"Həyat yoldaşım teatra qayıtmağıma dəstək oldu"
Aktrisa Zemfira Əbdülsəmədovanın Milli.Az-a müsahibəsi.
- Zemfira xanım, çox nadir hallarda saytlarda müsahibəniz çıxır. Olmaya yazılı mətbuatla aranız yoxdur?
- Xeyr, mətbuatla demək olar ki, dostam. Sadəcə olaraq son vaxtlar işimin bir az çox olduğundan müsahibə verə bilmirəm. Ümumiyyətlə isə tez-tez müsahibə verməyi xoşlamıram. Yeni işlərim olandan-olana müsahibə verirəm. Müsahibə verəndə də gərək danışmaqa sözün olsun. Əlbəttə ki, söhbət nəticəsi özümü də qane edən işlərdən gedir.
- O zaman gəlin elə bu günlərdə təqdimatı olan "Xənnas" filmindən danışaq. Bir filmdə ikili obraz yaratdınız. Filmin digər aktyorlarından fərqli olaraq sizin üzərinizə ağır yük düşmüşdü.
- Öncə onu deməliyəm ki, "Xənnas" filminin Hollivud səviyyəsində təqdimatından çox böyük zövq aldım. "Xənnas" Azərbaycanın ilk qorxu filmi kimi tarixə düşdü. Düz qeyd etdiniz, filmdə iki ana obrazı canlandırmışam. Həm mülayim, oğlu üçün hər addımında narahat olan ana və ona əks olan, içinə cin girmiş ana obrazı. "Xənnas"ın çəkilişləri axşam qaranlıq düşəndən səhər dan yeri sökülənə qədər davam edirdi. İnsan iki gecə yatmayanda nə hala düşür. Amma biz 49 gecə yatmadıq. Günorta sadəcə gözümüzün acısını alırdıq. Ona yatmaq demək olarsa. Mən orada çəkiliş vaxtı 10-15 dəqiqə yatmışdım. Ayaq üstə yatmağı bu filmdə öyrəndim.
- Bəs indiyə kimi Azərbaycan kino sənətində qorxu filmləri çəkilməmişdi?
- İndiyə kimi çəkilən filmlərin süjeti nağıllardan götürülmüşdür. Həm də bunlar janr etibarı ilə tamam fərqli filmlərdir. Bizim film qorxu, mistik janrda, real hadisələrdən ibarət bir filmdir.
- Zemfira xanım, xaraktercə çox sakit xanımsız. Amma oynadığınız rollar həmişə hay-küylü olub. Obrazdan-obraza girməyin bir aktrisa kimi sizə çətinlikləri olur?
- Dəyişmə, başqalaşma aktyor sənətində ən vacib xüsusiyyətlərdən biridir. Obrazın kimliyi və təklif olunmuş vəziyyətdə o necə hərəkət edə bilər? Bax bunu dəqiq bildikdən sonra mənim üçün çətin olmur.
- Elə sənətçilər var ki, bütün rollarında eynidir. Bu rejissorun səhvidir, yoxsa aktyorun özünün?
- Hər bir aktyorun məktəbi olmalıdır. Mən bunun üçün ustadım Hüseynağa Atakişiyevə minnətdaram. Xoşbəxtlikdən indiyə qədər işlədiyim rejissorlar da ən yaxşı rejissorlar olub. Ən yaxşı aktyora da mütləq yaxşı rejissor lazımdır.
- Yəqin ki, gənc sənətçilərin səhvlərini görüb deyirsiniz. Bir peşəkar aktrisa kimi məsləhətlərinizdən yararalanırlar?
- Gənc dedikdə elə öz gəncliyim də yadıma düşür. Təbii ki, səhvsiz insan olmur. Onlara elə gəlir ki, dünyanı dəyişə bilərlər. O da bundan irəli gəlir ki, enerjiləri çoxdur, arzuları sonsuzdur. Hər şeyə tez nail olmaq istəyirlər. Onlara tövsiyyəm ondan ibarətdir ki, gördükləri işi sevsinlər. Əlbəttə ki, istedadlı gənclərimiz də var. Bu işlə ciddi məşğul olsalar uğur yalnız onların olacaq.
- Zemfira xanım, həyat yoldaşınız Ədalət müəllim də sizlə birlikdə teatrda işləyir. Amma teatra bir müddət fasilə verdiniz. Nə ilə bağlı idi bu fasilə?
- Teatrda verdiyim fasilə İstanbula köçməyimizlə və uşaqlarıma vaxt ayırmağımla bağlı idi. Amma həyat yoldaşım sonradan mənim teatra qayıtmağıma dəstək oldu. Teatrda olmadığım müddətdə isə uzun müddət Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyasında aktyor sənətindən dərs deyirdim. İndi də pedaqoji fəaliyyətimi davam etdirirəm.
- Yoldaşınızla tanışlığınız teatrdan başlayıb?
- Həyat yoldaşım Ədalət müəllim məndən bir neçə ay əvvəl Gənclər teatrında işləməyə başlayıb. Bəli, biz teatrda tanış olmuşuq. Zarafat etdiyi qədər də ciddiliyi və dürüstlülü məni valeh etdi. Ona görə evlənməyə razılıq verdim. Mənə elə gəlir ki, biz bir-birimizi tamamlayırıq.
- Çox get-gələ saldınız?
- Qapımıza gəlməmişdən öncə onu özüm yordum (gülür). El adəti ilə bir dəfə elçi gələndən sonra, "hə" cavabını aldılar.
- Heç kollektivdə sizə görə kimləsə əlbəyaxa olubmu?
- Biz ikimiz də yerimizi bilən insanlarıq, buna heç vaxt imkan yaratmarıq. Xeyr, belə bir şey olmayıb.
- Yəqin ki, siz xanım olduğunuza görə qısqanclıq hissi daha üstün olub.
- Xeyr, mən də onu qısqanmamışam. Çünki Ədalət müəllim bunun üçün heç bir səbəb yaratmayıb.
- Nə vaxtsa birdəfəlik sənətdən getmək istəmisiz?
- Sənətdən uzaqlaşmaq fikrim olmayıb. Vəziyyətdən asılı olaraq istəyimin əksinə olaraq bir az uzaq qalmışam. Onda da vaxtımı ailəmə sərf etmişdim.
- Ən çətin gününüzdə həyat yoldaşınızla bir- birinizə necə dəstək olmusunuz?
- Əlbəttə ki, çətin vaxtlarımız çox olub. Amma insanın stimulu olanda, çətinliyin öhdəsindən asan gəlir. Stimulum ailəm və uşaqlarım olub. Nə etmişiksə Ədalətlə birlikdə etmişik. Bizə heç kimin köməyi olmayıb. Bu indi də belə davam edir.
- Son paylaşdığınız fotoda sizi qrimlə qocaltmışdılar. Bu hansı film idi?
- Bu "Yalnış anlama" filmi idi. Türkiyə və Azərbaycanın müştərək işidir. Çəkilişlər Bakıda və Türkiyədə oldu. Bir reklam çəkilişində də məni qocaltmışdılar. Ekranda o reklama baxanda qəribə bir kövrəklik yaşadım.
- Qocalmaqdan qorxursunuz?
- Yaponlar deyir ki: "Uzun ömür yaşamaq üçün qocalmaq lazımdır". Gözəl qocalmaq lazımdır. Xəstəlikdən qorxuram, qocalıqdan deyil.
Əli Rəhimoğlu
Milli.Az