"Heç bir məmur Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirə bilməz”

"Heç bir məmur Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirə bilməz”
18:08 1 İyun 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bir qrup deputatı ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərməsini təqdir ediblər.

Publika.az xəbər verir ki, azərbaycanlı deputatlar bu addımı Donald Tramp prezident seçildikdən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni dönəmin başlaması kimi təqdim ediblər.

Milli Məclisin Azərbaycan-Amerika Birləşmiş Ştatları (ABŞ) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Sabir Hacıyev bildirib ki, Azərbaycan-ABŞ münasibətlərinin qurulmasının kökü XX əsrin sonlarına təsadüf edir:

“Ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının həyata keçirilməsində ABŞ-ın böyük rolu var. Buna görə də Donald Tramp öz məktubunda Azərbaycana enerji məsələlərində böyük dəstək verdiyini qeyd edib. Bütün bunlar uzunmüddətli ABŞ-Azərbaycan münasibətlərinin təzahürüdür. Ola bilsin ki, ayrı-ayrı dövrlərdə ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən şəxslər olub. Bu hər bir ölkənin Prezident Administrasiyasında mövcud ola bilər. Amma bütün bunlar ABŞ-Azərbaycan münasibətlərini sarsıda bilməz. İki ölkə münasibətlərində bütün sahələrdə, xüsusilə də enerji sahəsində möhkəm əlaqələr olub”.

Deputat deyib ki, hazırda ABŞ hökumət rəhbərliyində Azərbaycanı istəyən qüvvələr daha çoxdur:

“Bütün bunlara görə də heç bir məmur Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirə bilməz”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə məmnunluqla qeyd edib ki, hazırda Azərbaycan-ABŞ münasibətləri artan istiqamətdə inkişaf edir:

“Azərbaycan ABŞ üçün vacib tərəfdaş ölkədir. Bizim müttəfiqliyimizin vacib əhəmiyyəti var. Azərbaycanla ABŞ arasında münasibətlərin qurulması son illərin əməyi deyil. Ölkələrimiz arasında əlaqələrin uzun tarixi var. Bu münasibətlərin qurulması ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin şəxsi dostluğunun və apardığı uğurlu siyasətinin nəticəsidir. Bütün bunlar isə Azərbaycanın dünyada artan nüfuzunun və etibarlı tərəfdaşlığının hesabına mümkün olub”.

Deputat vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin və regionda sülhün təmin olunmasında mühüm rol oynayır:

“Azərbaycan işğala və terrora məruz qalan ölkə kimi dünyada terrora qarşı mübarizə koalisiyasının fəal üzvüdür. Bütün bu amillərin müsbət nəticəsidir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp Azərbaycanla münasibətləri yüksək qiymətləndirir, xalqımızı və dövlət başçısını təbrik edir”.

R.Rzayev söyləyib ki, ABŞ Azərbaycan iqtisadiyyatının inkişafını və ölkəmizin iştirak etdiyi bütün enerji layihələrini dəstəkləyir:

“ABŞ Azərbaycanı dəstəkləməklə, ölkəmizlə münasibətlərə böyük önəm verdiyini bir daha ortaya qoyur. Öz növbəsində Azərbaycan da ABŞ qurulan münasibətlərə vacib əhəmiyyət göstərir. Bizim ən böyük problemimiz Dağlıq Qarabağ münaqişəsidir. ABŞ isə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Bu baxımdan ABŞ-ın Qarabağ münaqişəsinin həllinə mühüm töhfələri ola bilər. Əminəm ki, cənab Prezident İlham Əliyev bu istiqamətdə də siyasətini uğurla aparacaq. Bununla da vaxt gələcək, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/200981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR