Həkim Qəni ilə getdi...

Həkim Qəni ilə getdi...
10:54 3 İyun 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

 

Bir şair həkim Qəni  vardı, Vahid Ədəbi məclisi  yaratmışdı.  Qubernator bağında,   Vahid Poeziya evində yerləşirdi bu məclis. Hər bazar yığışardıq bu evə. Ədəbi mübahisələr o qədər qızışardı ki, sonda çölə çıxardı, sonra bu mübahisələr metrolara minərdi, yayılardı şəhərə.

 

Bir  şair həkim Qəni vardı... O vaxtlar  bir çaynik  çay bir manat  idi. Vahid Poeziya evində içərdik çaydan, deyərdik şeirdən, vurardıq nərddən.

 

Həkim Qəni heca şeirini sevməzdi, əruzun  anasıydı. Heca şairlərini qəbul eləməzdi.

 

Başının dəstəsi varıydı Həkim Qəninin, Ələkbər Şahid, Hacı Ələmdar, Ənvər Nəzərli, Şahin Fazil,  bir də əruzçu gənc şairlər, İlqar Fəhmi, Arif Buzovnalı,  bir az da  kənardan  heca şairlər, yəni bizlər, Böyükxan Pərviz, Şərif Ağayar, Faiq Balabəyli, Həyat Şəmi  və başqaları...

 

Həkim Qəni elə həqiqi həkimiydi, fəxr eləyirdi ki, Əlağa Vahidin həkimi olmuşam, onu müharibədən xəstə olduğuna görə mən azad elətdirmişəm. Bir deməzdi, beş deməzdi.

 

Füzulunu  əla bilirdi Həkim Qəni. Hər beytini deyəndən sonra  əlini əlinə  çırpıb,  dərindən nəfəs alıb deyirdi. Pah atonnan, evinəcən... Bu “evinəcən” sözünün mənasını heç vaxt anlamadıq.

 

Bir gün məclisin şıdırğı yerində... O yerində ki,  zal adamla dolu. Mürəbbəli  çay stollarda... Həkim Füzulinin  bir beytini açmaqda, göyün yeddinci qatında... izah izah gətirir. Həkimin əli də, gözü də göydə, heç birini yerə  endirə bilmir. Hər şey göydə dolaşıb. Elə bu zaman dostlarının  biri arxadan gəlib həkimin qulağına deyir ki, İrandan cavanlaşmaq üçün təzə dərman gətiriblər. Həkim əllərini də, gözlərini də və elə Füzulinin  o açılmayan beytini də  göyün yeddinci qatında qoyub özünə  məxsus bir tərzdə, qalın səslə: 5 dəqiqə fasilə – deyir, gedir dərman gətirənin yanına.

 

Məclis vaxtı kənarda əyləşib həkimin şirin söhbətlərinə böyük maraqla qulaq asardı xalq artistləri Arif Babayev, Canəli Əkbərov, Əlibaba Məmmədov, Habil Əliyev  və   sonra tarçılar,  nağaraçılar, zurnaçılar...

 

Əruzu yaxşı bildiyi üçün  hərdən  həkimə Əlibaba Məmmədov söz atardı, həkim də qayıdardı, nə qayıdardı, izahı izah gətirərdi... Yenə bir deməzdi, beş deməzdi...

 

Həkim Qəni  həmişə mənimlə  mübahisə edərdi... Dava da bu idi ki, gərək sən qəzəl yazasan, mən də  deyirdim,  başımı kəs, yaza bilmərəm. Bir dəfə birini yazdım, onda da Həyat Şəmi dedi ki, sən o qəzəli  oxuyanda mən ağladım.  Yəni sən o qədər heca şairisən ki, qəzəl sənə yaraşmır. Nəsə sözüm bunda yox.

 

Hecaçılar məclisdə  məsələ qaldırdılar ki, mən Həkim Qəninin  heca şeiri üzrə  müavini olum. Oldum da. Keçib Həkim Qəni ilə əyləşdim yuxarı başda. Əruz şairlərinin diqqəti Həkim Qənidə, hecaçıların gözü də  məndə.

 

Həkim Qəni heca şeirləri haqqında  ancaq bir kəlmə deyirdi: Burda poeziya vardır. Vəssalam, yəni əruz, ritm-zad yoxdur. Mənim da  əruz  şeiri  haqqında  bir fikrim olardı: Yeni fikir yoxdur  və ya zəifdir. Ərəb-fars tərkibləri ilə doludur.

 

Təbrizdən,  Tehrandan  fars dilinin   göbəyindən gələnlər, xalis Azərbaycan dilində qəzəl oxuyurdular, bizimkilər, Bakı kəndlərindən gələnlər isə  ərəb-fars tərkiblərindən xilas ola bilmirdilər.

 

Bir dəfə necə oldusa, Həkim Qəni heca şairlərinin  üstə qışqırdı. Gördü, mən pis oluram. Yavaşca qulağma dedi ki, Qəşəm, ürəyinə başqa fikir gəlməsin, mən əruzla heca arasında  kontakt yaradıram, kontakt...

 

Sonralar mən Həkim Qəni ilə barışdım. Əruzla heca barışdımı, xəbərim olmadı...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR