"Müstəqillik mübarizəmiz bitməyib, davam edir"

"Müstəqillik mübarizəmiz bitməyib, davam edir"
08:47 28 May 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan 99 il əvvəl müsəlman Şərqində və türk dünyasında ilk demokrarik cümhuriyyət qurdu, lakin bu dövlət cəmi 23 ay yaşadı. Azərbaycan 1991-ci ildə ondan 71 il əvvəl əldən verilmiş müstəqilliyini bir daha bərpa etsə də, müstəqillik mübarizəmiz hələ bitməyib, davam edir. Çünki yenə də bu müstəqilliyi əlimizdən almağa çalışan qüvvələr var".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, eləcə də Elm və təhsil komitələrinin üzvü Asim Mollazadə 28 May - Respublika Günü ilə bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, 28 May - Respublika Günü bizim üçün tarixi və böyük bir gündür: "Azərbaycan xalqının öz missiyası və öndərliyini təsdiq edən gündür. 28 May hər bir azərbaycanlı üçün demokratik və insanı dəyərlər üzərində qurulmuş öz milli dövlətini İslam aləmində, türk dünyasında ilk demokratik cümhuriyyət olaraq bir lider kimi tanıtmağa xidmət edir. Bizim Azərbaycan Xalq Cümhuriyyətinin dəyərləri üzərində bərpa olunmuş müstəqilliyimiz bu missiyanı gücləndirir. Mənə belə gəlir ki, hər bir azərbaycanlının bu dəyərlərə söykənərək azərbaycançılıq məfkurəsini dünyaya yayması Azərbaycan dövlətinə dünyada hörmət qazandıracaq. Azərbaycanı tanıyanlar da yaxşı anlayırlar ki, ölkəmiz zəngin tarixə və böyük gücə malikdir".

A.Mollazadə hesab edir ki, bu gün Azərbaycanın ən böyük və ağrılı problemi olan Qarabağ məsələsi Azərbaycanın müstəqillik mücadiləsinin davamıdır: "Bizim müstəqilliyimizi istəməyən, bununla razılaşmayan qüvvələr Azərbaycana, onun torpaqlarına göz dikiblər. Ölkəmizin inkişafının qarşısını almaq istəyirlər. Ona görə də bizim müstəqillik mübarizəmiz hələ də davam edir. Əminəm ki, Azərbaycan xalqının iradəsi nəhayət, qalib gələcək və öz missiyasını bütün dünyada həyata keçirəcək".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/548860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR