heç bir normal film yoxdur.
Həmin filmlər çəkilməli və təhsil müəssisələrində tələbə və
şagirdlərə göstərilməlidir. Artıq Cümhuriyyətin yubileyinə bir il
vaxt qalır. Əgər biz həmin filmlərinə çəkilişlərinə bu ildən
başlasaq, gələn ilə hazır edə bilərik. Azərbaycan Xalq Cümhuriyyəti
qurucularının həyatlarının bir hissəsi xarici ölkələrdə keçib. Ona
görə də xarici ölkələrə gedib, orada çəkilişlər aparmaq, arxivləri
araşdırmaq və həmin filmlərin ssenarilərini yazmaq lazımdır. Bunun
üçün azı bir il zaman lazımdır. Biz də indidən başlamalıyıq ki,
həmin vaxta qədər çatdıra bilək.
Digər təklifim odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən
bəhs edən və hər kəsin ziyarət edə biləcəyi abidə və muzey
yaradılmalıdır. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı eksponatlar
həmin muzeydə toplanılmalıdır. Adını da “İstiqlal” muzeyi qoymaq
lazımdır. Doğrudur, bu cür muzey hazırda var. Ancaq orada
Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı eksponatlar kifayət qədər
azdır.
Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının əsərləri
çap edilməlidir. Məhəmməd Əmin Rəsulzadənin 30-40 cildlik əsərindən
cəmi 4-5 cildi çap edilib. Eyni vəziyyət Əlimərdan bəy Topçubaşova
da aiddir. Nəsib bəy Yusifbəylinin xeyli sayda əsərləri olsa da,
ancaq onun seçilmiş əsərləri ümumiyyətlə hələ çap edilməyib.
Bir məsələyə əsas diqqət yetirməliyik ki, biz gələn il təkcə
Azərbaycan Xalq Cümhuriyyətini qeyd etmirik. Gələn il həm də
Azərbaycanda dövlət təsisatlarının yaradılmasının 100 ili tamam
olur. Azərbaycan tarixində ilk dəfə məhz Cümhuriyyət dövründə
demokratik və hüquqi dövlət qurumları, Nazirlər Şurası, Ədliyyə,
Müdafiə nazirlikləri, parlament yaradılıb. Təqribən 10-a qədər
nazirlik yaradılıb ki, bütün bunların hamısının gələn il
yubileyidir. Ən nəhayət, gələn il paytaxt Bakının azad olunmasının
100 illik yubileyidir. Azad sözə və mətbuata imkan yaradan
senzuranın ilk dəfə ləğv edilməsinin 100 illik yubileyi olacaq. Biz
bütün bunlara diqqət etməliyik. Bu kompleks tədbirlər planına
çevrilməlidir. Bu işlərin reallaşması üçün də həmin sahəni bilən
adamlar cəlb edilməlidir. Yəni hər gün mövqeyini dəyişən, bir gün
Daş dövründən, sabah isə nəyinsə xətrinə Cümhuriyyət dövründən
yazan tarixçiləri deyil, ömrünü bu işə cəlb edən adamlara müraciət
etmək lazımdır. Şəxsən məni cəlb etsələr, çox böyük həvəslə bu
işlərə kömək etməyə hazıram. Bu işi bilən adamların hamısını
vətəndaş və Azərbaycana bağlılıq sevgisi ilə bir yerə toplayıb,
onlara konkret iş planı vermək lazımdır. Əsas məqsədim odur ki, biz
bu yarışda Ermənistana və Gürcüstana uduzmayaq.
Cümhuriyyət tarixi ilə bağlı Azərbaycanın orta məktəb dərsliklərinə
də yenidən baxılmalıdır. Çünki həmin dərsliklər yaxşı vəziyyətdə
deyil. Orta məktəb dərsliklərində Azərbaycan Xalq Cümhuriyyəti
tarixi ilə bağlı cəmi bir-iki səhifə ötəri cümlələrlə yazılar
yerləşdirilib ki, bu da biabırçı vəziyyətdədir. Həmin yazılar
insanlarda tariximizin şərəfli dövrü olan Azərbaycan Xalq
Cümhuriyyətinə sevgi aşılamır. Səbəb odur ki, bu dərsliyi adamlar
başdan sovdu yazıblar. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı elə
məqamları yazmaq lazımdır ki, onu oxuyan insanlarda
cümhuriyyətçilərə sevgi yaransın.
Çox təəssüf ki, bəzən şəxsiyyətləri bir-birinə qarşı qoyurlar. Buna
misal olaraq Məhəmməd Əmin Rəsulzadə-Əlimərdan bəy
Topçubaşov-Fətəli xan Xoyski qarşıdurması kimi məsələləri
yığışdırmaq lazımdır. Bu adamların hamısı Azərbaycan üçün mühüm
işlər görmüş şəxsiyyətlər olub. Azərbaycan Xalq Cümhuriyyətinin də
lideri Məhəmməd Əmin Rəsulzadədir. Çünki bunların öz dövrlərində
çıxan “Azərbaycan” qəzetinin bir illik yubiley sayında Məhəmməd
Əmin Rəsulzadənin fotosunu birinci yerə qoyublar. Həmin vaxtı digər
cümhuriyyətçilər də sağ idilər. Azərbaycan Milli Qurtuluş
Hərəkatını və Azərbaycan Xalq Cümhuriyyətini yaradan və İstiqlalı
elan edən Milli Şura, onun sədri isə Məhəmməd Əmin Rəsulzadə
olub.
– Amma “İstiqlal” bəyannaməsində nə üçün Məhəmməd Əmin
Rəsulzadənin imzasının olmadığı deyilir
– Bütün bunlar doğru deyil. Görünür, kimlərsə tarixi faktları
kontekstdən çıxarıb təqdim edirlər. Əvvəla, Rəsulzadə nə üçün
Gürcüstana getmişdi? O, Batumidə nə edirdi? Həmin vaxtı Rəsulzadə
Batumidə türklərlə danışıqlar aparırdı ki, gəlib Bakını xilas
etsinlər. Çünki biz Bakıya girə bilmirdik. İyunun 4-də Məhəmməd
Əmin Rəsulzadə və Məmmədhəsən Hacınski Azərbaycan Xalq Cümhuriyyəti
adından Osmanlı Türkiyəsi ilə müqavilə imzalamışdı. Müqavilənin
dördüncü maddəsində göstərilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti Türkiyədən hərbi qüvvə istəmək hüququna malikdir. Məhz
həmin maddənin hesabına Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam
Ordusu Azərbaycana gələrək, Bakını xilas edib. O dövrdə Məhəmməd
Əmin Rəsulzadə Batumidə məhz bu işlərlə məşğul idi. Nə gözləmə
mövqeyində dayanmışdı? Azərbaycanın İstiqlal bəyannaməsini də
Məhəmməd Əmin Rəsulzadə yazıb. Necə olur ki, bəyannaməni yazan adam
altından imza atmır? Bu cür fikirlər doğru deyil. Məhəmməd Əmin
Rəsulzadə İstiqlal bəyannaməsini yazaraq, Nəsib bəy Yusifbəyli
vasitəsilə Batumidən Tiflisə göndərib ki, onu qəbul etsinlər. Bütün
bunlar konkret faktlarla sənədlərdə də əks olunub.
Batumidə bir otaqda oturub Noy Jordaniya Gürcüstanın, Məhəmməd Əmin
Rəsulzadə isə Azərbaycanın İstiqlal bəyannaməsini yazıb. Ona görə
də Azərbaycan və Gürcüstanın İstiqlal bəyannamələri bir-birinə çox
bənzəyir. Sadəcə olaraq gürcülərdə bizdən iki maddə çoxdur, amma
məzmunca çox yaxındır. Bir daha deyirəm, Azərbaycanın İstiqlal
bəyannaməsini Məhəmməd Əmin Rəsulzadə yazıb. Sadəcə, sənədin əsli
itirib. O dövrdə sürətli nəqliyyat olmadığına görə Məhəmməd Əmin
Rəsulzadə istiqlalı elan etmək üçün sənədi Batumidən Azərbaycana
gətirə bilməyib. Həmin vaxtı Rəsulzadə türklərlə müqavilə
imzalamağa hazırlaşırdı. O Bakıya gələ bilməzdi. Digər tərəfdən isə
bu adamları imza, vəzifə qətiyyən maraqlandırmırdı, onları Vətən,
Azərbaycanın taleyi maraqlandırırdı.
Misal üçün, Əlimərdan bəy Topçubaşov ömründə bir gün də olsun
Azərbaycan parlamentində oturmayıb. Bəs onda biz hansı haqla
Topçubaşova parlamentin sədri deyirdik? Yaxşı, İstiqlal
bəyannaməsinə Rəsulzadə imza atmayıb, Topçubaşov parlamentdə
oturmayıb, bəs bu dövləti kim qurub? Deməli, bu adamları vəzifə və
şəxsi mənafe maraqlandırmayıb? Bu adamlar həyatlarını Azərbaycan
dövlətinin müstəqilliyinə qurban veriblər.
Xəlil İbrahim yazır ki, Məhəmməd Əmin Rəsulzadənin azyaşlı oğlu
dünyasını dəyişmişdi. Ancaq Rəsulzadə oğlunun yasında bir saatdan
artıq oturmadı. Dedi ki, gedib Batumiyə müqavilə imzalayıram ki,
türklər Bakıya köməyə gəlsin.
Eynilə Əlimərdan bəy Topçubaşov da Azərbaycan parlamentində
oturmadı, əvəzində Versala gedib Azərbaycanı tanıtdı. Bizə də əsas
bu lazım idi. Onların imza atması ilə bağlı sualın belə qoyuluşu
düz deyil. Sualı belə qoymaq lazımdır ki, onlar Vətən üçün nə
ediblər? Onlar 114 min kvadrat kilometrlik ərazini bizə miras
qoyublar. Həmin vaxtda da Dağlıq Qarabağ problemi var idi, ancaq bu
problemi Cümhuriyyət dövründə həll etmişdilər. Xosrov bəy Sultanovu
Qarabağa qubernator təyin edəndən sonra bütün ermənilər yerinə
oturulmuşdu. Onun dövründə Qarabağda yaşayan bütün ermənilər
üçrəngli Azərbaycan bayrağı altında sakit dayanmışdılar, heç bir
ərazi iddiaları da yox idi.
– İrəvan və digər tarixi ərazilərimizin Ermənistana
verilməsini Azərbaycan Cümhuriyyətinin ciddi səhvi adlandırırlar.
Bu doğrudanmı belədir?
– O dövrdə Bakıya girə bilməyən bir dəstədən biz İrəvanı tələb edə
bilərdik? O dövrdə bizə İrəvan daha vacib idi, yoxsa Bakı? Gücümüz
də yox idi. Bütün bunlara baxmayaraq, Xalq Cümhuriyyəti Bakını
özündə saxlamağı bacardı. O zaman heç bir gücün yox idi. Məhəmməd
Əmin Rəsulzadənin gücü ondadır ki, o gördü gücümüz yoxdur, dərhal
Türkiyədən yapışdı və Qafqaz İslam Ordusunu Bakıya dəvət etdi.
Rəsulzadə Ənvər Paşa ilə şəxsi dost idi, bunun sayəsində də Bakını
xilas etdi.
– Mustafa Kamal Atatürkün Məhəmməd Əmin Rəsulzadə ilə
münasibətlərinin yaxşı olmadığı deyilir. Bu nə dərəcədə doğru
faktdır?
– Onların Mustafa Kamal Atatürklə münasibətləri sonradan, 1920-ci
illərdə formalaşıb. 1931-ci ildə isə bütün qafqazlı mühacirlərlə
yanaşı, Rəsulzadəni də Türkiyədən deportasiya ediblər. Çünki həmin
illərdə SSRİ ilə Türkiyə arasında münasibətlər yaranırdı,
müqavilələr imzalanırdı. Cümhuriyyətçilər isə SSRİ-nin əleyhinə iş
aparırdılar. Ona görə də Sovet İttifaqı Türkiyədən onların
fəaliyyətinə son qoyulmasını tələb edirdi. Bu mənada da onlar
Türkiyədən deportasiya olunmuşdu. Ancaq onlardan çoxu vətəndaşlığı
qəbul edib Türkiyədə yaşamağa qərar veriblər. Deportasiya olunmamaq
üçün də onlardan siyasi fəaliyyət göstərməmələri tələb olunurdu.
Misal üçün, Əhməd Cəfəroğlu, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə
siyasi fəaliyyət göstərmədikləri üçün ömürlərinin sonunadək
Türkiyədə yaşayıblar. Ancaq Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, mən
bura adi vətəndaş həyatı yaşamaq üçün gəlməmişəm. Mən bura
Azərbaycan uğrunda mübarizə aparmaq üçün gəlmişəm. Ona görə də
Rəsulzadəyə dedilər ki, SSRİ-nin təzyiqinə görə Türkiyədə yaşamaq
mümkün deyil. Amma 1947-ci ildən sonra Məhəmməd Əmin Rəsulzadə
yenidən Türkiyəyə qayıdıb və ömrünün sonunadək bu ölkədə
yaşayıb.
Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük
tarixi hadisədir, tariximizin ən şanlı dövrüdür. Biz gələn il 100
illik yubiley ərəfəsində o dövrün ən dəyərli məqamlarını dünya
ictimaiyyətinə çatdırmaq imkanı qazanırıq. Ona görə də bu yubileyə
çox ciddi şəkildə hazırlaşmalıyıq.
Mən də öz imkanlarım daxilində bu yubileyə hazırlıq işləri görürəm.
Misal üçün, “Cümhuriyyət qurucuları” kitabını çapa hazırlayıram.
Yəqin ki, 3-4 ay içərisində şəxsi vəsaitim hesabına o kitabı çap
etdirəcəm. Məhəmməd Əmin Rəsulzadənin “Seçilmiş əsərləri”nin ikinci
cildini də çapa hazırlayıram. Amma arzu edərdim ki, bu işlərə
dövlət də maddi dəstək olsun. Maddi vəsait olmadan iş görmək
olmur.
Düşünürəm ki, Cümhuriyyət dövründən bəhs edən seriallar və filmlər
çəkmək lazımdır. Mən bunları dövlət dəstəyi olsa da, olmasa da
edəcəm.
– Məhəmməd Əmin Rəsulzadə bir müddət Kremlin
dəftərxanasında da çalışıb. Sizcə, onun Rusiyaya getməsi qaçılmaz
idimi?
– Birincisi, Məhəmməd Əmin Rəsulzadə Rusiyada heç də azadlıqda
yaşamırdı. O, buradan həbs edilib Rusiyaya aparılmışdı. Orada da
nəzarətdə yaşayırdı.
Məhəmməd Əmin Rəsulzadə İosif Stalinlə 1904-cü ildən eyni partiyada
fəaliyyət göstəriblər. Yəni, Rəsulzadə Bolşeviklərlə əməkdaşlıq
edib sonradan onlardan ayrılıb. Rəsulzadənin Stalinlə yaxın
münasibətləri olub. Birgə mübarizə aparıblar. Rəsulzadə Stalinin
bir neçə dəfə həbsxanadan qaçırılmasında yaxından iştirak edib.
Bütün bunlara görə də Stalin Rəsulzadəyə böyük dəyər verirdi.
1920-ci ildə Məhəmməd Əmin Rəsulzadə həbs ediləndə, Stalin Bakıya
gələrək, onu azad etdirir. Hətta, həbsxanada onların maraqlı
dialoqu da olub. Stalin Rəsulzadəyə deyir ki, Azərbaycanda sizi
güllələmək istəyirlər, vəziyyətiniz ağırdır, mən ancaq sizi buradan
özümlə aparmaqla xilas edə bilərəm. Əgər burada qalsanız, mən sizin
təhlükəsizliyinizə təmin vermirəm. Ancaq mənimlə Moskvaya getsəniz,
orada sizin azad yaşamağınızı təmin edə bilərəm.
Amma Rəsulzadə ölümlə üz-üzə dayanmasına baxamayaraq, Stalinə belə
cavab verir:
“Koba (Rəsulzadə Stalinə Koba deyə çağırırdı – müəllif), o gün
sizin müstəntiq də mənə sual verdi ki, siz üç ay Lahıcda nə üçün
gizlənmişdiniz? Mən gördüm ki, bu cavan müstəntiq mənim cavabımdan
anlamayacaq. Ancaq sənin kimi peşəkar inqilabçı dostuma deyirəm nə
üçün gizləndiyimi! Çünki sən başa düşəcəksən. Mən Lahıcda olanda
məqam gözləyirdim ki, sizi devirək. Çünki siz Azərbaycanı işğal
etmişiniz!”.
Hansı ölüm ayağı altında olan bir adam bu sözləri Stalinə deyə
bilərdi? Təsəvvür edin ki, Stalin bunu xilas etmək üçün gəlib.
Rəsulzadə isə Stalinə “sən işğalçısan, səni devirmək istəyirəm”
deyirdi. Bunu hər adam edə bilməzdi. Bu, Rəsulzadənin xarakteri
idi.
Bu sözlərdən sonra Stalin gülümsünərək, Rəsulzadəyə deyir ki, siz
bizimlə bərabər Çar Rusiyasına qarşı böyük mübarizələr vermisiniz,
böyük xidmətləriniz var. Ona görə də siz nə həbs ediləcək, nə də
güllələnəcək adam deyilsiniz. Sizi azad buraxmaq lazımdır. Bu da
ancaq mənimlə Moskvaya getsəniz mümkün olar.
Bu sözlərlə Stalin Rəsulzadəni Rusiyaya getməyə razı salır.
Rəsulzadə də uşaq deyildi, realist idi. Göz görə-görə güllənin
qabağına getmək də axmaqlıq idi. Ona görə də Stalinlə razılaşır.
Rəsulzadənin Moskvaya getməsi məsələsinin də kökündə bu
dayanır.
Rəsulzadə Moskvada bir müddət qalandan sonra oradan qaçmaq planı
üzərində işləyir. Ancaq bu çox çətin məsələ idi. Yəni, Rəsulzadə
istədiyi zaman maşına minib Rusiyadan qaça bilməzdi. Nə olsun ki,
Kremldə idi? Rəsulzadə Moskvanın ciddi nəzarətində idi. O lazımı
məqamı gözləyirdi. Həmin məqam da yetişdi. Rəsulzadə Stalinə
bildirdi ki, mən Sankt-Peterburq kitabxanasına işləməyə gedirəm.
Rəsulzadə orada yaşayan Musa Carullah Bigeyev adlı görkəmli tatar
alimi və gizli Müsavat təşkilatının köməyi ilə Sankt-Peterburqdan
Finlandiya sərhədinə keçir və Avropa ölkələrinə mühacirət edir.
Stalin çox hiyləgər siyasətçi olduğu üçün Məhəmməd Əmin Rəsulzadəni
elə-belə Moskvaya aparmamışdı. Stalin istəyirdi ki, Kremldə Şərq
məsələlərini Məhəmməd Əmin Rəsulzadəyə həvalə etsin. Çünki Stalin
Şərq məsələlərini elə də yaxşı bilmirdi. Amma Rəsulzadə bilirdi. O,
İranda, Türkiyədə olmuşdu, ərəb və fars dillərini bilirdi. Bütün
bunlara görə də Stalin Rəsulzadədən bəhrələnmək istəyirdi.
Sadəcə olaraq, Rəsulzadə Sovet İttifaqı ilə işləməyi qəbul etməzdi.
Ona görə də Rusiyadan qaçıb getdi. Gedəndə də Stalinə məktub
yazmışdı ki, mən Azərbaycanın müstəqilliyi uğrunda mübarizəmi
sonadək davam etdirəcəm. O, Fransada, Polşada, Almaniyada,
Rumıniyada Azərbaycan naminə Prometey mübarizəsi aparıb. Rəsulzadə
bütün həyatını və ailəsini Azərbaycanın müstəqilliyi uğrunda qurban
verib. Rəsulzadənin həyat yoldaşını, ailə üzvlərini sürgünə
göndəriblər, oğlu Rəsulu 24 yaşında güllələyiblər, qohumlarının
hamısı həbs edilib. Rəsulzadə ailəsinə dəyən ziyan heç bir ailəyə
dəyməyib. Amma Rəsulzadə bu yoldan dönməyib, sonadək mübarizə
aparıb. Hətta, bu yaxınlarda yeni istintaq materialları əldə
etmişəm. Rəsulzadə 1950-ci illərdə Türkiyədə yaşayan zaman
Azərbaycanda vəziyyəti öyrənmək üçün bura gizli adamlar
göndərirmiş. Həmin adamlardan bir neçəsini də Azərbaycanda həbs
ediblər. Buna görə də Rəsulzadə Azərbaycan uğrunda ömrünün
sonunadək mübarizə aparıb. O, böyük ideoloqdur. Müstəqil Azərbaycan
dövlətçiliyinin ideoloji əsaslarını, Milli Azərbaycan Hərəkatının
xarakterini işləyib hazırlayan, onun prinsiplərini müəyyənləşdirən
şəxs Məhəmməd Əmin Rəsulzadə olub. Dünyada heç bir şəxsiyyətin və
liderin söylədiyi şüarlar Rəsulzadənin söylədiyi “insanlara
hürriyyət, millətlərə istiqlal” və “bir kərə yüksələn bayraq, bir
daha enməz” şüarlarına çata bilməz. Bütün bunlar çox böyük və
bəşəri şüarlardır. Özü də bütün bu şüarlar insan azadlıqlarından
qaynaqlanır. Bu mənada biz Məhəmməd Əmin Rəsulzadənin irsini daha
çox nəşr etməli, yaymalı və ictimai fikrə çatdırmalıyıq.
– Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi və milli
təhlükəsizlik sahələrində çalışmış kadrların əskəriyyəti sonradan
öldürülüb. Bunun xüsusi səbəbləri var idimi?
– Doğrudur, onların bəzilərini öldürüblər, bəziləri isə ölkədən
qaça biliblər. Misal üçün, Məmmədbağır Şeyxzamanlının qardaşı
Türkiyəyə gedib orada yaşayıb. O dövrdə əsas hərbiçiləri
öldürürdülər. Təsəvvür edin ki, cümhuriyyət dövrünün 7 generalını
öldürüblər. Ümumilikdə isə bir il ərzində 40 minə qədər adam
öldürüblər. Təkcə, Gəncədə 10 min adam öldürüblər. Gəncə üsyanında
azərbaycanlılarla yanaşı, 8 min Müsavatçı rus əsgərləri də qətlə
yetirilib. Bizim hərbiçiləri xəyanətkarcasına güllələyirdilər ki,
ordu zəifləsin. Əgər o generallarımızı öldürməsəydilər, Sovet
İttifaqı uzun müddət qala bilməyəcəkdi. Təsəvvür edin ki, bir-iki
zabitimiz o boyda Gəncə üsyanı başlatmışdı, qarşısını ala
bilmirdilər. Həmin dövrdə 150 üsyan başlamışdı. Çoxuna dəstəyi
Müsavatçı zabitlər verirdi. Ona görə də Sovet rəhbərliyi ilk
növbədə zabitlərimizi, hərbiçiləri öldürürdü. Onların gücü də çox
idi. Azərbaycana 70 min rus qoşunu girmişdi. Azərbaycan 70 minlik
qoşunun qarşısında heç nə edə bilməzdi. Bu gün də Qarabağı geri ala
bilirik? Səbəb yenə rusdur. Bir tərəfdən Rusiya, digər tərəfdən isə
İran Qarabağın işğalda qalmasını qoruyub saxlayır.
Vasif Həsənli,
foto: Nurlan Gülməmmədov