“Meşənin içi ilə 11 kilometr cənazəni çiynimizdə apardıq" – “0 NÖQTƏSİ”DƏN REPORTAJ

“Meşənin içi ilə 11 kilometr cənazəni çiynimizdə apardıq" – “0 NÖQTƏSİ”DƏN REPORTAJ
17:19 30 May 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

 

 

 

“Sıx meşənin içi ilə 11 kilometr cənazəni çiynimizdə aparmalı olduq".

 

Gürcüstanın Zuqdidi rayonunun tanınmamış “Abxaziya Respublikası” ilə sərhədində fəaliyyət göstərən “Egrisi” fondunun rəhbəri Tsitsino Biblaya fikirlərinə belə başlayır.

 

Burada bir haşiyə çıxaraq deyim ki, “0” nöqtəsindən reportaja Ts. Biblaya ilə başlamağımızın səbəbi bu oldu ki, onun rəhbərlik etdiyi fond Abxaziyadan, doğma yurd-yuvasından, qohumlarından ayrı düşərək sərhədin bu tayına sığınan qaçqınlara müxtəlif səpkili yardımlar edilməsinə çalışır. İndi də baş cümlədəki sitatı izah eləyim:

 

SON ARZUYA APARAN ÇƏTİN YOL

 

Bir neçə il əvvəl Tsitsino Biblaya və qohumları vəfat etmiş qardaşını tanınmamış Abxaziya Respublikasının ərazisində, doğulub işğalın başladığı ana qədər yaşadıqları torpaqlarda dəfn etmək qərarına gəlir. Əvvəlcə onlar sərhəd zonasındakı nəzarət-buraxılış məntəqəsini leqal yolla keçmək istəsə də, hər hansı səbəb göstərmədən geri qaytarılır. Sonra isə... Sonrasını 56 yaşlı qadın göz yaşları ilə xatırlayır:

 

"Sonra cənazəni gizli yollarla aparmaq qərarına gəldik. Bunun üçün isə sıx meşənin içərisi ilə 11 kilometr getmək lazım idi. Bizə yoldan ötən abxazlar kömək elədi”.

 

Beləliklə, onlar çətinliklə də olsa qardaşının son arzusunu yerinə yetirir.

İndi isə Abxaziya ərazisində doğma torpaqlarda dəfn olunmaq bir yana, heç sağ qalan qohum-əqrəbanı görmək belə mümkün deyil.

 

Orsantiya kəndi ilə Abxaziyanı birləşdirən körpü var. İki ay əvvələdək sakinlər körpüdən sərbəst şəkildə keçə bilirdi. İndi isə burada bizi silahlı əsgərlər qarşılayır. Şəkil çəkmək istədiyimizi görüb etiraz edirlər, amma hərəkətlərində qabalıq yoxdur. Dediklərinə görə qarşı tərəf onlara tuşlanan foto və video obyektivləri müşahidə edən kimi atəş açır. Qarşı tərəfdə isə rus əsgərləridir. Həqiqətən də aramızda müəyyən məsafə olsa da, onların da bizim qrupdan göz çəkmədiyini sezirik.

 

Tsitsino Biblayanın söhbət əsnasında bizə dediyi maraqlı bir məqamda söz açır. Onun sözlərinə görə, tez-tez rus əsgərlərinin qoruduğu sərhədin o tayına keçmək istəyənlərdən yerli administrasiyanın göstərişi ilə Gürcüstan pasportları alınır və onlar bir daha bu taya, yəni “0 nöqtəsi”ndən geriyə buraxılmırlar:

 

“Bəzi hallarda rus hərbçilərinin insanlarla normal davrandığını da görmüşəm. Amma bir dəfə bu ərazidəki gürcü məktəblərindən birində müəllim işləyən bir qadın növbəti gün işə getmək üçün sərhədi keçmək istəyəndə, onu həbs ediblər. Abxaz əsgərlərdən biri ona deyib ki, hətta onlar da bu cür vəziyyətdən yorulublar və bu, heç əsgərlər üçün də xoş deyil”.

 

“BU, SİYASƏTDİR”

 

Həmin müəllimə sonra danışıb ki, komendaturada onu sorğu-sual edəndən sonra “Bu siyasətdir, xanım” deyərək buraxıblar.

 

Sakinləri dinləməyə davam edirdik ki, matəm libası geyinmiş daha bir xanım (qəhrəmanlarımın çoxu bu addımın sonrakı nəticələrindən qorxub adlarını demək istəmədi - müx.) kəndə jurnalistlərin gəldiyini görüb, bizə yaxınlaşdı:

 

- Mənim iki oğlum ölüb, başa düşürsünüz? Qohumlarımın çoxu qalıb Abxaziya tərəfdə, bax orada. Neçə illərdir bir-birimizi görə bilmirik (ağlayır).

 

Ona bəzi suallar ünvanlansaq da özünü ələ ala bilmir deyə, biz də israr etmirik.

Bizi əhatəyə alan sakinlərdən biri, Culyetta Xazova israrla evinə getməyimizi xahiş edir. Onsuz da yurd nisgili ilə yaşayan bu xanımın qəlbinə dəyməmək üçün razı oluruq. Həmsöhbətimiz 25 il əvvəl tərk etdiyi Abxaziyadakı son gününü xatırlayır. İndi isə onun qayıtmağa yeri yoxdur:

 

“YALNIZ XATİRƏLƏR QALDI”

 

"Bizi sadəcə olaraq kənddən qovdular. Bir gün abxaz əsgərləri evə soxularaq dedilər ki, evinizi tərk etmək üçün 5 saat vaxt veririk sizə (gözlərini silir) Özümüzlə heç nə götürə də bilmədik, imkan vermədilər. Yalnız xatirələr qaldı. Sonrakı gün isə o xatirələrlə bərabər evi də yandırdılar” (ağlayır).

 

Həmsöhbətimiz deyir ki, bu, onların ilk itkisi deyil. 1994-cü ilin payızında separatçılarla döyüşdə əmisi öldürülüb, qardaşı isə ayağından güllə yarası alıb:

 

"Xoşbəxtlikdən digər qohumlarımız da qaça bildi, indi isə biz oraya qayıtmaq istəmirik. Qayıtmağa heç bir yerimiz yoxdur. Hara gedək? Lakin, hər şeyə rəğmən ümidlər ölmür deyirlər”.

 

Culyetta Xazova xatırlayır ki, atasının öz ana yurduna qayıtmaq arzusunu ölümü yarıda qoydu. İndi də sərhədin hər iki tərəfində qalmış qohumlar bir-birini axtarıb tapmağa çalışır.

 

Culyetta daha bir həyat hekayəsi danışır bizə. Adını nə qədər çalışsa da yada sala bilmədiyi iki bacısından... Bir-birini 25 il ərzində görməyən bacılar ötən il görüşə biliblər yalnız:

 

"Bu görüşü görmək lazım idi: göz yaşları da vardı orada, kədər də var idi. Uşaqlar böyüyüb, nə də olmasa 25 il keçib. Bacılar doyunca danışa, ağlaya bildilər. Bunu həyatım boyu unutmayacağam".

 

Burada, “0 nöqtəsi”n də yaşayanlara ilk növbədə sabitlik lazımdır: elə hər iki tərəfdən. Onlar sadəcə olaraq bundan sonra necə yaşamaq, nə etmək gərəkdiyinin diktə olunmasını istəmir. Bu sadə, siyasətdən uzaq adamların istədiyi yalnız sabit həyat, yaşamaq hüququnun verilməsidir ki, hələlik bu onlara əlçatmaz arzu kimi görünür.

 

Fərid Azəri

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275763

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR